Bakı Kitab Klubu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik «Dünya Ədəbiyyatı Kitabxanası» seriyasına daxil olan kitabların abunə yazılışına start verib. Qeyd edək ki, kitablar nəfis tərtibatda və yüksək poliqrafik keyfiyyətdə "Şərq-Qərb" mətbəəsində yeni tərcümə və yeni redaktə ilə nəşr olunur. İlk 6 cild bu ay işıq üzü görəcək. Tirajı məhdud olan kitabların birinin qiyməti 7 manatdan baha deyil. Abunə müddəti 2 ildir. Hər kitabın haqqı çatdırılma zamanı ödənilir. Abunə rəsmi anket və çeklə sənədləşdirilir. Ümumiyyətlə, abunənin cəmi məbləği 2 ildə 1000 manat təşkil edəcək. Seriyaya abunə yazılmaq üçün abunə vərəqi düzgün doldurulmalı və 20 manatdan az olmayaraq beh ödənilməlidir. Ödənilmiş beh ümumi məbləğə daxildir. Kitablar çapdan çıxdıqca abunəni aparan təşkilat bu barədə abunəçiyə telefon və ya məktubla xəbər verir.
   Abunəçi kitabların ona çatdırılması üsullarını seçə bilər. Poçt və ya kuryerlə çatdırılma haqları müqaviləyə daxil deyil və kitablar gətirilən vaxt ödənir. Abunə üçün Kitab Klubuna müraciət etmək olar.
   
   Səbuhi