Cənnət meyvəsi sayılan narı qədim zamanlardan Şərqdə meyvələrin şahı hesab ediblər. Hətta xarici görkəminə görə də o, digər meyvələrdən yüksəkdə dayanan odlu-qırmızılı tac kimi seçilir. Bir çox xalqlarda narın çiçəkləri və meyvəsi zənginliyin, bolluğun məhsuldarlığın rəmzi kimi qəbul olunmuşdur.

Narın təsvirləri Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, qədim yunanların və ərəblərin ornament və naxışlarında tapılmışdır. Həmçinin qədim misirlilər və assuriyalılar öz heykəltəraşlıq əsərlərində narı müqəddəs ağac və ya “həyat ağacı” kimi təsvir ediblər.
Məhəmməd peyğəmbər narın paxıllığı, nifrəti və kini təmizlədiyinə görə öz ardıcıllarına nar yeməyi məsləhət görmüşdür. Yunan mifologiyasına görə, nar tanrıların sevimli yeməyidir və bu da bir çoxlarının inandırmağa təhrik edirdi ki, nardan istifadə əbədiliyə doğru aparır. Qədim yunanlar inanırdılar ki, birinci nar ağacını məhəbbət ilahəsi Afrodita Kipr adasında becərmişdir. O vaxtdan etibarən nar şirəsi “sevgi içkisi” adını qazanmışdır. Bizim dövrdə yunanlar ənənəyə uyğun olaraq, toylarda məhsuldarlıq rəmzi kimi narları parçalayırlar. Çində şirin nar dənələrini toy vaxtı yeyirlər və bununla da yeni evlənənlərə xeyir-dua verilir. Bu meyvə Yaxın Şərqdə, Azərbaycanda, İranda və Hindistanda xalq təbabətində çoxdan bəri istifadə olunur.
Nar meyvəsi özünün ecazkarlığı, orijinal quruluşu və belə demək mümkünsə, mistik təbiəti ilə qədim dövrlərdən bizim müasir günlərimizə qədər rəssamların yaradıcılığında ilham mənbəyi olmuşdur. Bu mövzu Azərbaycan rəssamlarının da əsərlərində öz əksini tapmışdır.
Dünya şöhrətli fırça ustası, Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndələrindən olan Toğrul Nərimanbəyovun nar barədə maraqlı fikirləri vardır. O deyirdi: “Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Biz böyük şair Rəsul Rza ilə birgə o rayona ova gedirdik. Mən Göyçayda böyük nar bağlarını görəndə sarsıldım. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə, aludə olub nar mövzusuna bir sıra rəsmlər çəkdim. İlk işlərimdən birinin adı elə “Göyçay bağlarında” idi. Mən onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar. Mən narı çox sevirəm. Onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm. Məsələn, mən şəhər çəkirəmsə, bilməliyəm ki, bu evdə kim yaşayır. Bu evin içindəki nədir, bərbərxana, yoxsa nə? Mən şəhəri onun daxili məzmunundan keçməklə açıram. Eləcə də narı. Mən onun təkrarolunmaz şirəsindən, şərbətindən bəhs edirəm”.

Səbinə Şıxəliyeva,
Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi araşdırma və maarifləndirmə şöbəsinin müdiri