“Biz bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Bu sözlər ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullokun bəyanatında yer alıb. Qubernator 2016-cı il 26 fevral tarixinin Montanada “Xocalını anma günü” elan edildiyini bildirir və ştat sakinlərini bu günü yad etməyə çağırır. Beləliklə, il 2016. Xocalı soyqırımından 24 il keçir. Amerikada bu soyqırımını tanıyan ştatların sayı 20-yə çatıb. 50 ştatdan 20-si. Çoxdur, yoxsa az? Hər bir nəticəyə mövcud şərtlər kontekstində baxmaq lazımdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı XX əsrin son onilliyində bəşəriyyətin vicdanına, insanlıq lövhəsinə vurulan qara ləkədir. Elə isə dünya gözü qarşısında baş verən bu boyda faciəni görməzdən gələ bilərmi? Yox deməyə tələsməyək. Çağdaş dünya hər nə qədər sürətli informasiya, qloballaşma üzərində köklənsə də, siyasi maraqlar və konyunktura üzündən göz-qulağı sağır ola bilir. Ona görməzdən gəldiyini göstərmək, duymaq istəmədiyini eşitdirmək gərəkdir. Amma ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların iliyinədək işləmiş o konyunktura səddini dəf etmək asan deyil.

* * *
Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, Ermənistanın Azərbaycana qarşı qəsbkarlıq siyasətini göstərən ən böyük həqiqət Xocalı soyqırımıdır. 2010-cu ildə ilk dəfə Amerikanın bir ştatı (Massaçusets) bu qətliamı tanıdı. Ondan beş il öncə, 2005-ci ilin fevralında iki amerikalı konqresmen (Don Barton və Solomon Ortis) Xocalı həqiqətini Konqresin divarları arasında dilə gətirmişdi. 613 azərbaycanlının qətlə yetirildiyi o müdhiş gecə haqqında gerçəyin dünyanın ən böyük dövlətinin qanunverici məclisində eşidilməsi üçün 13 il gözləmək lazım gəldi. Niyəsi barədə çox danışmaq olar, amma sadəcə bir faktı qeyd edəcəyik.
“1986-cı ildə mən ilk dəfə Konqresə üzv seçiləndə konqresmenlərin çoxu Azərbaycanın harada olduğunu xəritədə göstərə bilmirdilər” - bu etirafı 2003-cü ildə Bakıda konqresmen Kurt Ueldon etmişdi. 1986-cı ildə Qarabağ münaqişəsi hələ başlamamışdı, amma erməni lobbisinin təbliğat maşını iş başında idi. ABŞ-ın ən böyük ştatının (Kaliforniya) qubernatoru erməni əsilli Corc (Qurqen) Dokmecyan idi və o, 1986-cı ildə qondarma “erməni soyqırımı”nın tanınması haqqında aktı imzalamışdı. Amerikada “erməni yalanı” beləcə ayaq tutub yeriməyə başladı. 1990-cı ildə Dokmecyan ABŞ-a səfər edən SSRİ rəhbəri Mixail Qorbaçov üçün təmtəraqlı ziyafət təşkil edərək Qarabağdakı haydaşlarının “dərdi”ni ona anlatmışdı. Bu arada Konqresdəki erməni lobbisi də “Qarabağ həqiqətləri”ni yaymaqda idi. 1992-ci ilin oktyabrında Konqresdə keçmiş SSRİ respublikalarına yardım üçün “Azadlığa Dəstək Aktı” qəbul edilərkən Azərbaycan bu proqramdan kənarda qoyuldu və sənədə ölkəmizə yardımı yasaqlayan bənd əlavə edildi. Səbəb-bəhanə də yalanın ən böyüyü idi: Azərbaycan Ermənistanı nəqliyyat blokadasında saxlayır. Xocalıda törədilən soyqırımından, Şuşanın, Laçının Ermənistan tərəfindən işğalından sonra belə bir qərarın nə boyda ədalətsizlik olduğunu isə ancaq biz bilirdik. Çünki dünya gerçəyi bilmirdi.

* * *
Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin dünyaya, xəritədə Azərbaycanın yerini yeni öyrənən konqresmen-senatorlara, müxtəlif ölkələrin rəsmilərinə çatdırılması üçün işə sıfırdan başlamaq lazım idi. 1993-cü ildə respublikanın rəhbərliyinə qayıdan Heydər Əliyev hər xarici səfərə gedəndə özü ilə Azərbaycanın xəritəsini aparırdı. Bu münaqişənin mahiyyətini bilməyənlərə, yaxud özlərini bilməzliyə qoyanlara hər şeyi yerli-yataqlı göstərmək üçün. Sonralar buna gərək qalmadı. Azərbaycan dünyaya özünü tanıtmışdı. O cümlədən Xəzərdən Aralıq dənizinə uzanan neft kəməri ilə. İqtisadi imkanların diplomatiyada nə qədər güclü vasitə olduğunu hər kəs bilir. Azərbaycanın Qarabağ diplomatiyasında da bu vasitə öz sözünü deməkdədir.
Təsadüfi deyil ki, Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin beynəlxalq arenaya çıxması, ayrı-ayrı təşkilat və ölkələrdə münaqişəyə ədalətli baxışın təmin olunması məhz 2000-ci illərin əvvəllərindən, ölkəmizin iqtisadi (enerji) diplomatiyası ilə paralel aktivlik qazanıb. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında münaqişə ilə bağlı qəbul olunan qətnamədə ilk dəfə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, etnik təmizləmə həyata keçirməsi faktının təsbit olunması, ATƏT-in bununla bağlı faktaraşdırıcı missiyasının regiona gəlməsi, 2008-ci ildə BMT Baş Assambleyasında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini açıq mətnlə qeyd edən qətnamənin (1993-cü ilin dörd qətnaməsindəki “erməni qüvvələri” ifadəsindən fərqli olaraq) qəbulu, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər qurumların bənzər sənədləri bunun nəticəsidir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən acı həqiqəti olan Xocalı soyqırımının dünyada tanıdılması da bu illərin xronikasına daxildir. Xocalı faciəsi bəşər tarixinin qara ləkələri olan Çexiyanın Lidise (1942), Belarusun Xatın (1943), Fransanın Oradur (1944) kəndlərində, Bosniyanın Srebrenisa şəhərində (1995) həyata keçirilən qətliamlarla bir sırada dayanır. İllərin xronikasından görünür ki, bu cinayətlərin hər biri, əslində, bəşər tarixi üçün ibrət dərsi ola bilərmiş, amma olmayıb. Olsaydı, II Dünya müharibəsinin ən qanlı səhifələrini yaşamış Avropa yarım əsr sonra Xocalıda baş verənlərə biganə qalmazdı. Bu biganəliyin nəticəsi üç il sonra özünü göstərdi.
“Dünya ictimaiyyətinin gözü qarşısında Xocalı soyqırımı kimi ağır faciə baş verdi. Etnik mənsubiyyətə görə törədilmiş bu kütləvi qırğına beynəlxalq birliyin vaxtında adekvat münasibət bildirməməsi sonralar planetin başqa yerlərində, o cümlədən Avropanın mərkəzində soyqırımı cinayətlərinin təkrarlanmasına yol açdı” - Prezident İlham Əliyevin bu sözləri çağdaş dünyaya mesajdır. Xocalı Azərbaycan xalqının ağrı-acısı olmaqla bərabər, bəşəriyyətin də vicdan səsi olmalıdır. Dünya bu səsə qulaqlarını tıxadıqca, daha böyük acılara şahid olacaq.

* * *
Bu gün dövlətimiz, ictimai təşkilatlarımız və diaspor qurumlarımızla birgə apardığımız Xocalını tanıtma kampaniyasının məqsədi də bəşəriyyəti belə faciələri bir daha yaşamamaq üçün səfərbər etməkdir. Bu baxımdan 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan və hər il daha geniş miqyas alan “Xocalıya ədalət” beynəlxalq kampaniyasını xüsusi qeyd etmək lazımdır. Kampaniya çərçivəsində dünyanın onlarla ölkəsində çoxsaylı tədbirlər, aksiyalar keçirilib, müxtəlif dillərdə nəşrlər hazırlanaraq yayılıb, beynəlxalq təşkilatlara, parlamentlərə ünvanlanan petisiyalara yüz minlərlə imza toplanıb. Azərbaycanın, eləcə də müxtəlif ölkələrin yüzlərlə təşkilatının, minlərlə ictimai fəalın, diaspor nümayəndəsinin, bir çox əcnəbi ziyalıların dəstək verdiyi kampaniya sayəsində Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünyada yayılması ardıcıl və sistemli xarakter alıb.
Nəticədə dünyanın 10 ölkəsində (Pakistan, Türkiyə, Meksika, Kolumbiya, Sudan, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya), ABŞ-ın 20 ştatında qanunverici məclislər səviyyəsində Xocalı soyqırımı tanınıb. Müxtəlif ölkələrin rəsmiləri, parlament üzvləri Xocalı həqiqətini dilə gətirirlər.
Misal: 2008-ci ildə İsrail Knessetində ilk dəfə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirilmişdi. Sonrakı illərdə bu mövzuda ölkə siyasilərinin, ictimai xadimlərin çıxışları oldu. 2015-ci ilin 28 yanvarında isə İsrail Prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost qurbanlarına həsr olunmuş mərasimdə çıxışı zamanı dünyada soyqırımlardan bəhs edərkən Xocalını da yada saldı: “Bu gün beynəlxalq birlik kütləvi qırğınlarla bağlı göz yaşı tökür, amma az səy göstərir. Özümüzə sual etməliyik: soyqırımları ilə beynəlxalq mübarizə yetərlidirmi? Bu səylər Xocalıda insanların qırılmasının qarşısını almaq üçün təsirli oldumu?”
Bir əcnəbi dövlət başçısının BMT kürsüsündən Xocalıdan danışması elə-belə baş vermir. Bu, beynəlxalq miqyasda ardıcıl olaraq aparılan təbliğatın, görülən işlərin nəticəsidir. Amma hələ daha çox iş görülməlidir. Xocalıdan sonra baş verən Srebrenitsa qətliamı ilə bağlı Haaqa Beynəlxalq Tribunalında cinayət işi açılmış, müqəssirlərin bir qismi haqlı cəzalarını almışlar. Günlərin birində o müttəhimlər kürsüsündə Xocalı qırğınını törədənlər də əyləşməlidir.

* * *
Tarixi həqiqəti dünyada yaymağın ən təsirli vasitələri incəsənət əsərləridir. 2008-ci ildə Hollandiyanın Haaqa şəhərində Xocalı abidəsinin açılışı oldu. Sonrakı illərdə Berlində (Almaniya), Sarayevoda (Bosniya və Herseqovina), Mexikoda (Meksika), eləcə də Türkiyənin şəhərlərində (Ankara, İzmit, İzmir) Xocalı ilə bağlı memorial abidələr ucaldıldı, Çexiyanın Lidise şəhərində küçələrdən birinə Xocalı adı verildi. Bəstəkarlarımız Xocalı mövzusunda bir çox əsərlər yazıblar. Soyqırımı qurbanlarına ithaf edilən musiqilər sırasında fransalı bəstəkar Pyer Tiloyun “Xocalı 613” əsəri də var.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatların tribunalarından, təbliğat vasitələrindən geniş şəkildə istifadə olunmalı, xarici dillərdə yeni kitablar yazılmalı, ekran əsərləri yaradılmalıdır. Kino incəsənət növləri arasında ən effektiv təbliğat imkanlarına malikdir. İndiyədək kinematoqrafçılarımız tərəfindən Xocalı mövzusunda bir neçə film (“Fəryad”, “Haray”, “Xoca” və s.) çəkilib. Amma hələlik bu faciəni qlobal miqyasda dünya tamaşaçısına ona təsir edəcək tərzdə təqdim edən ekran əsəri ərsəyə gəlməyib. Bu işə tanınmış əcnəbi kinematoqrafçıları da cəlb etməklə dünya prokatına çıxarıla biləcək film çəkmək olar. Litvalı rejissorun Xocalıdan bəhs edən “Sonsuz dəhliz” sənədli filmi beynəlxalq festivallarda nümayiş olunur, bu sırada bədii kinolent niyə olmasın? Və bu, dövlət qurumlarından daha ziyadə bizim iş adamlarının imza atmalı olduqları layihə olmalıdır. Sağa-sola, dünya ulduzlarına pullar xərcləyən imkanlı azərbaycanlıların, nəhayət, bu ölkə, bu xalq adına tarixdə qalacaq gerçək bir mesenatlığa qol çırmalamasının vaxtı çatmayıbmı?

* * *
Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya yayılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi üçün dövlət bütün imkanlardan istifadə edir. 2015-ci ildə Azərbaycan Prezidenti 20 ölkəyə səfər edib, 15 ölkənin başçısı Bakıda qəbul olunub. Bu səfər və görüşlərin hamısında - əsas mövzu nə olursa-olsun - Azərbaycanın 1 nömrəli problemindən söz açılıb. Amma nə edəsən ki, bu gün dünya siyasətində, beynəlxalq təşkilatlarda “ikili standartlar” dərin kök salıb. Dünyanın dərdi həmişə çox olub. Hələ-hələ indiki qarışıq, bizə yaxın-uzaq regionlarda çatışmaların, qlobal böhranın yaşandığı dövrdə lap çoxdur. Buna rəğmən ümumi dərdimizi, milli davamızı dünyaya anlatmaq, sözümüzü bizi dinləmək istəməyənlərə eşitdirmək fərd və cəmiyyət, vətəndaş və dövlət olaraq hamımızın üzərinə düşən məsuliyyətdir. Həqiqət ən güclü silahdır, sadəcə, ondan bacarıqla istifadə etməliyik.

Vüqar Əliyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir