Qədim Şərq mədəniyyətinin ən böyük sirlərindən biri meditasiyadır. Şərqlilər uzun əsrlər bunu ilahi bir hal saydıqlarından onunla bağlı sirləri başqalarına verməkdən çəkiniblər. “Meditasiya” latınca “düşüncəyə dalma” mənasını verir. Ruh və bədənlə birbaşa bağlı olan meditasiyanın əsas məqsədi insanı əsl mahiyyətinə çatdırmaqla kamil bir duruma gətirməkdən ibarətdir.

Qədim Şərq dünyabaxışı insana ruh və bədənin birliyi kimi baxır, ancaq bütün hallarda ruhu birinci sayırdı. Deməli, gerçək təkmilləşmənin əsasında əslində mənəvi, idraki, ruhi təkmilləşmə durur. Bunları bir-birindən ayırmaq olmaz. Əgər insan öz sənətinin incəliklərinə yiyələnmək istəyirsə, hökmən ruhunu aşkarlamalı, onu eşitməlidir. Şərq meditasiya sistemi öyrədir ki, insanın gücü, onun fiziki təkmilləşməsindən az asılıdır, o, əsas ruhsal hala bağlıdır.
Meditasiyanın müddətinə gəlincə, bu hər kəsin öz istəyindən asılıdır. Proses bir neçə dəqiqədən tutmuş bir neçə saata qədər davam edə bilər. Təsadüfi deyil ki, bu gün Çinin, Yaponiyanın bütün ümumtəhsil, ali məktəblərində, eləcə də bir çox müəssisələrində dərs və iş bir neçə dəqiqəlik ayaqüstü meditasiya ilə başlayır, onunla da başa çatır. Bu da fərdin özünü səfərbər etməsinə, işə təmiz beyinlə başlamasına şərait yaradır.
Meditasiya insana özünün ilahi, qeyri-adi, tükənməz enerjisini, gücünü göstərən, üzə çıxaran ən böyük mədəniyyətdir. Onun sayəsində insan daxilindəki qeyri-sabitlikdən, sarsıntıdan çıxa, beyninin təmizliyinə nail ola bilir. Çağımızda beyinin sakit, təmiz olması üçün insanlar nələr etmirlər? Bunun üçün çox böyük pullar xərcləyib yaxın-uzaq səfərlərə gedir, təbiət qoynunda dincəlir, yaxud cürbəcür müalicələr qəbul edirlər. Amma bütün bunlar hamısı ötəri və keçici xarakter daşıyır. Deməli, çıxış yalnız təbiətin yaranışda insana verdiyi yolla getmək, yəni meditasiya mədəniyyətinə yiyələnməkdən ibarətdir.
Meditasiya mədəniyyətinə yiyələnən şəxs beyinin tam aydınlığını yaratmaqla onu sanki duru, təmiz səma vəziyyətinə gətirir. Yəni səma özündə heç nəyi saxlamadığı kimi, beyin də gərəksiz fikirləri qorumur. Bu, özünənəzarətin ən yüksək formasıdır. Beyin həmişə açıq və aydındırsa, insanın düzgün düşünməsində, qərarlar qəbul etməsində səhv ola bilməz. İstəmədiyin, iradədən kənar fikirlər heç vaxt insanı narahat etməz, buna heç səy də göstərməz.
Beyin səma kimi təmizdirsə, deməli, o, başqalarınkından fərqli fəaliyyət göstərir. Onun çox sirli kanalları işə düşür, insanın fəaliyyətinə hərtərəfli işıq saçır. Bu məqamda insan hadisələrdə, vəziyyətlərdə ilişib qalmır, onların mahiyyətlərini dərk edir. Ruhsal və fiziki gücün görünməmiş səviyyəsi aşkarlanır.
Meditasiya mədəniyyətinin ən önəmli keyfiyyəti insanı yüksək əhvala gətirib çıxarmasıdır. Ardıcıl meditasiya insanda sevinc, fərəh hissi yaradır. İnsan həyata, hadisələrə, dünyaya öz ruhunun gözü ilə baxır, ən pis məqamda belə fərəh hissi onu tərk etmir, dünyaya inamını itirmir. İnsan bu məqamda hər şeyi mənalandırır, həyatda yaşadığına, onun gözəlliklərini görüb duyduğuna çox məmnun olur. O, dünyanın mahiyyətini duyaraq və dərk edərək yaşayır.
Daxili enerjini üzə çıxarmaq mədəniyyətinə yiyələnmək, ondan yararlanmaq nə qədər cazibəli görünürsə, ona nail olmaq, yetmək və ömrü bu yöndə kökləmək insandan böyük inam və sarsılmaz iradə tələb edir. Beyinin tam aydınlıq məqamına çatması, ruhun aşkarlanması, daxili enerjinin üzə çıxması və s. keyfiyyətlər üçün uzun illər tələb olunur ki, bu da ardıcıllığa əsaslanır. Bu, müdriklik yoludur, özünütəsdiqetmədir. Bu yazıda o şeylərdən danışdıq ki, ustadlar ümumi cəhətlərin hamıya aydın olmasına icazə verirlər. Əslində isə bütün bunlar izaholunmazdır. Əsl həqiqət isə yazılanların və görünənlərin o tayındadır.

S.Qaliboğlu