Türk sənət nümunələrinin nümayiş etdirildiyi Ankara Etnoqrafiya Muzeyi bir müddət Atatürkün uyuduğu məkan olub

Ankara Etnoqrafiya Muzeyi Türkiyə Cümhuriyyətində yaradılan ilk dövlət muzeyidir. Əvvəllər Arxeoloji Muzey kimi istifadə olunması düşünülsə də, sonra Rəsm və Heykəl Muzeyi olması ilə bağlı qərar verilib, rəsmi açılışından sonra isə indiki adını daşımağa başlayıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən muzeyin maraqlı tarixçəsi var. O həm muzey, həm də bir müddət Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün nəşinin saxlanıldığı muzey-mavzoley kimi fəaliyyət göstərib. Bu barədə bir qədər sonra. Əvvəlcə onun tikilmə tarixinə nəzər salaq.
Muzey binası Ankaranın “Namazgah” adı ilə tanınan səmtindəki bir təpədə inşa edilib. Deyilənlərə görə, bu məkanda Qurtuluş savaşı dönəmində cümə namazları qılınarmış və ona görə də həmin məkan belə adlanıb. 1925-ci ildə İstanbul Muzeylər müdiriyyətinin rəhbəri Xəlil Ethemin rəhbərliyi altında muzey eksponatları toplamaq və satın almaq üzrə xüsusi komissiya qurulur. Satın alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan muzeydə nümayiş etdirilir. 15 aprel 1928-ci ildə buranı ziyarət edən Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyəti barədə göstəriş verir. Beləliklə, Türkiyə Cümhuriyyətinin ilk dövlət muzeyi kimi Ankara Etnoqrafiya Muzeyi xalqın xidmətinə verilir.

15 illik mavzoley missiyası

Qeyd etdiyimiz kimi, muzey həm də müəyyən müddət Atatürkün nəşinin saxlanıldığı məkan kimi fəaliyyət göstərib. Belə ki, Anıtqəbir hazır olana qədər, yəni 1938-1953-cü illər arasında, Atatürk müvəqqəti olaraq burada dəfn edilib. Onun nəşi 1953-cü ildə Anıtqəbirə aparılaraq dəfn ediləndən sonra da muzeyin bu hissəsi Atatürkə hörmət əlaməti olaraq simvolik qəbir şəklində qorunmaqdadır.
Bir sözlə, Etnoqrafiya Muzeyi 15 il xatirə mavzoley missiyasını yerinə yetirib. Xarici ölkələrdən Türkiyəyə səfər edən dövlət başçıları, səfirlər, xaricdən gələn rəsmi heyətlərin və xalqın ziyarət yeri olub.
Muzeydə aparılan mühüm dəyişikliklərdən sonra 1956-cı ildə məkan təkrar xalqın xidmətinə verilib.

Memarlıq quruluşu

Dövrünün məşhur memarlarından olan Arif Hikmət Koyunoğlunun layihəsi üzrə tikilən Ankara Etnoqrafiya Muzeyinin maraqlı memarlıq quruluşu var. Bina dördbucaqlı olmaqla tək qübbəlidir. Vaxtilə binanın ortasında üzərindəki dam örtüyü açıq olan böyük mərmər hovuz da inşa edilib. Lakin sonralar muzeyin bir hissəsi Atatürkə müvəqqəti qəbir kimi ayrıldığından hovuz bağçaya köçürülüb, üzərindəki damı da örtülüb.
Muzeyin önündə at üstündə duran Atatürk heykəli olduqca möhtəşəm görünür. 1927-ci ildə Milli Təhsil Nazirliyi tərəfindən ucaldılan heykəlin müəllifi italyan sənətkar B.Conanicadır.

Anadolu etnoqrafiyasının rəngarəng mənzərəsi

İkimərtəbəli muzey binasının birinci mərtəbəsində ekspozisiya salonları, ikinci mərtəbəsində isə inzibati hissə yerləşir. Muzey girişdən sağ və sol istiqamətlərə ayrılır və irəlilədikcə böyük-kiçik salonlardan keçərək türk sənətkarlığının ən gözəl nümunələrini seyr etmək olur. Bələdçinin dediyindən bəlli olur ki, Etnoqrafiya Muzeyi Səlcuq dövləti zamanından günümüzə qədər ən gözəl türk sənət nümunələrinin nümayiş etdirildiyi məkandır. Muzey türk İslam dönəminə aid xalqın yaşayış tərzini əks etdirən etnoqrafik əsərlərlə zəngindir. Məsələn, Anadolunun toy adət-ənənəsi və müxtəlif şəhərlərinə aid geyimlər, türk əl sənəti, xalı və kilimlər, qəhvə mədəniyyəti və s. sərgiləndiyi salonlar muzeyin girişinin sağ tərəfindədir. Anadolunun müxtəlif bölgələrindən yığılmış xalq geyimləri, bəzək əşyaları, ayaqqabı nümunələri, Sivas bölgəsi qadın və kişi corabları, müxtəlif kisələr, dəsmallar, boğçalar, yataq örtükləri, gəlin paltarları ənənəvi türk sənətinin nümunələri kimi burada yer almaqdadır. Ən maraqlısı isə tematik qurulmuş ekspozisiyalardır. Məsələn, qəhvə dəmləmə və içilməsi mərasimində türk qəhvəsinin özəlliklərini əyani vasitələrlə görmək mümkündür. Başqa bir salonlarda isə xına qoyma mərasimi, toy mərasimi də cəlbedicidir.
Girişin sol tərəfindəki salonlarda isə çini və şüşə əşyalar, Osmanlı dövrü xəttatlıq sənəti nümunələri, Səlcuq və Bəyliklər dönəminə aid nadir ahşap (taxta) əl işləri sərgilənir. Anadolu misgərlik və metalişləmə sənətinin gözəl nümunələri arasında XV əsrdən qalma Məmlük qazanları, Osmanlı şərbət qazanları, ləyən, sini, qəhvə qabları, qayçıları və s. müxtəlif sənətkarlıq nümunələri yer alıb. Osmanlı zamanına aid yaylar, oxlar, çaxmaqlı tapançalar, tüfənglər, qılınc, yatağanlar və üzərinə Sultan II Mahmudun gerbi işlənmiş atlas parçalar da sərgilənən nümunələr arasındadır. Türk yazı sənətinin gözəl örnəkləri əks etdirən lövhələr də maraq doğurur.
Muzeyin maraqlı bölmələrindən biri də ağacişləmə sənəti nümunələrinin toplandığı məkandır. Rəngarəng əşyaların yer tutduğu salonlardan sonra sanki sakit bir məkana düşürsən: burda bütün əşyalar bir rəngdədir - tünd qəhvəyi. Türk ağacişləməsinin ən gözəl nümunələri, Səlcuq Sultanı III Keyhüsrevin taxtı (XIII əsr), Taşhur Paşa məscidi mehrabı (XII əsr), Çələbi Sultan mədrəsəsi qapısı (XV əsr) muzeyin əhəmiyyətli eksponatlarındandır.
Onu da qeyd edim ki, muzeydə həm də müasir standartlara cavab verən texnika da tətbiq olunub. Zalda qoyulmuş video-ekran vasitəsilə muzeyin tarixinə səyahət etmək mümkündür. Muzeydə xüsusilə Anadolu etnoqrafiya və folkloru, sənət tarixi ilə bağlı əsrləri ehtiva edən kitabxana da var. Muzey Ankaraya gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

Mehparə Sultanova
Ankara