AMEA Memarlıq və İncəsənət İnstitutunun hazırladığı «İçərişəhər Azərbaycan tarixində» kitabı barədə qeydlər

Ötən il elm, təhsil, mədəniyyət sahələrində bir sıra uğurlu layihələrin gerçəkləşdirilməsi, yeni elmi nəşrlərin, fundamental tədqiqat əsərlərinin işıq üzü görməsi ilə əlamətdar olmuşdur. Maraq doğuran belə əsərlərdən biri də AMEA Memarlıq və İncəsənət İnstitutunun hazırladığı və nəşr etdirdiyi «İçərişəhər Azərbaycan tarixində» adlı kitab-albomdur.

Əvvəlcədən onu vurğulamaq istərdim ki, kitab AMEA-nın 70 illiyi çərçivəsində çapdan çıxmış ilk nəşrlərdəndir. Kollektiv əməyin bəhrəsi olan bu fundamental kitabın müəllifləri tanınan, elmdə öz sözünü deyən tədqiqatçılardır. Kitaba AMEA-nın prezidenti, akademik Akif Əlizadə “ön söz” yazıb. Akademik Akif Əlizadə həm də layihənin ideya müəllifidir. Görkəmli alim xüsusi olaraq vurğulayır ki, milli-mədəni tariximizin formalaşmasında Naxçıvan, Gəncə, Şuşa, Şəki, Qəbələ, Ordubad, Bərdə kimi Bakının, xüsusilə də onun bünövrəsi olan İçərişəhərin rolu əvəzsizdir.
Bildiyimiz kimi tariximizin daş yaddaşı olan İçərişəhərin unikal memarlıq siması vardır. İçərişəhər kimi fərdi, özünəməxsus şəhərsalma mədəniyyətinə, memarlıq görünüşünə malik ikinci məkan tapmaq çətindir. Şirvan-Abşeron memarlıq mühitinin tərkib hissəsi olan İçərişəhər mövcud olduğu sayı bilinməyən illər, əsrlər ərzində inkişaf edərək təkmilləşmiş, yeni memarlıq xüsusiyyətləri, bədii-estetik meyarlar formalaşdırmışdır. İçərişəhərin qədim sivilizasiya məskəni kimi UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi buna əyani sübutdur. AMEA Memarlıq və İncəsənət İnstitutu alimlərinin İçərişəhərin qədim və müasir mədəniyyətindən bəhs edən belə bir əsər ərsəyə gətirməsi şübhəsiz ki, elmi ictimaiyyətin diqqətini və rəğbətini qazanacaq.
Kitab AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə, memarlıq doktoru Rayihə Əmənzadə, sənətşünaslıq doktoru Sevil Sadıqova, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Aidə Sadıqova və Xəzər Zeynalov tərəfindən qələmə alınıb. İnstitutun elmi istiqamətlərinə uyğun olaraq burada mədəniyyət və incəsənətimizin müxtəlif sahələri - memarlıq, təsviri sənət, heraldika, xalçaçılıq, geyimlər və s. öz əksini tapmışdır. Bu sahələrin ətraflı tədqiqi qədim İçərişəhərin nə qədər zəngin, çoxcəhətli mədəniyyət ocağı olmasını bir daha təsdiqləyir.
Sadalanan mədəniyyət və incəsənət sahələri kitabın müvafiq bölmələrində əks olunmuşdur. İlk olaraq kitabda İçərişəhərin tarixi, özünəməxsus memarlıq siması canlanır. Bu məqsədlə əsərə qədim Bakının tarixinə, İçərişəhərdə aparılan arxeoloji tədqiqatlara aid elmi materiallar, oxucuda maraq doğuracaq tarixi faktlar daxil edilib. Qeyd olunur ki, müxtəlif dövrlərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində İçərişəhərdə fərqli mədəni təbəqələr aşkar edilmiş, külli miqdarda maddi-mədəniyyət nümunələri, qədim binaların özülləri və s. üzə çıxarılmışdır. Bütün bunlar tarix və mədəniyyətimizin daha ətraflı öyrənilməsi üçün misilsiz mənbədir.
İçərişəhərin qədim memarlıq abidələri, o cümlədən məşhur Qız qalası, Şirvanşahlar sarayı, divanxana, həmçinin burada inşa edilmiş çoxsaylı məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri və digər tikililər kitabda əhatəli şəkildə tədqiq olunub. Qeyd etmək istərdim ki, tədqiqatların xeyli qismi yenidir və ilk dəfə fundamental nəşr çərçivəsində işıq üzü görür. Misal üçün, yaşayış evlərinin sistemli tədqiqi bu sahədə ilk mühüm elmi nəticədir. Eyni zamanda bu qədim sivilizasiya məkanının bu günü barəsində də bir sıra maraqlı mühakimələr orijinallığı ilə seçilir.
Kitabda memarlıq irsi geniş işıqlandırılıb və şübhəsiz ki, ciddi elmi məzmuna, əhəmiyyətə malikdir. Lakin təmsil etdiyim ali məktəbin - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin profilinə uyğun olaraq mənim diqqətimi kitabın mədəniyyətimizin digər sahələrinə aid materialları xüsusilə cəlb etdi. İlk növbədə rəssamlıq sənəti, xalçaçılıq, dövlət rəmzləri, geyimlər üzərində dayanmaq istərdim.
«İçərişəhər Azərbaycan tarixində» kitab-albomunda təsviri sənətlə bağlı çox maraqlı materiallar, fotolar, rəsm əsərləri yer almışdır. Bu məqamda Əməkdar incəsənət xadimi, tanınmış memar və rəssam Elturan Avalovun İçərişəhərin tarixi-memarlıq abidələrini, küçə və meydanlarını, ictimai mərkəzlərini əks etdirən silsilə xarakterli qrafika əsərlərinə diqqət çəkmək istərdim. Əsasən qara tuşla işlənmiş rəsmlər təsvir olunan memarlıq həcmlərini dolğun əks etdirirlər. Bu rəsmlərdə İçərişəhərin özünəməxsus romantik aurası, memarlıq elementlərinin incə harmoniyası yüksək sənətkarlıqla, məhəbbətlə təcəssüm etdirilib. «Şirvan darvazası» (1997), «İçərişəhərin qala divarları» (2006), «Qız qalası» (2013), «Məhəmməd məscidi» (2014), «Şirvanşahlar sarayı kompleksinin yaşayış binasının portalı» (2014) kimi rəsmlər kompozisiya mütənasibliyi, qüvvətli bədii-estetik məzmunu ilə seçilir. Rəssamın əsərləri kitabdakı «İçərişəhər memarın gözü ilə» bölməsində toplanmışdır.
Ümumiyyətlə, nəşrdə rəssamlıq sənəti geniş təmsil olunub. «İçərişəhər rəssamların yaradıcılığında», «İçərişəhər poçt markalarında» adlı bölmələr də rəssamlıq sənəti ilə bağlıdır. Burada həm Azərbaycan, həm də xarici ölkə rəssamlarının İçərişəhəri təsvir edən tabloları haqqında zəngin elmi-araşdırma xarakterli materiallara təsadüf edilir. Qeyd edilir ki, hələ XVIII-XIX əsrlərdə Bakıda olmuş rus və Qərbi Avropa rəssamları şəhərin müxtəlif istiqamətlərdən mənzərələrini işləmiş, maraqlı qravüralar, akvarel nümunələri yaratmışlar. Bu əsərlər Bakının ötən əsrlərdəki simasına nəzər salmaq, tarixi-memarlıq abidələrinin ilkin görünüşünü öyrənmək baxımından qiymətli mənbə rolunu oynayırlar. J.P.Mone, T.Teylor, K.Hippius, həmçinin Q.Qaqarin, V.Vereşşagin, A.Boqolyubov, Q.Sergeyev kimi rəssamların şəhərimizə həsr olunmuş tabloları bu qəbildəndir. Kitabda İçərişəhər motivlərinə müraciət etmiş Azərbaycan rəssamlarının yaradıcılığı daha geniş müstəvidə təqdim edilir. Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Ələkbər Rzaquliyev, həmçinin Cəmil Müfidzadə, Altay Sadıqzadə, Arif Hüseynov, Əşrəf Heybət, Mir Teymur, İsmayıl Məmmədov, Müseyib Əmirov, Fərid Ələkbərov və başqa rəssamların yaradıcılığında İçərişəhərin özünəməxsus, bənzərsiz siması, nağıllar aləminə, əfsanələr dünyasına köklənən romantik əhvali-ruhiyyəsi müxtəlif yaradıcılıq kontekstlərində təcəssüm etdirilmişdir. Mətnlə yanaşı yerləşdirilmiş rəssamlıq əsərlərinin fotoşəkilləri sənətkarların yaradıcılıq yoluna, onların bədii üslub xüsusiyyətlərinə nəzər salmağa imkan verir.
Kitabda diqqətimi cəlb edən əsas sahələrdən biri də xalça sənətidir. Rəssamlıq kimi bu sahə də universitetimizin profili ilə əlaqədar olduğundan məndə böyük maraq oyatdı. Kitabda Bakı və ətraf kəndlərin xalça sənəti Şirvan-Abşeron xalçaçılığının özünəməxsus kompozisiya xüsusiyyətləri ilə seçilən məhəlli məktəbi kimi təqdim olunur. Qeyd edilir ki, Bakı və ətraf ərazilərdə toxunan xalçalar təkcə Azərbaycanda yox, həm də Avropa və Şərqin bir çox bölgələrində geniş şöhrət qazanmışdı. «Bakı», «Xilə-Buta», «Xilə-Əfşan», «Suraxanı», «Novxanı», «Görədil» kimi xalça tipləri daha məşhur idi. Bu və digər xalçalar əsasən formalaşdığı kəndin adı ilə adlandırılmışdır.
Kitabın geyim mədəniyyəti və zərgərlik sənətindən bəhs edən bölmələri də diqqət çəkir. Maddi mədəniyyətimizin mühüm sahələrini əks etdirən geyim və zərgərlik məmulatları orta əsrlər dövrü Bakısında və ümumiyyətlə Şirvan mühitində zəngin bədii ənənələri ilə fərqlənirdi. Milli geyim nümunələri, zərgərlik əşyaları haqqında elmi materiallar Bakının köklü ənənələrə malik kübar mədəniyyətinin inkişafına, bədii üslub və elementlərin təkamül tarixinə işıq salır. Buradakı fotolar xalçaçılıq, geyim, zərgərlik nümunələri haqqında oxucuda əyani təsəvvür yaradır.
«İçərişəhər Azərbaycan tarixində» kitab-albomu, şübhəsiz ki, özündə bir sıra yeni müddəaları əks etdirən dəyərli elmi-tədqiqat əsəridir. Müəllif kollektivi kitab üzərində uzun müddət çalışmış, nəticədə sanballı bir əsər ortaya qoymuşdur. Kitab məzmunlu mündəricəsi ilə yanaşı, həm də çoxsaylı fotoşəkilləri ilə diqqət çəkir. Bədii və texniki baxımdan yüksək keyfiyyətə malik olan bu şəkillər sanki İçərişəhəri tamam fərqli görünüşdə gözlərimiz önündə canlandırır. Kitabın dizayn və əksər fotolarının müəllifi olan Novruz Novruzov maraqlı rakurslar seçməklə tarixi-memarlıq abidələrimizi daha əzəmətli, əsrarəngiz görünüşdə bizə təqdim etmişdir. Bütün bunlar nəşrin əhəmiyyətini bir qədər də artırır. Ali məktəb təmsilçisi kimi vurğulamaq istərdim ki, yeni nəşr həm də pedaqoji baxımdan faydalıdır. Belə ki, ondan təhsil müəssisələrində, xüsusən mədəniyyət və incəsənət tədris ocaqlarında ədəbiyyat kimi yararlanmaq mümkündür. Kitab iki variantda - Azərbaycan və rus dillərində, «Şərq-Qərb» nəşriyyatında nəfis tərtibatla çap olunub. Onun iki dildə olması oxucu dairəsini xeyli artırmaqla, həm də əsərin xarici ölkələrdə, birinci növbədə MDB məkanında yayılmasına imkan verir.
Əminəm ki, «İçərişəhər Azərbaycan tarixində» kitab-albomu rəflərdə qalmayacaq, alim və tədqiqatçıların, tələbə və doktorantların, zəngin maddi mədəniyyətimizi qiymətləndirən insanların istifadə edəcəyi mötəbər elmi mənbəyə çevriləcəkdir.

Fərəh Əliyeva
sənətşünaslıq üzrə elmlər doktoru,
professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru