Sovet İttifaqında ötən yüzilliyin 30-cu illərində həyata keçirilən repressiya əsasən milli düşüncə sahiblərini, xalqının müstəmləkə zülmündən xilas olması yolunda qətiyyət göstərən ziyalıların səsini batırmağa yönəlmişdi. Buna baxmayaraq, hər cür məhrumiyyəti, hətta ölümü belə gözə alan vətənsevər insanlar mübarizəni davam etdirirdilər.

Görkəmli tatar publisisti, dramaturq, pedaqoq və ictimai xadim Həsən Səbri Ayvazov (1878-1937) da xalqının azadlıq carçısı idi. Krımın Alupka qəsəbəsində dünyaya göz açan Həsən Səbri İstanbul və Qahirənin elm ocaqlarında ali təhsil almışdı. O, XX əsrin əvvəllərində Krıma dönür. Xalqının maariflənməsi üçün dövri mətbuatda məqalələr dərc etdirir. “Üsuli-tədris və təlim-tərbiyə” adlı metodik kitabını 1906-cı ildə Bakıda çap etdirir. Dərsliyin sonunda “Məktəbin müəllimlərinə aid nizamnaməsi”, “Məktəbin şagirdlərə aid nizamnaməsi” və beşillik təhsil müddəti üçün proqram nümunəsi də verilmişdi.
Rusiyanın II Dövlət Dumasına deputat seçilən publisist, islahatçı görüşləri ilə tanınan Rəşid Mehdiyev 1906-cı ildə ana dilində qəzetin nəşrinə icazə alır. Həsən Səbri qəzetin redaktoru təyin olunur. O, qəzetdə işləyə-işləyə ədəbi yaradıcılığını davam etdirir, “Nədən bu hala qaldıq?” pyesini qələmə alır. Əsər Bakıda “Füyuzat” jurnalında işıq üzü görür, 1907-ci ildə isə Bakıda kitab şəklində çap olunur və tamaşası hazırlanır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Ənvər Çingizoğlu araşdırmasında yazır ki, Həsən Səbri özünü həmişə İsmayıl bəy Qaspralının tələbəsi hesab edib, onun köməkçisi və məsləkdaşı olub. Qaspralı “Tərcüman” qəzetinin redaktorluğunu da məhz ona tapşırıb. Axır nəfəsində İsmayıl bəyin yanında olan və onun son sözlərini türk dünyasına da Həsən Səbri çatdırıb.
Çarizmin süqutu ilə nəticələnən 1917-ci ilin fevral inqilabı Krımda da əks-səda yaradır. Krım azadlıqsevərləri öz cümhuriyyətlərini elan edirlər. Noman Çələbi Cihanın rəhbərliyi altında Krım milli hökuməti qurulur. 17 noyabrda parlament seçkiləri keçirilir. Sıralarında qadınların da olduğu 76 deputat qurultay üçün Baxçasarayda toplaşır. Qurultayda Krım Xalq Respublikasının Anayasasını hazırlamaq üçün komissiya yaradılır. Komissiyaya N.Ç.Cihan, Cəfər Seyamət, Cəfər Ablay və H.S.Ayvazov üzv seçilirlər. Onların hazırladığı Anayasa geniş müzakirədən sonra dekabrın 13-də qəbul olunur. Ölkədə parlamentli respublikanın yaradıldığı elan edilir və Həsən Səbri parlamentə sədr seçilir.
Ukrayna Radası yeni respublikanı tanısa da, bolşevik Rusiyası bu müstəqilliklə barışa bilmir. Vətənini çətin durumdan qurtarmaq üçün Həsən Səbri Krım dövlətinin təmsilçisi kimi İstanbula gedir. Krımın müstəqilliyi ideyasına Osmanlı dövlətinin mənəvi-siyasi dəstək verməsinə nail olur. Lakin 40 minlik rus qoşunu üç minlik Krım ordusunu məğlub edir və gənc respublika 1918-ci il yanvarın 26-da süquta uğrayır.
H.S.Ayvazov 1917-ci ilin iyulun 27-də İstanbulda “Millət” qəzetini nəşr etdirir. Qəzet 1918-ci il fevralın 1-dən Bakıda çap olunur. 187 sayı işıq üzü görən qəzet 1919-cu ildə bağlanır.
Həsən Səbri türk xalqlarının latın əlifbasına keçməsi yolunda böyük səy göstərir. “Latın əlifbasına dair”, “Oktyabr inqilabı və tatar münəvvərləri” (1927), “Qiraət kitabı”, “Məyus şairlərimiz” (1928) və başqa əsərlərini çap etdirir. “Yeni dünya”, “Okul işleri” jurnallarında dilçiliyin müxtəlif sahələrindən bəhs edən məqalələri dərc olunur. Latın əlifbası ilə dərc olunan “Gözaydın” jurnalına redaktor təyin edilir. Tərcüməçiliklə də məşğul olan Həsən Səbri Azərbaycanın tanınmış maarifçisi, naşir Haşım bəy Vəzirovla birlikdə U.Şekspirin “Otello” faciəsini və bir neçə Avropa yazıçısının əsərlərini ana dilinə tərcümə edir. Azərbaycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında rusdilli mətbuata məqalələr yazır.
H.S.Ayvazov keçmişdəki milli fəaliyyətlərinə görə 1932-ci ildə çalışdığı Pedaqoji İnstitutdan xaric olunur. 1937-ci il aprelin 4-də həbs edilir və bir il sonra güllələnir.

Savalan Fərəcov