Avqustun 26-da İstanbulda Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi keçiriləcək. Bosfor körfəzi üzərində inşa edilən üçüncü körpünün açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müxtəlif ölkələrdən qonaqlar iştirak edəcək. Tədbirə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də qatılacaq.
IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 2 164 metrdir. Körpü dünyanın ən geniş və uzun rels sisteminə malik asma körpüsü olacaq. Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Körpünün tikintisinə 3 milyard dollar vəsait xərclənib.