"Warner Bros." kinokompaniyası özünün ən məşhur qəhrəmanlarını yenidən "diriltmək" qərarına gəlib. "Variety" xəbər verir ki, söhbət məşhur "Tom və Cerri" cizgi serialının böyük ekrana qaytarılmasından gedir.
Güman edildiyinə görə, tammetrajlı film qəhrəmanların ilk tanışlığı, onların ilk toqquşması, Çikaqo küçələrində itəndən sonra ilk məcburi barışıqları və evlərinə qayıtmaq üçün necə birgə səy göstərdikləri barədə özünəməxsus prikvel olacaq. Film üzərində iş zamanı müasir texnologiyalardan geniş istifadə ediləcək.

Bu, "Warner Bros." üçün cizgi filmi qəhrəmanları və canlı personajların birləşdirilməsi ilə bağlı ilk sınaq deyil. Bundan əvvəl kinokompaniya Skubi-Du adlı it barəsində analoji film çəkib. Həmin filmin bütün dünyada qazandığı vəsait 400 milyon dolları ötüb.