Lətifə Məmmədova: “Kompyuter texnologiyalarını bilməyən mütəxəssislər kitabxanada işləyə bilməz”
   
   Son illər ölkəmizdə kitabxana işinin yaxşılaşdırılması haqqında qəbul edilən qərarların icrası bu sahənin inkişafında ciddi dönüş yaradıb. Bu sırada “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsini xüsusi qeyd etmək gərəkdir. Ötən dövrdə proqramda nəzərdə tutulan tədbirlərin gerçəkləşməsi nəticəsində yerlərdə bir çox kitabxanaların vəziyyəti, maddi-texniki təchizatı yaxşılaşıb, oxucuların kitabxanalara marağı artıb. Hərçənd ayrı-ayrı yerlərdə hələ də problemlər, həlli vacib məsələlər qalmaqdadır.
   
   Dövlət Proqramı çərçivəsində görülən işlərin hansı səviyyədə olması və ümumilikdə hazırda kitabxanalarımızın vəziyyəti haqqında ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədovaya müraciət etdik. Sektor müdiri öncə bir mühüm məqamı qeyd etdi ki, internetin, elektron informasiya mənbələrinin sürətlə yayıldığı indiki vaxtda bəzən kitabxanaların fəaliyyətinin nə dərəcədə gərəkli olduğuna dair suallar meydana çıxır: “Lakin bir məsələ dəqiqdir ki, kitabxanasız cəmiyyət ola bilməz. Kitabxana informasiya mənbəyi kimi cəmiyyətə lazımdır. Bu gün internet kitabxanalarla çox ciddi rəqabətə girib. Lakin nəzərə almaq lazımdır ki, internet mənbələrindən fərqli olaraq, kitabxanada saxlanılan informasiya sistemləşdirilib. Bu informasiya daha dolğun və dürüstdür. Halbuki internetdə isə çoxlu qeyri-dəqiq informasiyaya rast gəlmək olur. Ona görə də kitabxanaların bu aspektdə rolu əvəzsizdir. Yaxşı kitabxanaçı isə cəmiyyətin fəxridir».
   Dövlət Proqramının icrası nəticəsində kitabxanaların fəaliyyətində böyük dəyişikliklər olduğunu deyən sektor müdiri bu xüsusda ilk mühüm parametr kimi kitabxanaların veb saytlarının yaradılmasını qeyd etdi. Bu gün bir neçə rayonu çıxmaqla (Lerik, Şuşa, Xocalı) respublika üzrə qalan bütün şəhər və rayon kitabxanalarının saytı var: “Bundan əlavə, ölkə üzrə 50-yə yaxın kitabxanada elektron kataloq yaradılıb. Onlar öz resurslarını dünyaya çatdıra bilirlər. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sistemində vaxtilə ən geridə qalan kitabxanalar indi öncül müəssisələrə çevriliblər. Onu da deyim ki, digər təşkilatların kitabxanaları da bizim kitabxanalara müraciət edirlər. Milli Elmlər Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Neft Akademiyasının, Polis Akademiyasının, Tovuzda Heydər Əliyev Mərkəzinin kitabxanasında bizim köməyimizlə elektron informasiya sistemi yaradılıb”.
   Bu il bölgələrdə kitabxanaların inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək.
   Respublikada ilk dəfə Beyləqan rayonunda 2012-ci il “Kitabxanalar ili” elan edilib. İl ərzində rayonda kitabxanaların informasiyalaşdırılması, kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi, multimedia fondlarının yaradılması, yeni kitabxanaların, o cümlədən uşaq kitabxanası üçün yeni binanın inşası nəzərdə tutulur.
   Kitabxanaların bina şəraitinin yaxşılaşdırılmasının ən aktual məsələlərdən olduğunu deyən sektor müdiri bu sahədə görülən işləri də nəzərə çatdırdı. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binaya köçməsi, ilk kitabxana-mağazasının açılışı, Abşeron rayonunun Fatmayı kəndində müasir tipli kitabxana binasının istifadəyə verilməsi, Xaçmazda uşaq və gənclər kitabxanasınının yaradılması, Şabran rayonunda ilk multimedia mərkəzinin açılışı bu qəbildəndir: “Kitabxanaların təmir olunması işi demək olar ki, bütün bölgələrimizdə davam edir. Qəza vəziyyətində olan kitabxana binalarının sayı artıq minimuma enib. Şəmkirdə Mərkəzi Kitabxana binası qəza vəziyyətindədir. Bu barədə Nazirlər Kabinetinə müraciət etmişik. Belə vəziyyət bir neçə rayonda mövcuddur və bununla bağlı müvafiq işlər görülür”.
   Kitabxanaların müasir texnologiyalardan istifadəsində də müəyyən çətinliklər var. «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nda da bu məsələyə xüsusi yer ayrılıb: “Hazırda Prezident Kitabxanasında və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron kitabxanalar fəaliyyət göstərir. Milli Kitabxanada, Respublika Uşaq Kitabxanasında və digər kitabxanalarda kitabların elektron bazası yaradılıb. Müasir texnologiyalardan istifadə problemi artıq öz yoluna qoyulub. Hər bir kitabxana filialında multimedia mütəxəssisi ştatı yaradılıb. Yəni hər kənd kitabxanasında internet, kompyuter və onu işlədən mütəxəssis olacaq. Bir sıra şəhər və rayonların - Quba, Xaçmaz, Qusarın kitabxana işçiləri Rusiya Federasiyasının Mədəniyyət, İncəsənət və Turizm İşçilərinin Yenidən Hazırlanma Akademiyasının virtual kurslarında iştirak ediblər. Bu iş gələcəkdə də davam etdiriləcək. Kitabxanalarda attestasiyalar da keçirəcəyik. Bu iş artıq Füzuli, Masallı, Beyləqan rayonlarında həyata keçirilib. Kompyuter texnologiyalarını bilməyən mütəxəssislər kitabxanada işləyə bilməz. Kitabxana-informasiya sahəsində görülən işlər müasir standartlara cavab verməlidir”.
   Sektor müdiri kitabxanalara oxucu marağının artırılması məsələsinə də toxundu: «Oxucunun kitabxanaya gəlməsi üçün ilk növbədə orada yaxşı kitablar, yaxşı şərait olmalıdır. Bir neçə kitabxana filialını normal şəraiti olmadığı üçün bağlamışıq. Kitabxana filiallarını birləşdiririk. Lakin kitabxanalara oxucu marağını artırmaq üçün orada çalışan işçilərin də üzərinə məsuliyyət düşür. Oxucunun necə qarşılanması, ona necə xidmət göstərilməsi heç də az əhəmiyyətli məsələ deyil”.
   L.Məmmədova görmə qabiliyyətindən məhrum olan insanlara kitabxana xidmətinin göstərilməsi ilə bağlı görülən işlərdən də danışdı: “Respublika Gözdən Əlillər Kitabxanasının kitab təminatı baxımından problemi yoxdur. Lakin bina problemi var. Kitabxana hazırda 5 mərtəbəli evin zirzəmisində yerləşir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxana üçün yeni binanın layihəsinin hazırlanması ilə bağlı tapşırıq verib və hazırda bununla əlaqədar iş aparılır”.
   Sektor müdiri kitabxana işi sahəsində əldə olunan uğurlar sırasında son illər bir sıra ölkələrin (Polşa, Rumıniya, Macarıstan, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Belarus, İndoneziya) kitabxanalarında Azərbaycan guşəsinin yaradılmasını da qeyd etdi. Bundan əlavə, xarici ölkə kitabxanalarında Azərbaycan haqqında olan nadir kitabların elektron variantının ölkəmizə gətirildiyini bildirdi: «Rusiya Dövlət Kitabxanası, Tatarıstan Milli Kitabxanasından Azərbaycana aid materiallar gətirilib. Tiflis, Sankt-Peterburq, Drezden kitabxanasına da müraciətlər edəcəyik. Kitabxanalarımızın beynəlxalq əlaqələri də genişlənir. Əvvəllər Azərbaycanı demək olar ki, yalnız Milli Kitabxana təmsil edirdi. İndi digər kitabxanalar, o cümlədən region kitabxanaları da beynəlxalq konfranslarda iştirak edir, qabaqcıl təcrübə, müasir texnologiyalar mübadiləsi aparırlar.
   
   Gülər Nizamiqızı