Qazaxıstanda aşkarlanan geoqliflər alimlərin marağına səbəb olub

Əslən Qazaxıstandan olan amerikalı alimlər - ABŞ-ın Pittsburq Universitetinin əməkdaşı Şalkar Adambekov və professor Ronald Laporte öz amerikalı həmkarlarını Qazaxıstan çöllərindəki geoqlifləri tədqiq etməyə çağırıblar.
Geoqliflər dünyanın müxtəlif guşələrində aşkar edilib. Lakin Qazaxıstan çöllərindəki geoqliflərin fərqli cəhəti ondan ibarətdir ki, onlar quş və ya başqa canlı təsviri deyil, nəhəng həndəsi fiqurlardır. Bəzilərində diametri 94 metrə çatan, üçguşəli svastika təsvir edilib. Hələlik 50-yə yaxın qazax geoqlifi aşkar edilib, lakin onların dəqiq təyinatı hələ məlum deyil. Ehtimal ki, qədim insanlar bu yolla tanrılara və ya başqa planetlərdən gələn canlılara nə haqdasa siqnal vermək istəyiblər.
Laportenin fikrincə, hər halda, qədim insanlar çox böyük ölçülü və yüksək dəqiqlikli belə torpaq təpələri ucaldılmasına bu qədər qüvvə sərf ediblərsə, deməli, bunun bir əsası olub. Maraqlıdır ki, geoqliflərlə bağlı hər hansı miflər və ya əfsanələr yoxdur, hərçənd keçmişin sədası bir qayda olaraq nağıl və rəvayətlər şəklində zəmanəmizə gəlib çatır.