Oktyabrın 6-9-da Türkiyənin İstanbul şəhərində III Beynəlxalq qəhvə festivalı keçiriləcək. İstanbulun tanınmış qəhvə mağazaları və 200-dən çox qəhvə markasının iştirak edəcəyi builki tədbir “Küçükçiftlik” parkında "Şəhərin qəlbində” devizi ilə gerçəkləşəcək.
Ötən il baş tutan ikinci festival 25 mindən çox ziyarətçi ilə Türkiyənin ən böyük qəhvə şöləni kimi yaddaşlarda qalıb. Bu tədbir eyni zamanda Avropanın da ən böyük qəhvə festivalı ünvanına sahibdir.
Festivalda Norveç, Almaniya, El Salvador, Yunanıstan, İngiltərə və ABŞ-dan da qəhvə mütəxəssisləri iştirak edəcək, ustad dərsləri təşkil olunacaq. İştirakçılar fərqli qəhvə dəmləmə üsullarını öyrənmək şansı əldə edəcəklər.