Bədii proses müxtəlif sənət sahələrində innovativ texnologiyalardan müəyyən dərəcədə asılı olur. Bəzi sənət əsərlərini isə belə texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan informasiya-kommunikasiya texnologiyalarından bilavasitə asılı olan yaradıcılıq sahələri mövcuddur. Buna misal olaraq, elektron musiqi, rəqəmsal rəngkarlıq, “internet sənəti” və digər sahələrin adını çəkmək olar. Belə sənət növləri bilavasitə yeni texnologiyaların yaranması ilə ortaya çıxmış və inkişaf etmişdir.

Rəqəmsal rəngkarlıq əsərinin yaradılmasında ilk cizgilərdən son rəng çalarlarınadək bütün prosesi rəqəmsal müstəvidə həyata keçirilir. Bunun üçün xüsusi rəqəmsal planşetlər mövcuddur. Elektron musiqi, adından da göründüyü kimi, bilavasitə elektron alətlərin və avadanlıqların köməyi ilə yaranan musiqidir. Belə musiqi faktiki olaraq heç bir musiqi alətindən istifadə etmədən, kompüter proqramları vasitəsi ilə bəstələnir.
Teatrda informasiya-kommunikasiya texnologiyalarının istifadəsi geniş yer tutur. Ümumiyyətlə, teatr hər zaman yeni texnologiyalara can atmışdır. Tamaşa zamanı istifadə olunan səs və işıq avadanlıqlarından başlayaraq daha proqressiv texnologiyaların adını çəkmək olar.
Dünya teatrlarında istifadə olunan texnologiyalar sırasında Azərbaycanda da tətbiq edilən və ingiliscə “Projection mapping” adlanan texnologiyanı qeyd etmək olar. Müasir proyektorlarla həyata keçirilən bu texnologiya tamaşaya xüsusi gözəllik və özünəməxsusluq verir.
Lakin bununla yanaşı demək lazımdır ki, teatr innovativ texnologiyalardan əsaslı olaraq asılı bir sənət deyil. Yəni heç bir yeni texnologiya olmadan da tamaşa nümayiş etdirmək mümkündür. Buna misal olaraq, dünyada geniş yayılmış küçə teatrları və tamaşalarını qeyd etmək olar. Hətta bir çox şəhərlərdə küçə teatrı festivalları keçirilir. Britaniyanın “Sheakerspeares Globe” teatrı Şekspir zamanına uyğunlaşdırılmış teatr səhnəsindən istifadə edir, hətta faktiki olaraq heç bir yeni texnologiyadan istifadə etmədən dünyanın bir çox səhnəsində çıxış edir. Teatrın binasında tamaşalar may-oktyabr aylarında və yalnız günün işıqlı vaxtında nümayiş olunur. Xatırladım ki, teatrın kollektivi “Hamlet” tamaşası ilə bu günlərdə Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da çıxış etmişdir. Bütövlükdə teatr sənəti innovativ texnologiyalardan asılı olmasa da, bu tip texnologiyaların köməyi ilə tamaşaçının diqqətini cəlb etmək, vaxtilə fantastik hesab olunan ideyaları həyata keçirmək olar.
Yüksək texnologiyalar vasitəsilə daha rəngarəng nümunələr yaradan sənət sahələrindən biri də kinematoqrafiyadır. Kinematoqrafiya inkişaf etmiş texnologiyaların hesabına daha geniş kütlələri özünə cəlb edə bilir. Onlardan biri də “hərəkətin tutulması” (“Motion capture”) texnologiyasıdır. Kinematoqrafiya tarixində ən gəlirli kino əsərlərindən biri də məhz bu texnologiyadan istifadə edilərək yaradılmış “Avatar” filmidir. Film kino tarixində müxtəlif növ yeni texnologiyaların tətbiqinə görə özünəməxsus yer tutur.
İnformasiya-kommunikasiya texnologiyalarından birbaşa asılı olan daha bir incəsənət sahəsi “internet sənəti”dir. Bu sənət bilavasitə internetdə yaradılır və ancaq internetdə qalır. İngilis dilində “in-art”, yəni “internet incəsənəti” adlanan bu sənət sahəsi bir çox amillərə görə zaman keçdikcə öz məşhurluğunu itirir. İnternet incəsənəti nümunələrinin kolleksiya olunmaması və yaxud satışa çıxarıla bilməməsi bu sənətlə məşğul olanları istər-istəməz digər sahələrlə məşğul olmağa vadar edir.
İnformasiya-kommunikasiya texnologiyalarının ən məşhuru sözsüz ki, internetdir. İnternet yaradıcılıq sahələrinə birbaşa təsiri ilə yanaşı həm də yaradıcı şəxslər üçün əvəzsiz köməkçidir. İnternet yaradıcı şəxslər üçün rəqəmsal sərgi salonu, konsert zalı rolunu oynayır. Onun vasitəsilə öz əsərini geniş kütləyə çatdırmaq və tamaşaçıların rəylərini öyrənmək olar. Bədii yaradıcılıq prosesi, internet incəsənətini çıxmaq şərti ilə, bilavasitə internetdən asılı deyil, lakin internet bədii yaradıcılıq prosesinin son nəticəsinin, yəni sənət əsərinin nümayiş olunmasında, geniş kütləyə daha tez çatdırılmasında əvəzsiz vasitədir. Bir çox gənc ifaçının öncə “Youtube” portalında məşhurlaşmağını, daha sonra isə konsert zallarında canlı çıxışlarını misal gətirə bilərik.
Müxtəlif növ innovativ texnoloji vasitələrdən düzgün istifadə etməklə yaradılan yaradıcılıq nümunələri gözoxşayan və özünəməxsus ola bilər. Bütün bunları nəzərə almaqla onu qeyd etmək lazımdır ki, yaradıcı şəxsin informasiya mədəniyyəti çox önəmli bir amildir. İnternetdən əldə olunan informasiyaların içində itib-batmamaq, özünə lazım olanı seçib, emal və istifadə etmək bacarığı yaradıcı şəxsin işinin səmərəliliyinə kömək edir.

Elşad Əliyev
sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA Memarlıq və
İncəsənət İnstitutunun elmi işçisi