UNESCO-nun Dünya irsi siyahısında yer alan məkan 2 min kilometrədək uzanır

UNESCO-nun baş direktoru İrina Bokova ABŞ Prezidenti Barak Obamanın Havayda (ABŞ) Papahanaumokuakea dəniz mühafizə zonasının genişləndirilməsi barədə qərarını alqışlayıb.
Beləliklə, UNESCO-nun Dünya irsi siyahısında yer alan bu məkan dünyanın ən böyük təbii qoruğuna çevrilib. UNESCO-nun rəhbəri bildirib ki, bu qərar bəşər həyatında okeanın, onun flora və faunasının mühüm rolunu yada salır.
Papahanaumokuakea dəniz qoruğu zəngin biomüxtəlifliyinə görə 2010-cu ildə UNESCO-nun siyahısına daxil edilib. Arxipelaqın ərazisində dünyada balıqların məlum növlərinin beşdə bir hissəsi yaşayır. Qoruq təbiət və mədəniyyət arasında dərin əlaqələri müşahidə etməyə imkan yaradır, havaylılar üçün insan və təbiət arasında qohumluq konsepsiyasının təcəssümü kimi kosmoloji məna daşıyır.
Qoruq ərazisində avropalıların gəlişindən əvvəl burada əkinçiliklə məşğul olan insanların yaşaması barədə arxeoloji sübutlar əldə edilib.
Papahanaumokuakea cənub-şərqdən şimal-qərbədək təxminən 2 min kilometr uzanır. Mühafizə edilən bölgənin ərazisi dörd dəfə artırılıb.