Cim Kerri və Ceyk Hillenhaal «Şeytan yankilər» adlı müzikldə oynayacaqlar. «Variety»nin məlumatına görə, müzikli «New Line Cinema» studiyası çəkmək niyyətindədir. Filmin əsasında 1955-ci ildən Brodveydə oynanılan və 7 «Toni» mükafatına layiq görülən eyniadlı müzikl durur.
   Süjet Co Boyd adlı adamın ətrafında cərəyan edir. O, sevimli beysbol komandasına kömək etmək üçün şeytanla müqavilə bağlayır. Nəticədə ortalığa komandanı qələbəyə apara biləcək Co Hardi adlı oyunçu çıxır. Boydun dünya çempionatının final hissəsində razılaşmanı pozmaq şansı yaranır. Amma o, təkcə oyun ehtirası ilə deyil, şeytanın onu yoldan çıxarmaq üçün göndərdiyi cazibədar Lola adlı qıza sevgisi ilə də mübarizə aparmalıdır.
   Kerriyə şeytan rolu qismət olub. Hillenhaal isə Boydu oynayacaq. Bu, hər iki aktyor üçün ilk ekran müzikli olacaq.