Tarixən kitabxanaların yaranması görkəmli şəxslərin adı ilə bağlı olub. Belə kitabxanalardan biri də Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanasıdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Ənvər Çingizoğlu ilə söhbətimiz də bu barədədir.

- Ənvər müəllim, bildiyimizə görə, bu günlərdə Təbriz Milli Kitabxanasında olub, onun yaradıcısı ilə bağlı araşdırmalar aparmısınız...
- Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanası olduqca zəngin bir kitabxanadır. Yaranmasının çox maraqlı bir tarixçəsi var. Kitabxana dövrünün maarifpərvər ziyalısı Məhəmməd Naxçıvaninin təşəbbüsü və ianəsi ilə 1957-ci ildə şəhərdəki Ərk qalasının yaxınlığında yaradılıb. M.Naxçıvani təqribən 4200 nüsxədən ibarət nəfis əlyazma və kitablarını kitabxanaya bağışlayıb. Bir müddət sonra kitabxanaya M.Naxçıvaninin adı verilib. 1988-ci ildə isə Gülüstan bağına yaxın bir binaya köçürülüb, dövlətin qayğısı ilə əhatə olunub. Elm ocağı üçün şəhərin Lalə rayonunda xüsusi layihə əsasında yeni əzəmətli bina inşa edilib.
- Məhəmməd Naxçıvani haqda hansı məlumatları əldə etmisiniz?
- Məhəmməd Əliabbas oğlu Naxçıvani (1880-1962) dövrünün maddi və mənəvi cəhətdən zəngin insanlarından olub. Təbrizdə xeyriyyəçi alim kimi çox yaxşı tanınıb. Kitablara sonsuz məhəbbət onu İranda məşhur edib və xalqa sevdirib. O, çox dəyərli əlyazmaları və kitabları toplayıb. Hələ sağ ikən Tehrandan və Avropanın bir çox ölkələrindən gələn alimlər onun evində bu kitablarla tanış olublar.
Öyrəndim ki, o, “Dünya müharibəsinin (1918-1919-cu illər) hərb tarixi”, “Tərbiyət kitabxanası və oxu zalı əlyazma və kitablarının kataloqu”, “Göz yaşlarının leysan buludu”, “Qətran Təbrizinin divanına müqəddimə”, “Dar ağacından asılmış Seqətülislam”, “Allahın köməyi və yaxınlığın fəthi”, “Nizamiyyənin tarixi”, “Mirzə Mahmud Qənizadə Salmasinin xatirəsi”, “Mirzə Əli Ləlinin həyatı” və s. əsərlərin müəllifidir. “Ərməğan”, “Mahtab” və “Yəğma” jurnallarında onun məqalələrinə geniş yer verilib. Bütün bunlar M.Naxçıvaninin necə zəngin biliyə, dərin zəkaya və hərtərəfli məlumata malik olduğunu göstərir. Onun “Saib Təbrizi”, “Əbu Əli Sinanın məzarı”, “Sədrəddin Rəbii”, “Setan sözünün şərhi”, “Məazi Təbrizi”, “Məhəmməd ibn Əlbəis və Azərbaycan dili” və digər əsərləri İranda geniş yayılıb.
O, xeyli sayda əlyazmalara dəyərli qeyd və haşiyələr yazıb. Mədhuşun “Divan”ının əlyazmasındakı haşiyədə bildirir ki, müəllifin adı Molla Məhəmməd Sadiq və Mollabaşı Heydərqulu Mirzədir. Haşiyənin yazıldığı tarixi hicri təqvimi ilə 1327-ci il (1948) göstərib. Mənsur Həllacın əlyazma divanına yazdığı haşiyədə əsərin təqribən Zəhirəddin Babur şahın vaxtında qələmə alındığını göstərir. O daha sonra Heyran xanım Dünbülinin “Divan”ını çap etdirib, “Xəmsəül-motəəhhedin”i türk dilinə, “Əzaye-Came”ni fars dilinə tərcümə edib. Qətran Təbrizi və Saib Təbrizinin “Divan”larının elmi-tənqidi mətnini hazırlayıb və çap etdirib. Həkim Qətranın “Divan”ını redaktə edərək çap etdirib. Orada hicri-qəməri III-IV əsrlərin sultanları, əmirləri, vəzirləri və şairləri haqqında məlumatlar verib.
- Görkəmli alimin adını daşıyan kitabxananın fəaliyyəti barədə nə deyə bilərsiniz?
- M.Naxçıvaninin vəsiyyətinə əsasən, oğlu Rza Naxçıvani atasının qalan kitablarını və şəxsi arxivini Təbriz Milli Kitabxanasına təhvil verib. Kitabxana mənbələrinin zənginliyi ilə yerli və xarici oxucuların, mütəxəssis və tədqiqatçıların diqqətini cəlb edir. 1966-cı ildə UNESCO-nun siyahısına salınıb. Bu da, o deməkdir ki, UNESCO xətti ilə buraxılan kitab, jurnal və s. nəşrlərin nüsxələri pulsuz olaraq Təbriz Milli Kitabxanasına göndərilir. Bu gün kitabxananın 5 əsas kitab və jurnal-qəzet fondu mövcuddur. Orada 400 mindən artıq kitab və əlyazma, 2090 adda dövri nəşr qorunub saxlanılır. Kitabxanada internetə qoşulmuş müasir kompüterlərlə təchiz olunan oxu zalları, konfrans otaqları, çap evi, texniki və xidməti bölmələr fəaliyyət göstərir. Burada yüksək mədəni xidmət və yaradıcı elmi mühit mövcuddur. Hər kəs kitabxanaya üzv yazıla bilər. Üzvlük iki qaydada aparılır: adi üzvlük və tədqiqatçılar üçün xüsusi üzvlük.
Bu kitabxanada həm də bir sıra əlyazma, kitab və jurnal-qəzet fondları var. Bunlardan biri “Qiymətli əlyazma və nəfis nüsxələr fondu”dur. Bu fondda minlərlə nadir əlyazma, köhnə üsulla basılmış kitab, xüsusilə Səfəvilər və Qacarlar dövrünə aid xəttatlıq və miniatür nümunələri, tablolar saxlanılır. Onların çoxu aid olduqları şəxsiyyətlərin əl işləridir. Oradakı əsərlərin əksəriyyətini Hacı Məhəmməd və Hacı Hüseyn Naxçıvani qardaşları bağışlayıb. Digər bir fond isə “Dövri nəşrlər fondu”dur. Orada Qacarlar dövründən indiyə qədərki zamanı əhatə edən yüzlərlə dövri mətbuat nümunəsi mühafizə edilir. Kitabxanadakı “Kitab evi”nə hər həftə ölkənin müxtəlif nəşriyyatlarından təqribən 550-600 adda kitab daxil olur və istifadəçilərin xidmətinə təqdim olunur.

Savalan Fərəcov