Folklorumuzda, dilimizdə zəriflik və incəliyin bənzətmə nümunəsi olan “ipək” sözü qədər bəlkə də işlək ifadə yoxdur: ipək kimi zərif, ipək kimi yumşaq, ipək xasiyyət və s. Bəs bu poetik deyimi ortaya çıxaran ipək parçanın ərsəyə gəlməsi hansı mərhələlərdən keçir? Kəlağayıya, köynəyə, çeşidli libaslara çevrilən ipəyin hazırlanması necə zəhmət hesabına başa gəlir? “Bəsləsən, atlas olar tut yarpağından...”. Tut yarpağının atlas - ipək parça halına gəlməsi üçün ipəkçilik təsərrüfatı və sənəti deyilən incə, bununla belə həm də olduqca çətin peşənin tarixi, istehsal sirləri maraq doğurur...
   
   Qədim zamanlardan tarixi İpək Yolu üzərində yerləşən, şöhrətlənən Azərbaycan, həm də ipəkçilik ölkəsi kimi diqqət çəkib. Məlumdur ki, ipəkçilik ilk dəfə Çində aşkarlanıb. Bir xammal kimi, ipəkqurdu toxumu şəklində əvvəl Orta Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilib. Tarixi qaynaqlarda və məxəzlərdə göstərilir ki, ölkəmizdə ipəkçilik V-VI əsrlərdə yayılıb. Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən əksər bölgələrimizdə inkişaf etdirilib. IX-X əsrlərdə ipəkqurdu toxumu yetişdirməyə ciddi fikir verilir. Ölkədə ipəkçiliyin inkişafı XIII-XV əsrlərdə də davam edir. Beləliklə də, ipəkçilik əhalinin təsərrüfat məşğuliyyəti olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilir. Həmin dövrdən etibarən Azərbaycanın Bərdə, Şirvan, Şəki və başqa əyalətləri barama və ipək sapı istehsal edən bölgələrə, Şamaxı, Gəncə və Təbriz kimi iri şəhərləri isə ipək parça toxunan mərkəzlərə çevrilir.
   Arxeologiya və Etnoqrafiya İnstitutunun məlumatlarına görə, Azərbaycanda hazırlanan əla keyfiyyətli ipək parçalar ölkəyə gələn tacir və səyyahların nəzərini cəlb edir. İpək almaq üçün buraya Genuya və Venesiya tacirləri gəlirlər. Xammalın böyük bir qismi başqa yerlərə satışa aparılırdısa, xeyli hissəsi yenə də ölkənin daxilində istifadə olunub.
   XIX əsrin əvvəllərindən etibarən Rusiyada toxuculuq sənayesinin inkişafı Azərbaycanda baramaçılığın genişlənməsinə, artmasına təkan verir. Bu proses Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra xeyli güclənir. 1836-cı ildə çar hökuməti "Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayesini inkişaf etdirmək" adlı cəmiyyət yaradır. Beləliklə, Azərbaycan ipəyinə olan ehtiyacın artması ölkədə barama istehsalına da diqqəti nisbətən artırıb. XIX əsrin 40-cı illərində Cənubi Qafqazda istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düşüb. Toplanan həmin məhsulun 40 faizə qədərini Nuxa (Şəki) qəzası verib. Yenə də məhsulun xeyli hissəsi Rusiyaya aparılır. XIX əsrin ortalarında ölkədə yaranmış əlverişli şərait, Azərbaycan ipəkçilərinin zəngin bilik və təcrübəsi, ipəkçiliyin ölkənin iqtisadiyyatındakı mühüm rolu onun daha da inkişafına təkan verir.
   XX əsrin əvvəllərində Azərbaycanda mühüm ipəkçilik rayonları Yelizavetpol (Gəncə) quberniyası, Bakı quberniyasının Lənkəran, Quba və Göyçay qəzaları, həmçinin Zaqatala dairəsi və Naxçıvan qəzası olub. Azərbaycanda ipəkçiliyin inkişafı üçün əsas amil tut bağlarının salınması, becərilməsi və bu sahənin genişləndirilməsi olur. Tut ağaclarının çoxalması üçün bir neçə üsuldan istifadə edilir (qələmetmə, göz qələmi və s.). Lakin bağbanlar toxum vasitəsilə, şitil etmək yolu ilə çoxaltmaya daha üstünlük veriblər. Toxumla becərilən ağac gövdəli, qollu- budaqlı olmaqla bərabər, daha uzun müddət məhsul (yarpaq) verir. Tut ağacları və ya çəkil bağları demək olar ki, Azərbaycanın bütün zonalarında mövcud olub.
   Cənubi Qafqazda ipəkçiliyin geniş inkişaf etdiyi ərazi Azərbaycan olub. Hələ XIX əsrin sonunda Azərbaycanın 1100-dən çox kəndində ipəkçiliklə məşğul olunub. 1914-cü ildə bu rəqəm 2200-ü ötüb. Təkcə Nuxa qəzasında 18 min və Ərəş qəzasında 7 mindən çox kəndli ailəsi bu işlə məşğul olub. Ümumilikdə Cənubi Qafqazın üç minə qədər kəndində 1,5 milyon nəfər baramaçılıqla məşğul olub. Bunun da bir milyondan çoxu Azərbaycanın payına düşüb.
   Azərbaycan kəndlərində ipəkçiliyin belə kütləvi şəkil almasının əsas səbəblərindən biri onun digər təsərrüfat sahələrinə nisbətən daha gəlirli olmasıdır. Barama məhsulunun qısa müddətə əldə edilməsi, vaxt etibarilə münasibliyi bu sərfəli təsərrüfat sahəsinin inkişafı üçün əsaslı zəmin yaradıb. 1910-cu ildə Cənubi Qafqazdakı 55 min desyatin plantasiyadan 50 min desyatini Azərbaycanın payına düşüb. Azərbaycanda ipəkçiliyin inkişafı ilə əlaqədar olaraq XX əsrin əvvəllərindən etibarən baramaçılıqda əsas yem mənbəyinə-yarpağa olan tələbin artması nəticəsində geniş çəkillik təsərrüfatı yaranır. Beləliklə də, çəkil plantasiyaları ticarət bağçılığı, tut yarpağı isə artıq əmtəə xarakteri alır.
   Bu müddətdə Azərbaycanın Şirvan, Qarabağ, Naxçıvan, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında ipəkçiliklə daha geniş şəkildə məşğul olublar. İpəkqurdu toxumu əsasən satın alınıb. Amma Azərbaycanın ipəkçiliklə məşğul olan bəzi yerlərində onu ənənəvi üsulla əldə ediblər. Onun bəslənməsində qadın əməyinin rolu əsas və həlledici olur. Qurdun oyadılmasından başlayıb, onun sarımasına və yığımına qədər olan bütün dövrdə əsasən qadınlar işləyir. Bu iş prosesində kişilər də çalışırlar. Yarpağın qırılması və daşınmasında kişi əməyindən istifadə edilib. Qurd üçün gündə iki dəfə-səhər və axşamçağı yarpaq qırılıb...
   Barama istehsalı ilə ipək emalı sənayesi bir-biri ilə sıx surətdə bağlıdır. Hər sahə arasında mövcud iqtisadi əlaqə həmin sahələrin hər hansı birində baş verən bu və ya digər dəyişiklik dərhal o birində də özünü göstərib. Barama istehsalının artımı, yaxud azalması öz növbəsində ipək emalı sənayesinin gah inkişafına, gah da zəifləməsinə səbəb olub.
   Azərbaycanda ipək emalı sənayesi sahəsində fabrik istehsalının güclənməsi ölkədə kustar ipəksarıma - ipəkəyirmənin tənəzzül etməsinə və aradan çıxmasına güclü təsir göstərir. Beləliklə də, Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində ipəkçilik əmtəə istehsalı təsərrüfatının əsas sahələrindən birinə çevrilib.
   
   Savalan Fərəcov