- Sahələrimiz xoşuna gəlirmi?
- Bəli. Hələ iki min il bundan qabaq yunan alimi Strabon yazırdı ki, Muğan elində torpaq Babil və Misir ölkəsindən də yaxşıdır. İldə iki-üç dəfə məhsul verir.
- İki-üç dəfə?
- Bəli.
- Çalışan götürər. Axı ilin on ayını günəş Muğanda çıxır, Muğanda da batır...

Xalq yazıçısı Mirzə İbrahimovun “Böyük dayaq” romanı (1957) əsasında lentə alınmış (1962) eyniadlı bədii filmdən kolxoz sədri Rüstəm kişi ilə gəlini, aqrotexnik Mayanın bu dialoqunu yəqin çoxları xatırlayır. Ötən əsrin ortalarında Muğan düzündə şoranlaşmış torpaqlara yeni həyat verən, alın təri ilə bu yerlərin görkəmini dəyişən əmək qəhrəmanları haqqında ekran əsəri. Əfsanələrə bürünmüş tarixi, bərəkətli torpağı, zəhmətsevər insanları ilə Muğan neçə salnaməçi, yazıçı, şair və rəssam üçün mövzu və ilham qaynağı olub. Onlardan ən qədiminə - Strabonun eramızdan əvvəl I əsrdə yazdığı “Coğrafiya” (17 kitab) əsərinin 11-ci kitabına nəzər salaq.
Kitabın Qafqaz Albaniyasından bəhs edən 4-cü bölümündə müəllif Kür (Kir) və Araz çayları arasındakı Muğan torpaqlarından söz açır: “Burada torpaq o qədər bərəkətlidir ki, nə əksən bitir. Bir dəfə şumlanmış torpaq ildə iki-üç dəfə məhsul verir. Bu düzənlik öz çayları və suları ilə Babil və Misirdən də yaxşı suvarılır. Üzüm ağacları ikinci ilində bar verir, böyüdükdən sonra isə o qədər salxımı olur ki, bir hissəsi yığılmayaraq budaqlarda qalır”.
Təbii ki, Strabonun heç vaxt ayaq basmadığı min kilometr uzaqlıqdakı yerlər haqqında belə təfərrüatlı bəhs etmək üçün əsaslandığı mənbələr vardı. Onlardan biri də e.ə. 66-65-ci illərdə Pompeyin Qafqaza yürüşü zamanı onu müşayiət etmiş salnaməçi Mitilenli Feofanın qeydləri idi.
İki min ildən çox öncəyə aid bu qeydlər təsadüf deyildi. Kür-Araz (Muğan) mədəniyyəti e.ə. III-I minilliklərdə Cənubi Qafqaz ərazisində mövcud olmuş ən qədim mədəniyyət qatlarından biri olub. Arxeoloji qazıntılar nəticəsində Babazanlı ərazisində (Salyan rayonu) e.ə. VIII əsrə aid yaşayış məskəni qalıqlarının aşkarlanması buna misaldır. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Muğan Babazanlı abidələrinin 2800 illiyi tariximizin mühüm bir səhifəsi kimi qeyd edildi.
Minilliklər öncə Muğanda məskən salmış əkinçi-maldar tayfaların həyat və məişəti ilə bağlı izlərə Saatlı rayonu ərazisində də rast gəlmək olar. Rayonun Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. III-II minilliklərə aid arxeoloji abidələr tapılıb.

Haşiyə. 2012-ci ilin 27 oktyabrında ölkə başçısının iştirakı ilə Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışı oldu. Ən müasir muzey texnologiyaları əsasında qurulmuş ekspozisiya ziyarətçiləri bir neçə min illik tarixə səyahətə aparır. Arxeologiya bölməsində rayon ərazisində tapılan, Kür-Araz (Muğan) mədəniyyətindən orta əsrlər dövrünədək məişət əşyaları sərgilənir. Etnoqrafiya bölməsində son bir neçə əsrdə yerli əhalinin həyat tərzini və məişətini əks etdirən eksponatlar, mədəniyyət bölməsində xalçaçılığa aid nümunələr, bəzək əşyaları nümayiş olunur.

Azərbaycanın cənub-şərq hissəsində, Kür-Araz ovalığında yerləşən Muğan düzü əkinçilik və maldarlıq üçün yararlı torpaqları ilə təkcə yerli tayfalar üçün deyil, yadellilər üçün də cəlbedici olub. Zaman-zaman burada məskunlaşmış insanlar sonradan fərqli (o cümlədən istila və işğallar) səbəblərdən müxtəlif yerlərə köç edərək Muğan adını da özləri ilə daşıyıblar. Azərbaycanın 10-dan çox rayonunda Muğan toponimli yaşayış məntəqəsi var. Tədqiqatçılar bu toponimləri qədimdə burada yaşamış muq (muğ) tayfalarının adı ilə əlaqələndirirlər.
Muğanda erkən orta əsrlərdə eyniadlı şəhərin olması barədə də mülahizələr var. Ərəb müəlliflərinin (Müqəddəsi, Yəqub əl-Həməvi) məlumatına görə bağlarla əhatə olunmuş Muğan Xəzər dənizindən qərbdə, iki çay arasında - Ərdəbildən ikigünlük məsafədə yerləşirdi. Azərbaycanlı səyahətçi və coğrafiyaşünas Zeynalabdin Şirvani XIX əsrin əvvəlində yazırdı: “Muğan məşhur vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri var”. Bəzi mənbələrə görə, Muğan şəhəri ərəb istilası və ya XIII əsrdə monqol yürüşləri zamanı dağıdılıb.

Haşiyə. Yazıçı Əhmədağa Muğanlı “Şəhriyar əfsanəsi” povestində (1973) Muğan elinin baş şəhəri olmuş və yer üzündən silinmiş Şəhriyar qalasından bəhs edir. Qala barədə iki əfsanədən söz edilir. Birinci əfsanəyə görə, burada yaşayanlar oda sitayiş edirmişlər və xəlifə Əmir-əl-Möminin bəd duasına görə qala yerlə-yeksan olub. İkinci əfsanədə deyilir ki, Muğanda min ildə bir dəfə güclü daşqın olarmış və qala bu daşqın zamanı sulara qərq olub.

Həqiqətən də, su dirilik, bərəkət olmaqla yanaşı, fəlakət də olur. 1896-cı ildə Araz çayının yatağından çıxması nəticəsində Muğanda bir çox göllər, onların ətrafında qamışlıqlar yaranmışdı. Yalnız illər sonra çay öz yatağına qayıtdı, su altında qalıb şoranlaşan torpaqdakı fəsadlar isə onilliklər sürdü.
Bu yerdə Səməd Vurğunun “Muğan” poemasında təbiətin hər üzünü görmüş çobanın dediyi sözlər yada düşür:

Muğan Muğan olsa, biri üç elər.
Muğan tufan olsa, üçü heç elər...


“Muğan” poeması da bu torpaqda biri üç etmək üçün gecə-gündüz çalışanları tərənnüm edir. Ötən əsrin 20-30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağın ətəyinin yarılaraq Kür üzərində su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948-49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.
Əsərin sonunda bir daha Muğanın seyrinə çıxan müəllif gördüyü mənzərədən şövqlə söz açır:

De, hanı, de, hanı otuz il qabaq
Gördüyüm Muğanın boz şoranları?
Gəzirəm, gəzirəm alqışlayaraq,
Muğanı yenidən yaradanları!


“Muğan” poeması Vətən torpağına vurğun şairin qəlb səsidir. Şairin dillər əzbəri olan “Nə gözəl yaraşır Muğana ceyran” misralı “gözəlləməsi” isə poemanın ən lirik nəğməsidir.
Vurğundan əvvəl də, sonra da Muğanın bu gözəl elçisinə vurulanlar çox olub. Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü Səttar Bəhlulzadə bu yerləri günlər, aylarla gəzmiş, silsilə sənət inciləri (“Muğanda”, “Muğanda bahar”, “Kür boyunca”, “Muğan söyüdləri” və s.) yaratmışdı. Səttarın “Muğan gözəlləri” (1971) tablosu isə təbiətin bu qənirsiz varlıqlarını vəsf edən ən gözəl rəsm əsəridir.

Haşiyə. Böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev eyni zamanda sənət xiridarı idi. Müsahibələrinin birində incəsənət zövqündən söz düşərkən “ən çox sevdiyiniz sənət əsəri” sualına “Səttar Bəhlulzadənin "Muğan gözəlləri" cavabını vermişdi.

Heydər Əliyev Muğan torpağının gözəlliklərinə də, bərəkətinə və sərvətinə yaxşı bələd idi. Respublikada kənd təsərrüfatının, xüsusilə pambıqçılığın sürətlə inkişaf etdirildiyi 70-ci illərdə bu torpağı qarış-qarış gəzmiş, o cümlədən üç dəfə Saatlı rayonunda olmuşdu. O dövrdə rayonda yaradılan aqrar-sənaye kompleksi, müvafiq infrastruktur bu diqqətin nəticəsi idi.
İllər sonra, müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev aqrar islahatlara dair müşavirələrin birində o dövrdə Muğanda yaradılmış meliorasiya sistemlərinin kənd təsərrüfatının yeni iqtisadi şəraitdə inkişafı üçün əhəmiyyətini vurğulamışdı: “Bunlar on illər ərzində yaranıbdır, bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik... Burada bildirildi ki, Saatlı rayonunda taxılı biçəndən sonra sahələrdə pambıq əkərək ikinci məhsul götürürlər. Keçmiş illərdə biz bu təcrübədən çox istifadə edirdik. Bu üsuldan yenə istifadə etmək lazımdır”.

Strabonun iki min il əvvəl haqqında söz etdiyi Muğan torpağı bu gün də bərəkətini əsirgəmir. Sadəcə, bundan bacarıqla istifadə etmək lazımdır. Bu gün dövlət tərəfindən aqrar sektorun dirçəldilməsinə ayrılan diqqət və vəsaitin, həyata keçirilən layihələrin nəticələrini Saatlı rayonunun timsalında da görmək mümkündür.
Muğan düzündə, Araz çayının sağ və sol sahillərində yerləşən Saatlı rayonunun 44 yaşayış məntəqəsi, 101 min əhalisi var. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, bunun da 61 faizi bitkiçilik, 39 faizi heyvandarlıq sahəsinin payına düşür. Pambıq emalı müəssisələri, konserv məhsulları kombinatı fəaliyyət göstərir. Rayonun ən böyük müəssisələrindən biri Biyan məhsulları istehsalı zavodudur.

Haşiyə. 1638-ci ildə Muğanda olan alman səyyahı Adam Oleari burada çoxlu, bəzən qol yoğunluğunda biyan kökü bitdiyini, onun şirəsinin Almaniyadakından daha tamlı olduğunu qeyd etmişdi. Biyan bitkisinin qiymətini alman Oleari yaxşı bilirdi, biz də sonralar bildik, amma daha çox xaricdən idxal edilən biyan tərkibli dərmanlar sayəsində. 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı rayonunun Gomuşçu kəndi ərazisində ildə 200 min ton yaş biyanı emal etmək gücü olan zavod istifadəyə verildi. Zavodda biyan tableti, biyan turşusu və ekstratı istehsal edilir.

“Biyan məhsullarına tələbat böyükdür, bu zavodun məhsulları Azərbaycan markası altında xarici bazara çıxarılacaq. Saatlı rayonunun böyük potensialı, kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanları var və biz, bunu stimullaşdırmalıyıq”, - deyə Prezident İlham Əliyev bildirmişdi.
Onu da qeyd edək ki, ölkə başçısı 2008-ci ildən bu yana Saatlıya beş dəfə səfər edib və hər səfər yeni obyektlərin açılışı ilə yadda qalıb. 2010-cu ildə subasmaya məruz qalmış Novruzlu kənd sakinləri üçün yeni qəsəbə salınıb, 2011-ci ildə yenidən qurulan Saatlı-Musalı-Məzrəli avtomobil yolu, 2012-ci ildə Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi açılıb, Mərkəzi Xəstəxana yenidən qurulub. 2013-də Saatlı Olimpiya İdman Kompleksi, 17 məntəqəni birləşdirən avtomobil yolu, 2014-də rayon ərazisindən keçən 72 km-lik Bulaqlı-Bəhrəmtəpə yolunun açılışı olub.
Kəndlərin bir qismində içməli su təminatı üçün qurğular istifadəyə verilib. Qarşıda duran əsas məsələlərdən biri Saatlı şəhərinin və qalan yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması və rayonda qazlaşdırmanı tam şəkildə həyata keçirilməsidir. Prezident 2014-cü ildə rayon sakinləri ilə görüşdə bunu xüsusi vurğulayıb: “Növbəti illərdə Saatlı şəhərini davamlı içməli su ilə təmin etmək üçün layihə başa çatacaq. Şəhər tam şəkildə qazlaşdırılmalıdır və bütün kəndlərə qaz xətləri çəkilməlidir. Beləliklə, bütün infrastruktur layihələrinin icrası nəticəsində yeni bir dövr başlanacaqdır”.

Bu torpaqda insanlar ta qədimdən əməksevər, yurd, Vətən təəssübkeşi kimi yetişiblər. Saatlı rayonu Azərbaycanın ərazi bütövlüyü uğrunda 120-dək şəhid verib. Bayraq meydanında şəhidlərin barelyeflərini əks etdirən xatirə kompleksi rayon sakinlərinin and yeridir. Oğulların qəhrəmanlığı bədii əsərlərə köçərək yaddaşlarda yaşayır. Bu ilin yanvarında Gənclər Mərkəzində təqdimatı keçirilən “Nigaran ruhlar” sənədli filmi də belə nümunələrdəndir. Mətbuat Şurasının “Bitməyən müharibənin qəhrəmanları” layihəsi üzrə hazırlanmış film şəhid Fariz Novruzov haqqındadır. Şura sədri, Saatlı rayonundan millət vəkili Əflatun Amaşov gənc nəslə örnək olan Vətən övladlarının xatirəsini əbədiləşdirən ekran əsərlərinin gələcəkdə də ərsəyə gələcəyini vurğulayıb. Torpaq sevgisi imandandır. Onu əkib-becərmək də, canı bahasına qorumaq da.

Vüqar Əliyev

Yazı Azərbaycan Mətbuat Şurasının
və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur