Ankaranın qədim şəhər mədəniyyətinin izləri eramızın əvvəllərinə gedib çıxır. Şəhərdəki qədim Roma tarixinin izləri də bunun nümunəsidir. Onlardan biri qədim Roma hamamıdır. Ulus meydanından İldırım Bəyazid meydanına uzanan yol üzərində, geniş yayla üzərində yer alan hamam binası 1939-1943-cü illər arasında qazıntılar zamanı ortaya çıxıb. Türkiyə paytaxtına gələn bütün turistlər mütləq bu yerə baş çəkirlər. Çünki Roma dövrü memarlıq tarixini araşdıranlar bu nümunənin klassik bir əyalət şəhərinin hamam tikintisindən fərqli, imperatorluq tərzində inşa olunmuş hamam olduğunu vurğulayırlar. Üstəlik, bu, Anadoluda tapılan ən böyük Roma hamamıdır.

Ərazidə aparılan genişmiqyaslı qazıntılar nəticəsində ortaya çıxan tikili açıq hava muzeyi kimi turistlərin ziyarətinə açılıb. Ərazinin müəyyən hissəsi aşkar edilsə də, digər qismində, xüsusilə də hamamlar olan hissəsində hələ ki, arxeoloji qazıntılar başa çatdırılmayıb. Burada Roma dövrünə aid olan bölmələr var: Roma hamamı, palaestra və sütunlu yol.
Beləliklə, üç bölmədən ibarət olan, 65 min kvadratmetr ərazini əhatə edən bu sahə 1997-2001-ci illər arasında yenidən açıq hava muzeyinə çevrilib. Hazırda burada 1000-ə qədər əsər nümayiş etdirilməkdədir. Bunlar məzar stelləri, postamentlər və su bəndləri, mehrab və s. memarlıq nümunələridir. Geniş bir ərazinin mərkəzində aslan heykəlləri də sərgilənməkdədir. Ərazidəki məzarüstü yazılar xüsusilə diqqət çəkir. Bunların əksəriyyəti Roma və Bizans dövrlərinə aiddir və çoxu günümüzdə tərcümə edilib. Hamamın ərazisindəki daş kitabələr dövrün iqtisadi, sosial, mədəni və idarəetmə quruluşu və idman tədbirləri ilə bağlı məlumat almaq baxımından çox faydalıdır.
Deyilənlərə görə, ötən əsrin 20-ci illərində Çankırı küçəsi tikilərkən sütunlu yolun böyük bir hissəsi küçənin və onun ətrafındakı tikililərin altında qalaraq yox olub. Bizim eranın II-III əsrləri arasında tikilməsi güman edilən bu yolun sütunları boz rəngli mərmərdən olmaqla kornif tipli başlıqlardan ibarətdir. Bu sütunların hər iki tərəfində tikili qalıqları tapılıb. Tikililərin tapıldığı bölgədə Bizans və Roma dönəminə aid pullar da aşkarlanıb. Burada tapılan bəzi nümunələr (bişmiş torpaqdan hazırlanmış insan fiqurları, sümükdən hazırlanan bəzəkli at qoşqu ləvazimatı və s.) Anadolu Mədəniyyətləri Muzeyində sərgilənir.
İdman sahəsi adlanan yer isə qədim zamanlarda “Gimnaziya”nın bir hissəsi olub. Bu açıq sahənin həm də “Güləş məktəbi” adlandırılması burada idman yarışlarının keçirilməsi ilə əlaqədardır.
Bu memarlıq abidəsini bir sıra vasitələrlə öyrənmək mümkündür. Məsələn, adətə-ənənəyə görə, hamama gələnlər, onun pulsuz olmasına rəğmən hamam kənarındakı kanallara sikkə atardılar. Həmin pulların üzərindəki yazıları oxumaqla tikilinin hansı dövrə aid olduğu və neçə il boyunca istifadə edildiyi bəlli olur. Uzunluğu 130 metr, eni 80 metr olan hamama su 60 km uzaqda olan Alma dağından daş borularla gətirilmiş və su hamamla bilikdə şəhərin bütün küçələrinə verilirmiş.
Hamamın inşaat üslubu, istifadə edilən texnika dövrün yüksək tikinti peşəkarlığından xəbər verir. Hamamın ətrafında ocaqdan gələn isti havanın rahatca gəzdiyi sütunlardan ibarət yeraltı isitmə təsisatı olub, habelə su anbarı olub.
VII əsrdə baş verən yanğın nəticəsində tikilinin tarixi təhrif olunsa da, arxeoloji qazıntılar nəticəsində tapılan pullar onun 500 ilə yaxın istifadə olunduğunu göstərir.
Bu gün Ankaranın mərkəzində tarixə qovuşaraq açıq hava altında muzeyə çevrilən bu məkan o qədər böyükdür ki, onu ziyarət etdikdən sonra istər-istəməz yorulursan. Elə bunu nəzərə alan muzey rəhbərliyi tərəfindən ziyarətçilərin dincəlməsi, yorğunluqlarını bir qədər çıxarmaları üçün giriş tərəfdə stullar da qoyulub. Muzeydən ayrılarkən, belə bir qənaətə gəlirsən: zaman ayırıb bu məkanı gəzməyə, görməyə dəyər. Hündür ərazidə qərar tutan bu məkanda özünü sanki antik dövrdə hiss edirsən. Muzeydən ayrıldıqda bu hisslərin təsiri altında birdən-birə özünü adamlarla, maşınlarla dolu gurultulu küçədə görmək insanda qəribə bir tarixi müqayisə, ziddiyyət yaradır. Sanki iki min il keçmişdən bu günə qədəm qoyursan...

Mehparə Sultanova
Ankara