Yanvarın 9-da Riqada ingilis yazıçısı Artur Konan Doylun məşhur qəhrəmanı olan Şerlok Holmsun doğum günü qeyd ediləcək. Həm Latviya sakinləri, həm də müxtəlif ölkələrdən gəlmiş turistlər arasında populyarlıq qazanan bu mərasim beşinci dəfə qeyd olunur.
Bununla əlaqədar mühüm tədbirlərdən biri artistlərin Konan Doyl qəhrəmanlarının geyimində çıxışı olacaq. Builki yubileyə Şerlok Holmsun müxtəlif ölkələrdən olan həmkarları: ingiltərəli həvəskar detektiv miss Marpl, Parisdən komissar Meqre, rusiyalı xəfiyyə Erast Petroviç Fandorin, katolik keşiş-detektiv Braun və belçikalı detektiv Erkyul Puaro da gələcəklər.
Mərasim çərçivəsində ən yaxşı Holms, ən yaxşı personaj (Vatsondan və missis Hadsondan başlamış məşhur detektivlərə, məsələn, Puaro və ya Fandorina qədər), ən yaxşı dördayaqlı dost obrazı, ən yaxşı uşaq obrazı, bayramın ən yaxşı bığı və saqqalı, ən yaraşıqlı centlmen nominasiyalarında müsabiqələr də nəzərdə tutulub.