Respublikamızın dilbər guşələrinə, tarixi-mədəni məkanlarına ekskursiyalar gənc nəslin vətənsevərliyini, doğma yurd haqqında biliklərini daha da artırmasına vəsilə olur

Müasir dünyada turizm olduqca əhəmiyyətli rola malikdir. Təsadüfi deyil ki, iqtisadiyyatı sürətlə irəliləyən dövlətlərin inkişaf strategiyasına nəzər saldıqda bu sahəyə nə qədər böyük diqqət ayrıldığının, sərmayələr qoyulduğunun şahidi oluruq. Ölkəmizin də zəngin təbii sərvətləri ilə yanaşı geniş turizm potensialı da var. Son illər dövlət tərəfindən qeyri-neft sektoruna, o cümlədən turizm sahəsinə xüsusi diqqət göstərilir, bu sahədə müasir infrastruktur yaradılır.


Təhsil aldığım Azərbaycan Diplomatik Akademiyasında professor və müəllim heyəti tərəfindən bizə aşılanan biliklərlə yanaşı, analitik yanaşma metodlarının tədris olunması, hadisələrə düzgün yanaşma qabiliyyətimin formalaşdırılması ayrı-ayrı mövzuların dərindən mənimsənilməsində yardımçı olur. Ölkəmin turizm imkanları və bu imkanlardan səmərəli istifadə də belə aktual mövzulardan biridir.
Turizm sahəsi üzrə fikirlərim bu sahə ilə bağlı oxuduğum elmi məqalələr və öz yaşadığım təcrübələr əsasında formalaşmışdır. Anam Mədəniyyət və Turizm Nazirliyində çalışır. Müşahidə etdiyim çox maraqlı və zənnimcə, önəmli olan məqamlardan biri də odur ki, nazirlik xarici turistlərin ölkəmizə daha çox cəlb olunması və bu istiqamətdə işlərlə bərabər, ölkəmizin tanıdılması məqsədi ilə müxtəlif infoturlar, ekskursiyalar və digər tədbirlər həyata keçirir. Həmçinin nazirliyin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə hər il nazirlik əməkdaşları üçün maraqlı ölkədaxili ekskursiyalar təşkil olunur. Bu səyahətlər zamanı əməkdaşlar və onların ailə üzvləri ölkəmizin tarixi yerləri, gözoxşayan təbiəti ilə tanış olur, mənalı istirahət zamanı turizm və mədəniyyət sahələri ilə bağlı diskussiyalar, fikir mübadiləsi aparırlar. Çox şadam ki, mən də, anamın digər həmkarlarının övladları kimi, bu maraqlı diskussiyaları dinləmək, özümü mədəniyyət və turizm işçiləri ailəsinin bir üzvü kimi hiss etmək imkanına sahibəm.
Mayın 21-də belə ekskursiyaların birində ölkəmizin və dünyanın ən qədim tarixi məkanlarından biri olan, Mezolit dövrünə məxsus yazıları ilə dünyada tanınan Qobustanda olduq. Qobustanda illər öncə anamla olmuşdum, bu mənim ora ikinci səfərim idi. Fərq onda idi ki, mən bu dəfə ora bu sahənin biliciləri ilə getmişdim və sözsüz ki, nəticədə daha çox maarifləndim. Onu da etiraf etməliyəm ki, orada rastlaşdığım və ünsiyyətdə olduğum bir çox xarici və yerli turistlər kimi, mən də Qobustanı ilk təəssüratlarıma əsasən xəyalımda yalnız olduqca tarixi əhəmiyyətə malik olan bir ərazi kimi canlandırırdım. Bu dəfə də ənənəyə sadiq qalaraq, ilk olaraq Qobustan rayonunun tarixi yerlərinə baş çəkdik, dağın döşündə tikilmiş ikimərtəbəli türbə və eyni zamanda xatirə məscidi kimi tanınan “Diri Baba” türbəsini ziyarət etdik. Türbənin hələ 1402-ci ildə, Şirvanşah I İbrahimin zamanında inşa edildiyini və Bakıdakı görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlı olduğunu öyrəndik. Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. Məlum həqiqət isə budur ki, «Diri Baba» müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər boyu bu ocağa tapınıb.
Daha sonra biz “Qobuland” ailəvi istirahət mərkəzində istirahətimizi davam etdirdik. Gördüklərimiz bizi sözün həqiqi mənasında valeh etdi. Mən Qobustan rayonu haqqında bundan öncə sahib olduğum ilk təəssüratlarımı təzələməli oldum. Burada qısa bir müddətdə inşa edilmiş turizm obyektləri, müasir standartlara cavab verən parklar və əyləncə mərkəzləri istirahətin əsl məkanıdır. Burada insanların rahat şəkildə istirahəti, onların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. İri və kiçik həcmli attraksionlar, velosipedlər, maşınlar, lazer tir, kartinq, voleybol və uşaq meydançaları, katamaran gəzintisi və digər xidmətlər istirahət edənlərin ixtiyarındadır. Əyləncə mərkəzində təbii və çoxsaylı süni göllər, fəvvarələr də mövcuddur. Mərkəzin əməkdaşları tərəfindən istirahətə gələnlərə yüksək xidmət göstərilir və onların təhlükəsizliyi tam təmin olunur. Bu cür yüksək xidmətin nəticəsidir ki, istirahət mərkəzinə gələn yerli və xarici turistlərin sayı artırmaqdadır. Turistlərin bu füsunkar təbiət haqqında fikirləri və görülən işlər barədə rəyləri bizləri sevindirir və bir daha vətənimiz və dövlətimizlə qürur duymağa sövq edir.
Gördüklərim və oxuduqlarım mənə bir daha deməyə əsas verir ki, turizmin inkişafı iqtisadiyyatın inkişafıdır. İqtisadiyyatın inkişafı isə xalqın rifahının yaxşı olması deməkdir. Biz gənclərə vətənimizin mədəniyyəti, onun dilbər guşələri, dünəni və bugünü haqqında biliklərimizin daha da artırılmasında böyük rol oynayan belə ekskursiyaların təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, nazirliyin Həmkarlar Komitəsinə minnətdarlığımızı bildirir, dövlətimizin mədəniyyət və turizm siyasətinin həyata keçirilməsində onlara uğurlar diləyirik.

Sevinc Novruzova
ADA Universitetinin tələbəsi