Azərbaycan dünyada ən qədim kitab nişanlarının vətənidir
   
   Kitab nişanlarının indiki müasir adı - “ex libris” sözü latınca “kitablarından” mənasını verir. Əllə çəkilmiş və yaxud qravür-çap üsulu ilə hazırlanmış ilkin ekslibrislərin dəqiq yaranma tarixi məlum deyil. Qərbi Avropa və Rusiya tədqiqatçıları ekslibrisin hələ XV-XVI əsrlərdən başlayaraq bir çox məşhur rəssamların yaradıcılığında geniş yayıldığını qeyd edirlər.

   
   1490-cı ildə Solovets monastrına məxsus kitabxananın əsasını qoymuş Dosifey üçün hazırlanmış və ancaq hərflərdən ibarət olan nişan ən qədim rus ekslibrisi sayılır. XVI əsrin məşhur sənətkarları olan Dürer və Holbeynin çəkdikləri nümunələri isə Avropa məkanı üçün qədim kitab nişanı hesab etmək olar.
   Bir çox tədqiqatçılar Avropanı ekslibrisin vətəni kimi təqdim etsələr də, əslində təsviri sənətin qrafika növünə aid edilən bu janr Şərqdə daha qədim zamanlarda yayılmışdır. Şərq sənətkarlarının gözəl xətlərlə yazdıqları qədim əlyazmalarında da əllə çəkilmiş kitab nişanlarına rast gəlinir. Təəssüf ki, bu məsələ ekslibrisi tədqiq edən alimlərin diqqətindən bir qədər kənarda qalıb.
   Aparılan araşdırmalara görə, Azərbaycanı da ən qədim kitab nişanlarının işləndiyi ölkələrdən biri hesab etmək olar. Bizim dövrə gəlib çatmış belə nişanlardan biri 1297-1299-cu ildə ibn Behtişinin Marağada azərbaycanlı sənətkarlar tərəfindən üzü köçürülmüş “Mənafi əl - heyvan” adlı əsərinə (əlyazması hazırda Nyu-Yorkda Morqanın kitabxanasında saxlanılır) çəkilmişdir. On iki guşəli ulduz formasında olan bəzəkli xonçanın içərisində gözəl xətlə kitab sahibinin adı - Şəmsəddin ibn Zuşəki yazılmışdır. Şəmsəddin Hülakilər hakimiyyətinin şöhrətli vəzirlərindən olmuş, dövrünün nüfuzlu alimi kimi tanınmış, şeirlər, risalələr yazmışdır.
   Daha qədim Azərbaycan kitab nişanlarının ilk variantlarını isə qiymətli daşlar və metallar üzərindəki təsvir və yazılardan ibarət olan nümunələri hesab etmək olar. Çünki ilk vaxtlar bu nişanlardan onun sahibləri müxtəlif məqsədlərlə yanaşı, kitabxanalarındakı kitabların onlara məxsusluğunu bildirmək üçün də nişan kimi istifadə etmişlər. Tarixçi alim Ə.Nuriyev “Qafqaz Albaniyasının sənətkarlığı tarixindən” əsərində qliptikadan söz açaraq qazıntılar zamanı üzəri insan və heyvan təsvirli daş nişanların tapıldığını bildirir.
   Qədim əlyazmaları üzərində olan şəxsi möhürlər və nişanlar Azərbaycan ekslibris sənəti tarixini öyrənmək üçün zəngin material verir. Onların əksəriyyəti zövqoxşayan gözəl xəttatlıq nümunələrindən və naxışlardan ibarətdir. Çox vaxt möhür-nişanları kitabın müəllifləri və onun üzünü köçürən xəttatlar, eləcə də kitabın sahibləri ekslibris əvəzinə işlədir, kitabların onlara məxsusluğunu təsdiqləyirdilər. Azərbaycanda şəxsi kitabxanaların sayının çoxalması ilə şəxsi möhürlərin - kitab nişanlarının da sayı artmışdır. Kolleksiyaçılar müxtəlif ölçülü və formalı, eləcə də gözoxşayan təsvirli möhür-nişanlar sifariş etməyə başlamışlar. Hələ qədim zamanlardan başlayaraq Marağa (XIII əsr, məşhur astronom Nəsrəddin Tusinin kitabxanası), Təbriz (XIII - XIV əsrlər, alim və dövlət xadimi Rəşidəddin Fəzlullahın kitabxanası), Ərdəbil (XV - XVI əsrlər, Şah İsmayıl Xətainin saray kitabxanası), Şamaxı (XII əsr, şair Xəqaninin əmisi Kafiyəddinin kitabxanası), Şuşa (XIX əsr, tarixçi və ədəbiyyatçı Bəhmən Mirzə Qacarın kitabxanası) və s. şəhərlərdə zəngin kitabxanaların olması Azərbaycanın kitab nişanlarının çoxəsrlik tarixə malik olduğunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, Rəşidəddin Fəzlullahın kitabxanasında 60 min, Nəsrəddin Tusinin kitabxanasında 400 min kitab olmuş, məşhur tarixçi Bəhmən Mirzə Qacar isə Şuşaya köçəndə özü ilə 95 dəvə yükü qiymətli əlyazması və kitab gətiribmiş. Bəhmən Mirzə Qacar kitabsevərlər arasında ən çox kitab nişanı olan şəxsdir, onun bizim dövrə 9 kitab nişanı gəlib çatmışdır.
   “Qurani-Kərim”in 1338-ci ildə Marağada üzü köçürülmüş (hazırda Dublində Çester Bittinin kolleksiyasında saxlanılır) nümunəsi yüksək bədii məziyyətlərinə görə diqqət çəkir. Ustad Abdulla ibn Əhməd Marağayi onun nəsx xətlə köçürülməsində və səhifələrinin bədii tərtibatında, ən başlıcası isə kitab nişanının çəkilməsində böyük sənətkarlıq nümayiş etdirmişdir. Əlyazmanın ilk səhifəsini orijinal biçimli - mərkəzini 6 guşəli ulduz, kənarlarını isə 12 yarpaqlı xonça təşkil edən ekslibris bəzəyir. Onun mərkəzində - bəzək elementləri arası boş sahələrə ustalıqla kufu xətlə “Qarşınızdakı Yaradan tərəfindən göndərilənə ancaq təmiz adamlar toxuna bilər“ kəlamı yerləşdirilmişdir.
   Şamaxılı sənətkar Əbdül Rəhman ibn Əbdül Əziz tərəfindən yazılan və hazırda İstanbulun Evkaf muzeyində saxlanan “Səadət kimyası” kitabındakı (XIV əsr) ekslibrisin bədii həllində nəbati naxışlardan istifadə olunub. Kompozisiyanı sifarişçi şahzadə Huşəngin kufi xətlə yazılmış adı tamamlayır.
   Vaxtilə Baysunqur Mirzənin kitabxanasını bəzəyən, indi isə Dublində Çester Bittinin kolleksiyasında saxlanan Sədi Şirazinin “Gülüstan” əsərinin 1426-cı ildə təbrizli Cəfər Təbrizi tərəfindən Heratda nəstəliq xətlə köçürülmüş nüsxəsində Baysunqur Mirzənin böyük zövqlə işlənmiş ekslibrisi var.
   Qaraqoyunlu dövlətinin qürub çağına yaxın - 1465-ci ildə Bağdadda yazılmış bir əlyazmasının titul səhifəsi əllə çəkilmiş əsas ekslibrisdən başqa müxtəlif şəxsi möhürlərlə də doludur. Bu da həmin “Divan”ın müxtəlif adamlara məxsusluğunu təsdiqləyir.
   Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının (XV əsrin əvvəlləri ) Təbrizdə Xəttat Əli ibn Həsən Sultani tərəfindən nəstəliq xətlə üzü köçürülmüş nümunəsinin titul vərəqini bəzəyən, qızılı rənglə işlənmiş xonça formalı ekslibrisi də yüksək sənətkarlıq nümunəsi hesab etmək olar. Kitab nişanı hazırda Vaşinqtonda Fririn sənət qalereyasında saxlanılır.
   XVI əsrdə Təbrizdə Xəttat Ələddin Məhəmməd Təbrizi tərəfindən nəsx xətlə yazılmış “Qurani-Kərim”in cildinin daxili tərtibatında kitabın Şah İsmayıl kitabxanasına məxsusluğunu bildirən nəbati naxışlı ekslibris vardır. Əlyazma Tehran kitabxanasındadır.
   XVII-XIX əsr Azərbaycan kitab nişanlarındakı bədii dəyişikliyi şahzadə Sultan Hüseynin (XVIII əsr), şair Mirzə Şəfi Vazehin (XIX əsr), Abbasqulu ağa Bakıxanovun (XIX əsr), məşhur sərkərdə Abbas Mirzə Qacarın (XIX əsr), salnaməçi Bəhmən Mirzə Qacarın (XIX əsr), Mirzə Fətəli Axundzadənin (XIX əsr) və b. kitabxanalarında saxlanılan əlyazmalarını bəzəyən nümunələrdən görmək mümkündür. Bu ekslibrislərdə əsasən yazılardan geniş istifadə olunmuşdur. Onların hamısı ərəb əlifbası ilə yazılmışdır.
   Kitablara xüsusi yaraşıq verən qədim nişanlarda onun sahibinin adının yazılışından başqa tez-tez müxtəlif məzmunlu kəlamlardan istifadə edilib. Bu yazıların əksəriyyəti dini məzmunludur. M.F.Axundzadənin kitabxanasına məxsus olan kitablarda “Allahın qulu Fətəli”, Abbasqulu ağa Bakıxanovun kitabxanasında nəfis nümunələrin bir neçəsində “Allahdan başqa Allah yoxdur”, Şah İsmayıl Xətaiyə aid kitablarda “Heydər oğlu İsmayıl Şahimərdanın (Əlinin) quludur”, Mirzə Şəfi Vazehin kitablarında “Ya Məhəmməd” sözləri ilə rastlaşırıq.
   Abbasqulu ağa Bakıxanova aid kitablarda nişan yazılarından əlavə kitabı tərif edən “Kitab ürək açan nemətdir”, “İndi mənim üçündür, sonra qeyrilərinin olacaq”, Bəhmən Mirzə Qacarın kitablarında “Şahlıq dəryasının yeganə gövhəri Bəhmən” və s. yaddaqalan kəlamlar var.
   XIX əsrin sonu - XX əsrin əvvəllərində kitabsevərlər daha sadə formalı ekslibrislərdən, ştempel-nişanlardan istifadə etmişlər. Əsasən rus və ərəb dillərində yazılmış belə ekslibrislərdən dövlət xadimi və ədib Nəriman Nərimanova, maarifçi Sultanməcid Qənizadəyə, rəssam Bəhruz Kəngərliyə, general İbrahimağa Vəkilova, folklorçu Əbülqasım Hüseynzadəyə, Xalq artisti Mirzəağa Əliyevə məxsus olanları qeyd etmək olar.
   Azərbaycanın bolşevik işğalından sonra burada yaradılan ilk ekslibrislərdə daha çox Lenin və inqilab mövzusu əsas yer tutub. Onların müəllifləri əsasən o vaxtlar Bakıda çalışan S.Telinqater və L.Knit olmuşdur. Az sonra bu sahədə milli kadrlar - yerli rəssamlar da fəaliyyət göstərməyə başlamışlar. Bu mənada məşhur “Köhnə Bakı” qrafik silsiləsinin müəllifi kimi tanınan Ələkbər Rzaquliyevin Azərbaycan ziyalılarına həsr olunmuş, milli bədii xüsusiyyətləri ilə seçilən, incə yumorla zəngin ekslibrislərini qeyd etmək olar.
   60-cı illər respublikada ekslibrisin çiçəklənmə dövrü hesab edilir. Həmin illərdə yaradılmış ekslibrislər arasında Cəmil Müfidzadənin planetin qocaman sakini Şirəli Müslümova, Rəşid Mirişlinin şair Nəsimiyə, Ələkbər Rzaquliyevin filosof Şükufə Mirzəyevaya həsr olunmuş əsərləri yığcam kompozisiyasına, yaddaqalan, məntiqli təsvir atributlarına görə maraq doğurur.
   70-80-ci illərdə bu sahədə işləyən rəssamlar arasında Arif Hüseynovun, Bayram Qasımxanlının, Faiq İbrahimovun, Arif Əzizovun, Füzuli Axundovun, Oqtay Quliyevin yaratdıqları ekslibrislər təsvir motivlərinin improvizəsi, geniş bədii ümumiləşdirmələri, obrazlı görüm tərzi ilə diqqəti çəkir. Bu kitab nişanlarında rəssam Tahir Salahov, Toğrul Nərimanbəyov, şair Fikrət Qoca, yazıçı Elçin və Anar, memar Cəfər Qiyasi, musiqi tarixçisi Firudin Şuşinski, xalçaçı-rəssam Lətif Kərimov, dirijor Niyazi və neçə - neçə digər görkəmli adamların obrazları və maraq dünyaları yaddaqalan bədii cizgilərlə ifadə olunmuşdur.
   Respublikada ayrı-ayrı tanınmış şəxslərə həsr olunmuş beynəlxalq ekslibris müsabiqə-sərgilərinin keçirilməsini həm də xalqlar arasında mədəni-dostluq əlaqələrin yeni təzahürü hesab etmək olar. Bu mənada Bakıda baş tutan “Nizami Gəncəvi – 850”, “Şah İsmayıl Xətai – 500”, “Heydər Əliyev – 80” sənət yarışmasının adını çəkmək olar.
   İndi Azərbaycanda kitab nişanı geniş yayılıb, onları əldə etmək istəyənlərin də, yaradanların da sayı çoxalıb. Diqqət çəkən cəhət isə ekslibris sənətində yüksək bədii məziyyəti və müasirlik duyumu ilə seçilən əsərlərin yaradılması ənənəsinin davam etdirilməsidir.
   
   Ziyadxan Əliyev,
   Əməkdar incəsənət xadimi