Azərbaycan Yazıçılar Birliyində müasir türk şeirində özünəməxsus yaradıcılığı ilə seçilən mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun nəslindən olan Yeşim Ağaoğlu ilə görüş keçirildi. Yeşim xanımla oxucular tanışdırlar, çünki kitabları Azərbaycan dilində xeyli əvvəl nəşr olunub. Tədbirin təşkilatçısı və aparıcısı Səlim Babullaoğlu şairənin dilimizə çevirdiyi şeirlərini oxudu və yaradıcılığı haqqında danışdı. Daha sonra Yeşim xanım tanış olmaq üçün tədbirdə iştirak edən şairlərin - Qulu Ağsəs, Fərqanə Mehdiyeva, Rəbiqə Nazimqızı və b. şeirlərini dinlədi. Tədbirin sonunda isə Yeşim Ağaoğlu iştirakçılara öz kitablarını hədiyyə etdi. Mən onun “Eflatun sır” kitabından danışmaq istəyirəm.
   
   Yeşim xanım “Eflatun sır” adlı kitabını çox qısa avtoqrafla mənə hədiyyə etdi. İlk baxışdan kitabın sadəliyi məndə heyrət doğurdu. Əlli iki səhifəlik kitabda Yeşim xanımın qısa tərcümeyi-halı və elektron poçtu verilib. Kitabda müəllifin şəkli yoxdur, istənilən şəxs həmin vasitələrlə müəlliflə əlaqə yarada bilər. Yeşim xanım kitabdan müəllifin reklamı kimi istifadə etmir. Müəllif haqqındakı məlumatsa yalnız yaradıcılığı və ədəbiyyata dəxli olan məsələlərdəndir. Bizim şair və yazıçılarımızın kitablarında hələ sadəlik görünmür.
   Kitabda verilmiş “Yalnızlıq dörtnala” şeir daha çox xoşuma gəldi. Şeir lakonikliyinə poetik səviyyəsinə və məzmununa görə çox təsirlidir.
   
   ata binər kimi biniyorum
    yalnızlığıma
   dört nala yalnızlığıma
   anlaşıldı anlaşıldı
   həp sənin şəhrin güzəl
   və bən hiç olmadım oralarda
   
    Birinci şeirdəki təşbeh uğurlu və mütləqləşdirilmiş şəkildə verilir. Son iki misrasa ona görə maraqlıdır ki, görmədiyin yerlər xəyallardır. Sevdiyi insanın olduğu yersə onunçün - obrazçün xəyalən (bəlkə də, real) gözəldir.
   “Dörtnala ağlamaq” şeiri nisbətən pessimist ruhda yazılıb. Şeirin metafizikası, fəlsəfəsi həyatla üz-üzə dayanır və ən əsası həyatın özünü ifadə edir. Belə ki, ilklər yaranışın özülüdür. Sonlarsa ilklərin davamı, yəni onları bitməyə qoymayan qüvvə, xatirələrin unudulmayacağına zəmanətdir.  

   çay içdiğim bardağı 
   yıkadım az öncə
   keşke dedim kolay olsa
   anıları da bu denli yıkamaq
   

   Qadın bardağı yumağa qorxur, çünki bardaqdakı dodaq izləri - son xatirələr yuyulacaq. Əslində insan oğlunun daim unudulmaq və son xatirələri itirmək qorxusu, izaholunmaz eqoizm hissi var. Məsələn, şəkil çəkdirəndə ilk andaca qeyri-ixtiyari olaraq şəkildə özümüzə baxırıq. İnsan oğlunun məlum qorxusu onu nələrisə saxlamağa vadar edir. Yeşim xanım sadə üsulla böyük fəlsəfədən danışır. Amma filosofluq etmir.
   Digər bir maraqlı şeir “Tabula rasa” şeiridir. Müasir türk şeiri çox doğal məişət sözlərinə - həyata keçir. Və son on ilin şeirləri ilə əvvəlki illərdən fərqlənir, artıq fərqli bir mövqeyə müəyyənləşmiş istiqamətə malik olduğunu isbat eləyir.
   
   kəndimi kusmak istiyorum
   bir başka beyin, bir başka kafa
   ya da öylesinə tabula rasa
   

   Şeirdəki “kəndimi kusmak istiyorum” ifadəsi mətnin poetikası baxımından çox maraqlıdır. Birinci, şeir ümumi məğzini faş etmir. Yəni oxucunu düşündürməyə vadar edir. İkinci, bezən insanın özündən qaçmaq hissinin ən orijinal bədii həllidir. Üçüncüsü, “özümdən qaçmaq” istəyirəm kimi yaza biləcəyi misranı Yeşim Ağaoğlu tam ayrı aspektdən izhar eləyir. Çoxluğa yox, təkə tərəf gedir. Bu məzmun poeziya və prozamızda da var. Ramiz Rövşənin “Gedək biz olmayan yerə” şeirinə nəzər salaq:
   Bu Ramizi kim aparar?
   Bu Ramiz olmayan yerə
.
   Özündən qaçmaq istəyən insanın özündən qaçmaq “ niyyəti” əks olunur. Yaxud Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin əvvəlində Atlantik okeanın sahilində dayanan Zaur gəldiyi bu yerin mənasızlığını anlayır. Başa düşür ki, özündən qaça bilməz. Bakıda da olsaydı beynindəki fikirlər onu rahat buraxmayacaqdı, o, özü-özündən qaça bilməz. Yeşim xanımsa başqa aspektdən eyni problemə - insan özünə təslim olur - çox uğurla yanaşmışdır.
   “Buralardan gidiyorum” şeiri xanım yazarın özünü tanıma və dərk məsələsinə toxunur.
   buralardan gidiyorum
   kimsə bilməz ama
   bu ən böyük kahramanlıq

   Biz, adətən özümüzü qoruyacağımız nəsnələr haqqında belə deyilik : “nə yaxşı ki, etmədik”. Amma “nə yaxşı elədik” ifadəsini çox az halda deyirik. Çünki çarəsizlik insanda həm də qorxu yaradır, qorxu insanın özünün də istəmədiyi şeyləri ortalığa çıxarır. Falesin çox müdrikanə bir fikri var: “Dünyada ən asan iş başqalarına məsləhət vermək, ən çətin iş isə özünü tanımaqdır”. Yuxarıdakı misrada getməyinin səbəbini və xeyrini anlayan obraz özünü dərk edir, qəhrəmanlığını anlayır. Təbii ki, çarəsizliyin “köməyi” ilə.
   “Eflatun sır” konseptual poeziyanın, oxucuya hərtərəfli düşünmək imkanı verən, həyat fəlsəfəsiylə poeziyanın görüşdüyü məkandır. Yeşim Ağaoğluna gözəl ömür və yaradıcılıq uğurları arzulayıram.
   
   Fərid Hüseyn