Banqladeşdə məşhur Tac-Mahalın surətinin tikintisi başa çatır. "BBC News"un verdiyi məlumata görə, tikintiyə banqladeşli kinorejissor Asanulla Moni rəhbərlik edir. Tac-Mahalın surəti paytaxt Dəkkədən bir neçə saatlıq məsafədə olan kiçik Sonarqaone şəhərində tikilir. Tikinti üçün bəzi materialları digər ölkələrdən gətirmək lazım gəlib. Məsələn, mərmər və qranit İtaliyadan, almazlar isə Belçikadan gətirilib. Tac-Mahalın surətinin hazırlanmasına artıq bu günə qədər 58 milyon dollar xərclənib.


Hindistandakı Tac-Mahalın tikintisində 20 min adam çalışıb və tikinti 20 il davam edib. Asanulla Moni isə müasir texnologiyaların köməyi ilə tikintini bir neçə yüz nəfərlə bir yerdə 5 ilə başa çatdırır. Moni bildirib ki, o, Tac-Mahalın surətini Banqladeş sakinləri üçün yaradır. Bundan sonra banqladeşlilər ölkəni tərk etmədən dünyanın ən məşhur və ən gözəl arxitektura əsərlərindən birinə tamaşa edə biləcəklər.
Qeyd edək ki, həqiqi mərmər Tac-Mahal Böyük Moğol imperatoru Şah Cahanın əmri ilə XVII əsrin ortalarında həyat yoldaşı Mumtaz-Mahalın xatirəsini əbədiləşdirmək üçün tikilib. Bu arxitektura abidəsi YUNESKO-nun Ümumdünya İrs obyektləri sırasına daxildir.