Dünyaca ünlü yapon memarı Kenzo Tange XX əsrin ən görkəmli sənətkarlarındandır. O, modernizmlə ənənəvi yapon memarlığını birləşdirərək özünəməxsus yeni memarlıq üslubu yaradıb. Memarın layihələndirdiyi tikililər dünyanın beş qitəsində ucaldılıb. K.Tange 1987-ci ildə memarlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan Pritsker mükafatının qalibi olub.

K.Tange 1913-cü ildə Yaponiyanın Sakayi şəhərində anadan olub. Hələ məktəbli olduğu dönəmlərdə o, məşhur memar Le Korbuzyenin kitablarından təsirlənir və memar olmağa qərar verir. 1935-ci ildə Tokio Universitetinin mühəndislik fakültəsinə daxil olan K.Tange burada memarlıq sahəsində ali təhsil alır. Təhsilini başa vurandan sonra isə o, Kunio Maekava adlı qurumda işə başlayır. Bir necə il burada işlədikdən sonra Tokio Universitetinin magistraturasına qəbul olur. 1946-cı ildə universitetdə assistent kimi fəaliyyətə başlayan gənc memar öz laboratoriyasını yaradır. 1963-cü ildə isə şəhər mühəndisliyi və şəhərsalma ixtisası üzrə professor adını qazanır. Tangenin tələbələri arasından onun memarlıq üslubu və fəlsəfəsini davam etdirən Saçio Otani, Kişo Kurokava, Arata İsozaki və Fumihiko Maki kimi nüfuzlu memarlar da yetişib.
1949-cu ildə, Yaponiyada Xirosima şəhərinə atom bombasının atılmasından 4 il sonra xatirə kompleksinin yaradılması ilə bağlı tender keçirilir. Kenzo Tange tenderin qalibi olur və Xirosima Sülh Xatirə Parkının layihələndirilməsinə başlayır. Parkın dizayn elementləri arasında isveçrəli memar Le Korbuzyenin də təsiri görünürdü.
Memar 1961-ci ildə “Kenzo Tange və ortaqları” şirkətini yaradır. Az keçmir ki, o, bütün dünyada məşhurlaşmasına səbəb olacaq layihəyə imza atır. Yaponiyanın Tokio şəhərində 1964-cü il Yay Olimpiya Oyunları üçün nəzərdə tutulmuş Yoyoqi İdman Kompleksini inşa edir. Sonradan bu kompleks XX əsrin ən gözəl dizayn edilmiş komplekslərindən biri adını qazanır.
Tangenin məşhur layihələri arasında 1960-cı ilə aid Tokio şəhərinin bütünlüklə yenidən qurulması ilə bağlı baş plan da var. Bunun həyata keçirilməsi bütünlüklə mümkün olmasa da, planın mövcudluğu dünya memarlarının yeni ideyalar qaynağına çevrilib.
Böyük memarın əsərlərinə dünyanın bir çox ölkəsində rast gəlmək mümkündür. Onun layihəsi əsasında ABŞ, Sinqapur, Bəhreyn, Nigeriya, Makedoniyada gözəl binalar ucaldılıb. 91 il ömür sürən görkəmli memar 2005-ci ildə vəfat edib.

S.Qaliboğlu