İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib. Dövlət başçısı Qəbələ şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət edib. Prezident həmçinin Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olub.
   
   Sonra dövlət başçısı Qəbələdə “Qafqaz Riverside” hotelinin açılışında iştirak edib.
   Prezidentə məlumat verilib ki, 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu hotel “Gilan Turizm” şirkətinə daxil olan ən böyük layihələrdən biridir. 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel və aksessuarlardan istifadə olunub. Burada 96-sı “Superior”, 12-si “Junior suit”, 6-sı “Deluks suit”, 4-ü “Dubleks suit” və 5-i “Kral suit” olmaqla, cəmi 123 nömrə var.
   Hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunub. Ailəvi istirahət üçün ideal şəraitə malik olan kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilib. Hotelin qonaqları gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də faydalana bilərlər. Burada 300 nəfərlik yeməkxana və sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir.
   Restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada bilərlər. Bundan əlavə, zəngin çeşiddə şirniyyat guşəsi də qonaqların xidmətindədir. Konfrans, iclas, seminar, təqdimat mərasimlərinin keçirilməsi üçün burada 25 nəfərlik iki və 150 nəfərlik bir iclas zalları var. Hoteldə sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq və örtülü hovuz, idman zalı da yaradılıb. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulmamışlar, onların əylənməsi üçün oyun meydançası inşa olunub.
   Prezident həmçinin Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olub.