Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini minnətdarlıq hissi ilə yad edirik

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü tamam olur. 1918-ci ildə xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şanlı səhifəsidir. Müsəlman Şərqinin ilk demokratik, parlamentli dövləti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi.
1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurasının Tiflisdə keçirilmiş iclasında qəbul olunan “İstiqlal Bəyannaməsi”ndə deyilirdi: “Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
Müstəqil Azərbaycan Dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır”.
Xalq Cümhuriyyəti cəmisi 23 ay ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tariximizdə silinməz yeri, Azərbaycan xalqının istiqlal arzusu, müstəqil dövlətçilik salnaməsi qalmışdı.
Bu gün müstəqil Azərbaycan Respublikasının 25-ci ilində tariximizə istiqlal bayramını yazdırmış şəxsiyyətlərimizi, Cümhuriyyətin qurucularını rəhmətlə anır, xatirələrini minnətdarlıq hissi ilə yad edirik. Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi, sərhədləri bütöv olsun! İstiqlal bayramınız mübarək!