Adolf və Rudolf Dassler qardaşları Almaniyada kasıb ailədə anadan olmuşdu. Aralarında iki yaş fərqi vardı: Rudolf 1898-də, Adolf 1900-də doğulmuşdu. Ataları çörəkçi idi, anaları isə camaşırxanada işləyirdi. I Dünya müharibəsi başlayanda onların dolanışığı daha da çətinləşir. Ailənin başçısı ayaqqabı tikib satmağa başlayır, Adi və qardaşı Rudi bu işdə atalarına kömək edirlər. Müharibədən sonra vəziyyətləri yaxşılaşır. 1924-cü ildə Dassler qardaşları ayaqqabı fabrikinin (“Gebrüder Dassler Schuhfabrik”) əsasını qoyurlar. Şirkətin 20 işçisi vardı. Fabrikdə idman ayaqqabıları da hazırlanırdı.
   1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya Oyunlarında Dassler fabrikinin məhsulları geniş tanınmağa başlayır. 1936-cı il Berlin Olimpiadasında “Dassler” ayaqqabıları ilə yarış meydanına çıxan amerikalı atlet Cess Ovens dörd qızıl medal qazanır.
   Atalarının vəfatından sonra qardaşlar arasında münaqişə yaranır. 1948-ci ildə onlar “Dassler” şirkətini yarıya bölürlər. Adi Dassler “Adidas”ı, Rudi Dassler “Puma” şirkətini təsis edir. Bundan sonra onlar arasında rəqabət başlayır. Hər şirkətin işçiləri ayrı-ayrı kafelərdə yemək yeməli, uşaqları ayrı-ayrı məktəblərdə oxumalı idi. “Adidas” və “Puma” öz işçilərinə hətta qarşı tərəfin sponsorluq etdiyi futbol komandalarının oyunlarına baxmağı da qadağan etmişdi. İki qardaşın (Adi və Rudi) brendləri arasında rəqabət sonralar da davam edir. Amma artıq bu rəqabətdə “Adidas” xeyli öndə idi.
   1978-ci ildə Adi Dassler vəfat edir. Şirkətə bir müddət həyat yoldaşı rəhbərlik edir, sonra bütün səlahiyyət oğlu Horsta keçir. 1989-cu ildə 51 yaşlı Horst vəfat etdikdən sonra bacıları şirkəti idarə edə bilməyəcəklərini dərk edərək səhmlərin 80 faizini fransız Bernard Taliyə satırlar. Sonra şirkətin nəzarət səhmi Lui Dreyfusun başçılığı ilə başqa fransız biznesmenlərinin əlinə keçir.
   Bu gün “Adidas”ın rəhbərliyində Dassler ailəsindən heç kim yoxdur. Ötən il şirkətin xalis gəlirləri 18 faiz artaraq 15 milyard dollar təşkil edib. “Adidas” 2012-ci ilin London olimpiadasının və Avropa futbol çempionatının əsas sponsorudur.
   
   Hazırladı: Səbinə Məmmədova