Çankırı Türkiyənin iç Anadolu bölgəsində yer alan eyniadlı vilayətin mərkəzidir. Hələ qədim zamanlardan bir qala şəhəri olan Çankırının adı Qərb səyyahları tərəfindən “Çangırı” və ya “Çengiri” formasında yazılıb. Elə müasir şəhər də qədim “Gangara” adlı şəhərin yerində qurulub. Sonradan qala şəhəri cənuba doğru genişlənməyə başlayıb.

Çankırı Bələdiyyəsi katibliyinin müdiri, eyni zamanda mədəniyyət və sosial işlər müdiri Muharrem Ovacıklının bildirdiyinə görə, əvvəllər Ankaranın kölgəsində qalan bu şəhər yeni-yeni gündəmə gəlməyə başlayıb: “Buradakı tarixi abidələri bərpa edir, eyni zamanda müxtəlif mədəniyyət tədbirləri həyata keçiririk. Çankırı qalasında təmir-bərpa işləri artıq başa çatıb. Eyni zamanda şəhərdə olan bir sıra qədim mədrəsə binaları da turistlər üçün maraqlı məkanlardandır”.
Müasir şəhərə çevrilən Çankırıda turizmə xüsusi önəm verilir. Şəhərin turizm imkanlarından danışdıqda isə öncə duz mağaralarından söz açmaq lazımdır. Çünki Ankara və ətraf rayonlara gələn turistlərin ən çox ziyarət etdikləri məkanlardan biri də bu mağaralardır.

Duz dağının turizm imkanları

Əvvəlcə onu deyək ki, dünyanın ən böyük duz ehtiyatlarından biri Çankırıdadır. Burada 500 milyon ton duz ehtiyatı olduğu bildirilir. Hər il 150 min tonadək duz çıxarılır. Çankırı qaya duzu mağarası Türkiyənin duza olan ehtiyacını qarşılamaqdadır.
Bu məkan eyni zamanda şəhər turizminə böyük töhfələr verməkdədir. Beş min ilə yaxındır ki, istifadə edildiyi təxmin olunan mağara Çankırı şəhərindən 20 km məsafədə yerləşir. Uzunluğu 8 kilometrdir. Mağaranın girişindən sonra içəridə gördüyümüz mənzərə müasir bir avtomobil yolunu xatırladır. Mağaranın içərisində bir çox qalereyalar da yer alıb.
Çankırı duz mağarasının ən diqqətçəkən məqamlarından biri də mağarada tapılan uzunqulaq cəsədidir. Təəccüblüsü odur ki, təxminən 200 il əvvəl öldüyü güman edilən heyvanın cəsədi bu müddətdə çürümədən qalıb. Bildirildiyinə görə, onu muzeyə aparıblar, lakin orada yavaş-yavaş çürüdüyünü görüncə təkrar mağaraya qaytarılıb. Mumyalanmış kimi görünən bu heyvan hazırda ziyarətçilərə sərgilənməkdədir. Burada duzdan “mumyalanan” dovşan cəsədi də saxlanılır.
Muharrem Ovacıklı deyir ki, belə duz mağaralarını Naxçıvanda da görüblər və indi bizdə olduğu kimi, onlar da bu məkandan sağlamlıq turizmi məqsədilə istifadə etmək istəyirlər. Hazırda isə mağarada təmir-bərpa işləri aparılır. Hesab olunur ki, bu mağara astma və nəfəs çatışmazlığı olan xəstələrə qarşı müalicəvi xüsusiyyətlərə malikdir. Bununla bağlı olaraq mağarının içərisində “Astma müalicəsi otaqları”nın qurulması üçün işlər görülür.

Qaya duzundan hazırlanan lampanın tibbi faydası nədir?

Müalicə mərkəzləri ilə birlikdə mağaradakı qalereyaların bəzilərinin muzeyə çevrilməsi və burada qaya duzu əsərlərinin sərgilənməsi də nəzərdə tutulur.
Çankırıda əldə edilən qaya duzundan düzəldilən lampa şəklindəki heykəllər həm vizual baxımdan, həm də sağlamlıq baxımından ziyarətçilərin diqqətini çəkməkdədir. Duz lampalarının təbii ionlaştırıcı təsiri yorğunluğa, nəfəs daralmasına, astma ağrılarına, allergiyalara, dəri xəstəliklərinə qarşı effektli olduğu bildirilir.
Onu da qeyd edək ki, insanların marağı nəzərə alınaraq bu lampaların satışı da təşkil olunub. Lampanın içindəki işığın yanması ilə duz isinir və havaya istilik yayılır. Məsələn, 2-3 kiloqramlıq duz lampası yetərli temperatura çatanda 10 kvadratmetrlik bir məkanın havasını 300 faizə qədər daha təmiz hala gətirir.

Mədəniyyət layihələri

Çankırı Bələdiyyəsi müxtəlif mədəniyyət tədbirləri, o cümlədən TÜRKSOY-la birgə layihələr həyata keçirir. Bununla şəhər həm də mədəni baxımdan tanınır. 2012-ci ildə duz heykəllərin hazırlanması ilə bağlı maraqlı layihə həyata keçirilib. Bu tədbirə türkdilli ölkələrdən heykəltəraşlar dəvət olunub. TÜRKSOY tərəfindən dəstəklənən “Orhan Kitabələrinin Beynəlxalq Qaya Duzu Heykəl Simpoziumu”nda Orxon daş kitabələrinin müxtəlif türk respublikalarındakı nümunələri üzrə hazırlanan duz heykəllər sərgilənib.
Bu yaxınlarda isə yenə də TÜRKSOY-la işbirliyi əsasında “Türk Dünyası İşarə Dili Mədəniyyət və Sənət Festivalı” keçirilib.
Həmsöhbətim sosial layihələrə xüsusi önəm verdiklərini deyir: “İşarət dili ilə bağlı kurslar da onlardan biridir. Son dörd ildə kurslarımıza gələnlərin sayı durmadan artır. Keçən il ilk dəfə işarət dili ilə bağlı geniş tədbir keçirdik. Bu, hər kəsin xoşuna gəldi və layihəni genişləndirməyi qərara aldıq. Beynəlxalq festivalı keçirməkdə məqsədimiz türk dünyasında yaşayan eşitmə və danışma əngəlli uşaqları işarələrin dili ilə bir araya gətirmək, cəmiyyəti onlara qarşı həssas və diqqətli olmağa, dünyada müharibələrin, qırğınların olduğu bir vaxtda işarətlərin dili ilə insanları ünsiyyətə səsləməkdir. Bu festival imkan yaratdı ki, uşaqlar öz istedadlarını, duyğu və düşüncələrini nümayiş etdirsinlər, öz dünyalarının nə qədər işıqlı və rəngli olduğunu hər kəslə bölüşə bilsinlər. Azərbaycanın da təmsil olunduğu bu festivalı hər il keçirməyi düşünürük. Azərbaycanlı qardaşlarımızı da hər zaman Çankırıda gözləyirik”.

Mehparə Sultanova
Ankara