Məşhur Hollivud aktyoru Ron Silver 63 yaşında vəfat edib. «Fox» telekanalının məlumatına görə, Silver son 2 il ərzində mübarizə apardığı xərçəng xəstəliyindən ölüb. Onun yatdığı və bir daha ayılmadığı bildirilir.
   
   Ron Silver 1946-cı ildə Nyu-Yorkda doğulub. Baffalo Universitetini bitirib, ispan və Çin dillərini öyrənib. Sonra Sent-Cons Universitetini Çin tarixinin magistri dərəcəsi ilə başa vurub. Bundan sonra Tayvanda Çin mədəniyyəti kollecində də oxuyub.
   Silverin səhnədə ilk debütü 1976-cı ildə baş tutub. Onun iştirak etdiyi «Tunnel Vision» filmi böyük uğur qazanıb. Silver karyerası ərzində 70-dən çox rolda oynayıb. Ən məşhur filmləri «Əli», «Gəlmə», «Uzun çəkən tullanış», «Silkvud», «Taleyin tərs üzü» və başqalarıdır.
   Aktyor iki dəfə «Emmi» mükafatına namizəd göstərilib. Onların arasında ABŞ prezidentinin müşaviri rolunu oynadığı «Qərb qanadı» filmi də var. Maykl Murun «Farenqeyt 9/11» sənədli filminin səsləndirilməsində iştirak edib.
   Aktyor ölkənin siyasi həyatında da aktiv iştirak edirmiş. Onun keçmiş prezident Corc Buşla çox yaxın münasibətləri olduğu məlumdur. Lakin Silver demokratların siyasətinin tərəfdarı olub.