Ölkəmiz yüz illərdir multikultural dəyərlərin bərqərar olduğu unikal bir məkandır. Bu dəyərlərin sahibi və daşıyıcısı Azərbaycan xalqıdır. Müasir Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri məhz ölkədəki bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılması‚ o cümlədən dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olmasıdır.
Azərbaycanda multikulturalizm siyasətinin banisi olan ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Prezident İlham Əliyev ümummilli lider tərəfindən əsası qoyulan bu siyasəti uğurla davam etdirir. Dövlət başçısı çıxışlarında hər zaman qeyd edir ki, multikulturalizm xalqımızın həyat tərzidir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi və bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi hislərin yayılması onun inkişafının ən yüksək mərhələsi olduğunu göstərir. Həmçinin bu, multikulturalizm ideyalarının ictimai şüurda möhkəmlənməsini və bərabər siyasi münasibətin öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir.
Ölkəmizdə multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi sahəsində möhtəşəm layihələrə imza atan Heydər Əliyev Fondu bu sahədə bir örnək təşkil edir. Belə ki, 2007-ci ildə İslam Əməkdaşlıq Təşkilatı yanında üzv qurum statusuna malik olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən BMT-nin eyniadlı proqramında gənclərin iştirakını təmin etmək məqsədilə “Gənclər Sivilizasiyaların İttifaqı uğrunda” layihəsi təklif olunmuşdur. Bu layihə çərçivəsində həmin ilin payızında Bakıda “Gənclərin Sivilizasiyası Düşərgəsi” və “Nəsillərarası Beynəlxalq Konfrans” keçirilmişdir. Bundan əlavə, 2012-ci ilin aprel ayında keçirilən tədbirdə Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatı yaradılması ilə bu layihə institusional xarakter almışdır.
Bu kontekstdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və digər qurumlar da sözügedən istiqamətdə işlər həyata keçirirlər. Bütün bunlar mədəni müxtəlifliyin qorunmasında dövlətlə vətəndaş cəmiyyətlərinin birgə fəaliyyətlərinin göstəricisidir.
Bu gün respublikamızda mövcud olan multikultural dəyərlərin, tolerant mühitin beynəlxalq müstəvidə düzgün təbliğinin nəticəsidir ki, artıq bir çox ölkələrdə Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir, tədris olunur.

Günay Süleymanova
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşı