Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Mariya Şarapova onun haqqında çəkiləcək serialın icraçı prodüseri olacaq. “GoTennis”in verdiyi məlumata görə, filmin çəkilişləri tezliklə MTV telekanalında başlayacaq.
   Gənclər arasında populyar telekanalın rəhbərliyi artıq Mariyanın özü, agentləri və ssenaristlərin təklif etdikləri ssenari konsepsiyasına razılıq verib. Amma əvvəlcə teleserialın pilot versiyasını çəkmək lazım gələcək.
   Şarapova bundan əvvəl “CW Network”la anlaşıb. Lakin o zaman planın həyata keçirilməsinə ssenaristlərin qiyamı mane olub. Hazırkı film rusiyalı tennisçinin həyatındakı real hadisələr üzərində qurulub. O, öz tərcümeyi-halını və az tanınan Sibir şəhərciyində doğulan qızın dünyanın ən güclü tennisçisi olmasının sirrini açıqlayacaq. Hər seriya 1 saatadək davam edəcək.