Ən zəngin mərhumların siyahısı açıqlanıb

“Forbes” jurnalı həyatda olmasalar belə, pul qazan(dır)maqda davam edən ən zəngin məşhurların siyahısını tərtib edib. Söhbət ulduzların ailələrinin hesabına yatırılan müəllif köçürmələrindən gedir.

Siyahıda bu ilin lideri Maykl Cekson olub. 2009-cu ildə vəfat edən pop-musiqisinin kralı 2015-ci ildə 115 milyon dollar qazandırıb. Ceksonun lent yazıları əla satılır, “Michael Jackson One” şousu isə hələ də populyarlığını itirməyib. Bundan başqa, Ceksonun şərik olduğu “Mijac Music” və “Sony/ATV” kompaniyaları musiqiçinin ailəsinə xeyli miqdarda köçürmələr edir.
Qeyd edək ki, amerikalı müğənni Maykl Cekson sağlığında 13 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomların tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb. 2013-cü ildə Maykl Ceksonun qazandırdığı pul rekord həcmdə (160 milyon) olmuş və hazırda sağ olan bir çox ulduzların (o cümlədən 125 milyon dollar qazanan Madonnanın) gəlirlərini üstələmişdi.
Reytinqdə ikinci yerin sahibi 1977-ci ildə vəfat edən Elvis Preslidir. O, 2015-ci ildə 55 milyon dollar qazandırıb.
Ən imkanlı mərhumlar siyahısında ilk üçlüyü karikaturaçı-rəssam Çarlz Şults tamamlayır. Snupi küçüyü və onun sahibi Çarli Braun barədə çəkilən “Peanuts” komiksinin müəllifinin irsi il ərzində 40 milyon dollar gəlir gətirib.
“Forbes” jurnalının versiyasına görə, ən zəngin mərhum məşhurlar siyahısında növbəti yerlər aşağıdakı kimi düzülüb: Bob Marli (21 milyon dollar); Elizabet Teylor (20 milyon dollar); Merlin Monro (17 milyon dollar); Con Lenon (12 milyon dollar); Albert Eynşteyn (10,5 milyon dollar); Betti Peydj (10 milyon dollar).