Ataların bir məsəli dəfələrlə həyatda öz həqiqiliyini təsdiq edib: ”Üç şey adama məhəbbət gətirər - mədənilik, təvazökarlıq, mülayimlik”. İsmayıllı rayonu Mədəniyyət evində mədəni-təşkilatçı vəzifəsində çalışan Sahibə Abbas qızı Abdullayevanın şəxsində məhz bu xüsusiyyətlər vəhdət təşkil edir.
   
   O, 1974-cü ildən rayon Mədəniyyət evində işləyir. Həvəskar müğənni kimi ilk addımlarını “Niyal” bədii özfəaliyyət kollektivində atıb, 1975-ci ildə mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən “Avtokluba” müdir təyin olunub. Kənd zəhmətkeşləri qarşısında səyyar konsert proqramları təşkil edərək məlahətli səsi ilə onların asudə vaxtlarının səmərəli təşkilinə nail olub.
   Sonra Mədəniyyət evində həvəskar teatrda çalışıb. C.Cabbarlının “Solğun çiçəklər”indəki Sara obrazı teatrda ilk uğuru olur. “Aydın”, “Unuda bilmirəm”, “Qız atası”, “Yadındamı” və bir sıra tamaşalarda baş rolları bacarıqla ifa edib. Dram kollektivinin “Xalq teatrı” adı almasında onun da əməyi olub.
   Sahibə xanım ifaçılıq qabiliyyətini inkişaf etdirərək Rəşid Behbudov, İslam Rzayev, Sara Qədimova, Səxavət Məmmədov və digər sənətkarlarla bir səhnədə konsert proqramlarında çıxış edib. Sahibə xanım rayonda gənc istedadların seçilib üzə çıxarılmasında öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirir, öz təcrübəsini gənc ifaçılara böyük həvəslə öyrədir.
   Sahibə xanım mətbuatda da maraqlı yazılarla çıxış edir, Lahıc “Folklor qrupu”nun fəal üzvü olmaqla qədim və müasir mahnı nümunələrinin yenidən üzə çıxarılmasına səy göstərir.
   Sahibə Abdullayevanın işgüzarlığı Mədəniyyət və Turizm Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə qiymətləndirilib.
   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə ölkə prezidentinin imzaladığı sərəncama əsasən “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Sahibə Abdullayeva da var. Bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
   
   Təhmuraz Bayramov,
   İsmayıllı RME-nin direktoru