“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir”
İlham Əliyev

Azərbaycan əsrlərdir çoxmədəniyyətliliyin, mədəni zənginliyin, multikultural dəyərlərin bərqərar olduğu unikal bir məkandır. “Multikulturalizm” termin kimi meydana gəlməzdən çox-çox əvvəl ölkəmizdə bu anlayışın real örnəyi mövcud olub və bu gün də davam etməkdədir. Özü də bu birgəyaşayış tarixən, təbii proses olaraq təşəkkül tapıb, formalaşıb.

Çoxmədəniyyətlilikdə dövlətlə xalqın düz mütənasibliyi

Qarşılıqlı hörmətin, etimad mühitinin olmadığı cəmiyyətlərdə xalqların kompakt yaşaması asan deyil. Etnik və dini zəmində toqquşmaların baş verdiyi çoxsaylı ölkələri bu mənada nümunə göstərmək olar. Diqqət etsək görərik ki, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə birgəyaşayışla bağlı ciddi olaylar yaşanır, etnik qarşıdurmalar baş verir.
Bu kontekstdə bəzən dövlət siyasəti ilə yanaşı, çoxluq təşkil edən etnosların mütləq söz sahibliyi iddiası tolerant mühitin formalaşmasına ciddi maneələr törədir. Azərbaycanda isə dövlətlə xalqın çoxmədəniyyətliliyə münasibətində ziddiyyət təşkil edən məqamlar yoxdur. Əgər bir çox inkişaf etmiş cəmiyyətlərdə multikulturalizmin nəzəriyyəsindən söz açılırsa, Azərbaycanda bunun real əsasları, tarixi yaşam modeli mövcuddur. Bu real zəmin eyni zamanda dövlət siyasəti ilə daha da möhkəmləndirilir.
Dövlət başçısının müvafiq fərman və sərəncamı ilə 2014-cü ildə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Prezidentin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında 11 yanvar 2016-cı il tarixli sərəncamı bir daha göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş təbliğ olunması daim diqqət mərkəzindədir.
Ölkə rəhbəri çıxışlarında dəfələrlə qeyd edir ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bu gün artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq forumlar, festivallar, idman yarışları və s. fərqli mədəniyyətlərin görüşməsinə, qarşılıqlı əlaqəsinə imkan verir. Eyni zamanda Azərbaycana gələn xarici vətəndaşlar buradakı multikultural atmosferə heyran qalır, təəccüblərini gizlədə bilmir, belə bir mühitin analoqunun olmadığını dilə gətirirlər.
Bu mənada BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Bu gün Azərbaycan öz mədəniyyəti ilə bütün dünyada tanınır və milli-mədəni irsimizi daha yüksək səviyyədə təbliğ etmək, respublikamızda multikultural atmosferin saxlanması üçün BMT, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, əhəmiyyətli layihələrə qatılır və ya dəstək verir.
Xatırladaq ki, Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun paytaxtımızda keçirilməsi ilə bağlı qərar 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Sivilizasiyalar Alyansı Dostlar Qrupunun nazirlər toplantısında qəbul edilib. Ölkə başçısı İlham Əliyevin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Qlobal Forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Təşkilat Komitəsinin sədri təyin edilib.
Multikulturalizm müasir Azərbaycanın dövlət siyasətidir və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Buna bariz nümunə kimi ənənəvi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşləri, milli və dini bayramlar ərəfəsində ölkə rəhbərinin təbrik və arzularını, milli azlıqların mətbəx, musiqi və folklor festivallarını göstərə bilərik.
Bu gün Azərbaycan dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Ölkəmizin sahib olduğu çoxmədəniyyətli dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun mühüm xidmətlərini qeyd etməliyik. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutmaqla yanaşı, artıq Azərbaycan hüdudlarını aşır və Avropadan Asiyaya, Afrikayadək geniş coğrafiyanı əhatə edir.
Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün müvafiq şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib və dünyada multikulturalizmin modeli kimi Azərbaycan nümunəsi öyrənilir. 2011-ci ildə Azərbaycan paytaxtında təməli qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi ənənəvi tədbirlər bu sahədə məsələlərin müzakirəsi üçün unikal platformaya çevrilib.
25-27 aprel 2016-cı il tarixində gerçəkləşəcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna da Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq işi aparılır. Forum “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi ilə keçiriləcək. Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev BMT Radiosuna müsahibəsində Qlobal Forumu dünyada baş verən prosesləri qiymətləndirmək üçün daha bir imkan kimi dəyərləndirib. Qeyd edib ki, Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya töhfələr verməkdən ibarətdir. Əbülfəs Qarayev deyib: “Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə, bunun əsas səbəbi mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə forumlar çərçivəsində ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir”.
Forumda bir sıra ölkələrin dövlət başçıları və yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən də BMT-nin baş katibi Ban Ki Moon və digər nüfuzlu qurumların nümayəndə heyətlərinin, 180-dək ölkədən 2500-dən çox qonağın iştirakı gözlənilir. Forum çərçivəsində gənclər üçün beynəlxalq tədbirin keçirilməsi də nəzərdə tutulur. Bunun üçün müxtəlif ölkələrdən tədbirə qoşulmaq arzusunu bildirən 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Forumda mətbuat üçün zəngin proqram nəzərdə tutulub. Bura həm forumun işıqlandırılması, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyalar daxildir.
Onu da əlavə edək ki, mötəbər tədbirlə bağlı ölkəmizdə fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələrindən ibarət 400 nəfərdən çox könüllü seçilib. Üç gün davam edən və Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Eyni vaxtda müxtəlif salonlarda 8 tədbir keçiriləcək. Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu da düzənlənəcək. Dünyanın 100-dən çox tanınmış şirkəti simpoziuma dəvət olunub.

Dünyanın mehriban ünsiyyətə, qarşılıqlı anlaşmaya ehtiyacı var

Tədbirin başlıca məqsədlərindən biri də dünya əhalisinin diqqətini planetdə baş verən qlobal hadisələrə yönəltmək, onların həllində insanları yaxından iştiraka çağırmaqdır. Forumda uşaqların böyük həvəs göstərdiyi kompüter oyunları, mobil telefonların və bu kimi çağdaş cihazların insan sağlamlığına təsiri, insanlarda nifrət hissinin yaranmaması, idman və davamlı inkişaf, dünyada sülhün qorunması, miqrant probleminin həlli yolları və başqa qlobal məsələlər müzakirə olunacaq.
Forumun proqramına uyğun olaraq, Xarici İşlər Nazirliyi ilə birlikdə “Bakı bəyannaməsi”nin layihəsi hazırlanıb. Bəyannamə layihəsi BMT-nin qərargahında müzakirə olunaraq alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb.
Forum çərçivəsində qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif mədəni proqramlar da təşkil olunacaq.
Təbii ki, bu cür mötəbər tədbirlər ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasına, nüfuzunun artmasına, eləcə də Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına xidmət edir. Azərbaycan artıq Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edərək dünya ictimaiyyətinin diqqətini özünə cəlb etməyi bacarıb.
İnanırıq ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə mədəni əməkdaşlıq sahəsində yeni tərəfdaşlar qazandıracaq, sülh və sabitliyə, eyni zamanda iqtisadi və siyasi əlaqələrin daha da genişlənməsinə yeni zəmin yaradacaq. Həm də bu gün dünyanın ünsiyyətə, qarşılıqlı anlaşmaya həmişəkindən daha çox ehtiyacı var. Günü-gündən müxtəlifləşən və daha az etibarlı hala gələn beynəlxalq münasibətlər etimada söykənməlidir. Azərbaycan məhz bu məramla yola çıxıb və öz nümunəsi ilə bəşəri dialoqa töhfələr verməkdədir.

Lalə Azəri

Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir