“Ar-namuslarla əkilən, qeyrətlərlə bitən Vətən!..”

Dırnaq işarəsi içərisindəki misra hələ “çağırışçı” olan bir cavana məxsus. Mənim qeyri-işgüzar “Lələtəpə ezamiyyəti”mdən bir yadigar. Bir ay öncə getdim ora ki, real qəhrəmanlarımızın işğalçıdan saldırdığı məlum “aprel qəniməti”mizə baxıb, neçə illik həsrətimə bir göz məlhəmi edəm, həmin oğlan - düşməndəki ərazilərimizin hamısını azad etməyə namizəd igidlərimizdən biri, bir neçə belə SÖZ ilə qəlbimə də məlhəm çəkdi...

Dərhal Bakıya döndüm ki, görüb-eşitdiklərim barədə qəzetimizə “proletariatın sabiq dahi rəhbəri V.İ.Leninin məşhur “Aprel tezisləri”ndən yüz il sonra, bəşəriyyətin sadiq dahi rəzili erməninin növbəti aprel təxribatı” səpkisində müxtəsərcə bir yazı yazım, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” müsabiqəsini görüb, mövzunun tərz-ərz əhvalını və həcm “val”ını dəyişməli oldum.
...Dilçilərimizin ümumi qənaətinə görə, cümlələrin iki baş üzvündən ikincisi -

“Xəbər”...

Hə, biri mərd-müdafiəkar, digəri mürtəd-təcavüzkar tərəf olmaqla, cümlənin birinci (və canlı) baş üzvü hesab edilən mübtədaların bəlli “aprel müharibəsi” və bu savaşa dair (həcm naminə bir qədər “stilizə” edəcəyim) rəsmi, əcnəbi xəbərlər.
Öncə Müdafiə Nazirliyindən:
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozmuş, Azərbaycanın mülki əhali məskənlərini və Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.
* * *
Qoşunlarımızın dəqiq cavab atəşləri nəticəsində düşmənin işğal etdikləri ərazilərimizdəki komanda-qərargah məntəqəsi və çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri məhv edilmişdir.
* * *
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər və atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları silah-sursatlarını ataraq öz mövqelərindən qaçırlar.
* * *
MN-ə ünvanlanan çoxsaylı müraciətlərdə minlərlə vətənpərvər, hətta əsgəri xidmətə yaşı çatmayan gənclər, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları səfərbərliyə hazır olduqlarını bildirirlər.
* * *
Prezidentin Mətbuat xidmətindən:
Azərbaycan Prezidenti İlham Əliyev aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin müalicə və müayinə edildikləri tibb müəssisələrində olmuş, göstərdikləri igidliklərə görə onlara təşəkkürünü bildirmiş, tezliklə sağalmalarını və qalan torpaqlarımızın da azad edilməsində yeni uğurlar arzulamışdır.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də cəbhə bölgəsinə səfər çərçivəsində Ağdamın Mahrızlı kəndinə gəlmiş, aprel hadisələri nəticəsində yaranmış vəziyyətlə tanış olmuşlar. Prezidentin “Sizi ürəkdən salamlayır, öz hörmət və məhəbbətimi ifadə edirəm. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız, qurursunuz” sözlərini böyük ruh yüksəkliyilə qarşılayan sakinlər Ali Baş Komandanın Tərtər və Ağdamda 500-dən çox evin qismən, 100-dən çoxunun isə tamamilə dağıdılması ilə ilgili dediyi “Budur, erməni faşizminin eybəcər sifəti. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır, aparmır və aparmayacaq. Ancaq Ermənistan, görün, hansı çirkin işlərlə məşğuldur” fikrini eşidirkən böyük milli-mental fəxarət hisləri də yaşadılar...

Xaricdən:
Fransa Senatının senatoru xanım Silvi Qo-Şavan “aprel müharibəsi” ilə bağlı bəyanatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunu işğal etmiş Ermənistanın son təxribatlarını qəti şəkildə pisləməklə bərabər, təcavüzkar ölkədən müntəzəm xarakter almış təxribatları dayandırmağı, silahlı qüvvələrinin işğal ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı BMT TŞ-nin dörd qətnaməsini icra etməyi tələb edib.
* * *
Misirli politoloq Əhməd Muslimani (geniş tamaşaçı auditoriyalı “Dream” telekanalında): “Aprelin 2-dən 3-nə keçən gecə Ermənistan ordusu 20 ildən çoxdur işğal altında saxladığı Azərbaycan ərazisində - “qara bağ” məna-mənşəli qədim Qarabağ torpağında yeni təxribatlar törətmiş, Azərbaycan Ordusunun güclü cavab atəşləri nəticəsində ön mövqelərdən xeyli geri çəkilmişdir”.
Və iki gəncin birgə “manifest”indən...
Yox, bu haqda lap axırda.
İndilikdə, “bütün dilçilərimizin ümumi qənaətinə görə, cümlələrin iki baş üzvündən biri - xəbər” fikrimin davamı: Bütün Vətənçilərimizin - uca şəhidlərimizin, qazi-qəhrəman hərbçilərimizin, milli məmur və ziyalı, halal fəhlə və kəndlilərimizin şəhadəti-qənaətlərinə görə, bütün mübtəda-xəbərlərin ən ali baş üzvü -

Vətən!..

Eşqdə, məhəbbətdə, sevgidə heç bir bəndənin bir-birinə qısqanmadığı yeganə Canani-Can - Azərbaycan!..
“Anamın kitabı” duyğulu, “Dur ayağa, ya azad ol, ya da ki yan...” qayğılı, “Aləm cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ!” havalı Vətən...
Hər millət üçün əzizdən-əziz olan bu sevgili məkan-varlıqlara dair dünyanın fikir böyükləri nələr deməmiş! “Ailəmiz uğrunda tər, dostumuz uğrunda göz yaşı, Vətənimiz uğrunda qan tökməli”, “Çox şəhid verən və fədakarlıq göstərən bir ölkə istədiyi səviyyəyə çata bilər” (M.Qandi), “Ən böyük sevgi Vətən sevgisidir və bu məhəbbət fövqəladə vəziyyətlərdə, ölüm-dirim çağlarında daha qabarıq aşkara çıxır” (Q.Lebon)...
Bəs, bizim torpaqlar hesabına vətənlənmiş, sabiq, çağdaş və belə gedərsə gələcək düşmənimiz erməni vətənpərvərliyi?! Dünya mütəfəkkirləri eşitmədikləri bu suala da cavab veriblər: “Başqa xalqların haqlarını qəsb edən xalq öz azadlıq və səadətinə qovuşa bilməz” (İ.Bentam), “Müharibə dinc dövrün problemlərindən qorxaqcasına qaçmaqdır” (T.Mann)...
Və... iştirakçılarından biri olduğum bu müsabiqənin növbəti elementi üçün keçirdiyim xəyali “avtomüsabiqə”mdə belə bir yarımbaşlıq qalib gəldi: -

“Üç qardaş”...

Milli azadlıq hərəkatı və... milli müharibə (1941-45-inkinə nisbətdə) illərimizdə əsil milli namus-qeyrətlə iştirak edənlərin hamısını doğma qardaş-bacı hesab etdiyimdən, bu son mübarək qəzamızın üç Milli Qəhrəmanını qədim nağıl-dastan və ulu dağ adlıqlarımızdan gələn belə bir tərkiblə yad etdim...
Biri Qubadlı, biri Neftçala, biri Sabirabad doğumlusu olsa da, hər üçü böyük Vətən Oğlu, bütün Azərbaycan Qəhrəmanı.
Səkkizinci sinifə qədər Qubadlı rayonunun Başarat kənd orta məktəbində oxumuş, təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirib, H.Aslanov adına Hərbi Məktəbi bitirmiş, aprel ayının əvvəlində “Lələtəpə” yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə, müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunmuş, nəhayət, həmin döyüşlərdə vətənpərvər-vətəndaşlığın ən yüksək qazi-qəhrəmanlıq mərtəbəsinə yüksələrək ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Şükür Nəriman oğlu Həmidov döyüş yoldaşlarının “Qaçaq Nəbinin Qoçaq yurddaşı” öygüsü ilə də təltiflənib...
Samid Gülağa oğlu İmanov ilə Murad Telman oğlu Mirzəyev isə, tək elə ucadan uca şəhid-qəhrəmanlıq talelərilə deyil, təhsil aldıqları hərbi məktəbləri fərqlənmə ilə bitirmələri, xarici ölkələrdə keçdikləri təlim-məşq təmrinləri, hərbi hissələrdə yüksək post tutmaları ilə də qardaşlıq ediblər. Hər ikisi iki dəfə “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və Silahlı Qüvvələrin yubiley medalları ilə təltif edilib. Şahidlikdə xeyli oxşar-bərabər olmuş bu Vətən-Vətəndaşlıq qardaşlarının şəhidlikdə fərqləri də olub: Muradın düşmən nəzarətindəki ərazidə qalmış cəsədi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Azərbaycan tərəfə təhvil verilib.
Belələrinin ən ümumi oxşarlığının əsil vəsfi isə böyük Atatürkün sözlərində: “Hər hansı bir ordunun dəyəri onun zabit və komanda heyətinin dəyəri ilə ölçülür”. Bu an fransız mütəfəkkir Pyer Buastın “Qəhrəmanları olmayan ölkə bədbəxtdir” və Prussiya kralı Fridrixin “Qələbələr sipərlərin möhkəmliyinə deyil, komandirlərin cəsarət və ləyaqətinə bağlıdır” fikirləri də yada düşür...
Və nəhayət, himi başlıqda qoyulmuş yarımbaşlıq; -

Mənim bloknot “ov”um...

Bu parçanın adı: “Üçrəngli Lalə...”
O gündən-bu günə bəndənizə bəxş etdiyi incə-incə hal-təblərə binaən, lütfən, bu emosional-sentimental hissəni “esse” kimi də qəbul etmənizi istərdim...
“...Böyük bir kəndin yuxarı başında, elə də hündür olmayan, eşqlə baxanda isə, bu elatın qəlbi kimi göylərə ucalan bir dağ. Gündoğan yanı yastı, günbatanı sivri. Üstündə özünəbənzər bir təpə olduğundan, dədələr onu “Təpəli dağ” adlandırıb. Bundan irəliki davada ac-yalavac nəvələrilə tərə yığmağa gedən nənələrsə ona “Pəpə təpə” deyərmişlər. Deyəsən, “And təpə” adına da hamilədi bu dağ...
İndilər ora yalnız yaz çağları gedirlər; uşaqlar oynaqlamağa, qız-gəlin tərə yığmağa, sevənlər fürsətə...
Neçə illərdi onların arasında qarşı dağların o üzündən qaçıb gəlmişlərdən də olur və onlardan bir ərgəni o təpənin yastısına qalxır, bir ərəni sivrisinə. Aralarındakı məsafə mehri-məhəbbət qədər yaxın, dağətrafı “cəmiyyətdə” söz-bez yaratmayacaq qədər uzaq. Danışıqlarına görə, qız bu yay universitetə gedəcək, oğlan orduya.
Bu kəndin ağırları onları “qoşa sinədəftər” adlandırıb, yüngülləri “qaçaq yurda qoçaq-qoçaq baxanlar”...
Həmişə arın-arxayın söhbətləşib, hərdən də “deyişən” vergili cütlük bu təbii kürsüdə ucadan danışır, qızın bu saat “parter”də onlara göz qoyan rəfiqələrindən biri demişkən, “sözü üfürə-üfürə işlədirlər”. Bu yeganə atmaca da elə qızın öz şeirindəki “Ay suyu üfürə-üfürə içən, Sözü də bişirə-bişirə desən!” misralarından doğulub. Oğlanın “Aprel - 2016” şeirindəki “Ar-namuslarla əkilən, Qeyrətlərlə bitən Vətən!” misraları isə, öncəki deyişmələrdən birindəki “Bilsən nələr düşünürəm gecələr, Xəyalımı məhkəməyə verərsən” qoşmasından adına düşmüş xalı yuyub...
Bu gün də - bir-birini ötəkilərdən daha qəlbən süzmələrini gizlətməyə çalışsalar da, həmişəki kimi qəlbidən danışırlar:
- Ora bax, Albay!.. Nooldu, niyə diksindin?
- Heç, Susay... “Ora bax” sözünü “Qarabağ” kimi eşitdim...
- Hə, iki həftə qabaq oralar büsbütün qar, indi isə... Yenə diksindin...
- Bunun səbəbi çox, izahı isə, deyəsən, yox... Birincisi, o gün martın axırları idi, indi mayın sonları. İkincisi, ötən “Aprel atəşləri”mizə təşnəlikdən ayrıla bilmirəm. Üçüncüsü, keçən həftə oralara baxıb dediyin beyt düşdü yadıma: “Bir qar da yağmadı barınaq, Üstüylə yeriyək - sırınaq!..”
- Hə, o gün oralar büsbütün qar, indi tala-tala lalə! Yenə alındın, Albay...
- Qulağım yenə yanıldı - “tala-tala lalə”ni “Lalətəpə” eşitdi...
- O talalardan biri mənim atamın qanından bitib, biri sənin atanın...
- O biriləri isə - tanımadığımız ataların...
- Sənin gözlərindəsə onların yolu... Daha danışma, Albay, sus...
- Susa bilmərəm, Susay! ...İnşallah, tezliklə o “Lalətəpə”dən o yankı xalı talalarda da üçrəngli “Lalə”lər ucaldığını görərsən! Sonra gəlib burda sən laləni dərəcəm. Gələmməsəm, oralarda daha bir lalə talası görəcəksən. İşdi-şayəd, mən gəlib səni dərəmməsəm, haçansa sən gəlib məni dərərsən...”

Tahir Abbaslı
Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə keçirdiyi “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda müsabiqəyə təqdim olunur.