Arxeoloji qazıntıların ənənəvi üsulları misirşünaslara qədim yaşayış məntəqələrinin ümumi sayının ancaq 1 faizini tapmağa imkan verib. Alabama universitetinin alimi, araşdırmaçı Sara Parkak hesab edir ki, yerdə qalan 99 faizi kəşf etmək üçün hələ uzun illər tələb olunur. CNN telekanalı qeyd edir ki, 2003-2004-cü illərdə Sara Parkakın səyi ilə əvvəllər heç bir yerdə qeyd edilməyən 83 yeni obyekt kəşf edilib. Parkak peyk çəkilişlərinin analizi ilə məşğul olur. Sonra o, məlumatları ya Misirin qədim abidələr üzrə Ali Şurasına verir, ya özü kəşfiyyat işlərində iştirak edir, ya da misirli həmkarlarından məlumat əldə edir.

Parkakın tədqiq etdiyi peyk çəkilişləri ona əvvəllər çox az məlum olan kiçik obyektlərdəki binaların yerini dəqiqliklə söyləməyə imkan verir. Əhalisi 82 milyon nəfərə çatan Misirdə arxeoloji obyektlərin uzaq məsafədən axtarışı üsulu çox aktualdır. Çünki ölkədə tikintinin həcmi daim artır və yeni ərazilər zəbt olunur. Hazırda Misir hökuməti Nil çayının cənub hissəsinə böyük maraq göstərir.