Amerika Kino Akademiyasının prezidenti Sid Qeynis və aktyor Forest Uitaker 2008-ci il üçün “Oskar” mükafatı nominantlarının siyahısını açıqlayıblar. Siyahıda nominasiyaların sayına görə “Bencamin Battonun sirli hekayəsi” filmi üstünlüyü ələ alıb. Film 13 kateqoriya üzrə mükafat uğrunda mübarizə aparır. “İlin ən yaxşı filmi” kateqoriyasında əsas mükafata “Frost Niksonun əleyhinə”, “Harvi Milk”, “Gecəqondudan olan milyonçu”, “Bencamin Battonun sirli hekayəsi”, “Oxucu” filmləri namizəd göstərilib.
“Ən yaxşı rejissor” nominasiyasında Devid Finçer (“Bencamin Battonun sirli hekayəsi”), Denni Boyl (“Gecəqondudan olan milyonçu”), Ron Hovard (“Frost Niksonun əleyhinə”), Stiven Doldri (“Oxucu”), Has Van Sentin (“Harvi Milk”) yarışacaq.

“Ən yaxşı kişi rolu” nominasiyasında aktyorlar Riçard Ceknis (“Ziyarətçi”), Frenk Lanqella (“Frost Niksonun əleyhinə”), Şon Penn (“Harvi Milk”), Bred Pitt (“Bencamin Battonun sirli hekayəsi”), Mikki Rurk (“Döyüşçü”), “Ən yaxşı qadın rolu” nominasiyasında isə müvafiq olaraq Enn Hetuey (“Reyçel ərə gedir”), Ancelina Coli (“Dəyişmə”), Melisa Leo (“Donmuş çay”), Meril Strip (“Şübhə”), Keyt Uinslet (“Oxucu”) mübarizə aparacaqlar.