Müasir dünyada hər bir xalq qurduğu dövlətin iqtisadi, hərbi gücü ilə yanaşı, qabaqcıl elm və təhsili ilə də tanınmasını istəyir. Əslində, birinciləri şərtləndirən, iqtisadi, hərbi qüdrətin gələcəyini təmin edən də elm və təhsilin səviyyəsidir. XXI əsr davamlı təhsil, fundamental bilik, sürətli innovasiya və elm tutumlu istehsalat əsridir. Bu meyarlar yüksək hədəfləri olan hər bir dövlətdə inkişafın başlıca vektoru kimi strateji önəm kəsb edir.

Azərbaycanda da elm və təhsil dövlətin gələcəyinin, milli təhlükəsizliyin vacib təminatlarından biridir. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında (2007-ci il 23 may tarixində qəbul olunub) qeyd olunur ki, ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil almış peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini təmin etmək zəruridir (maddə 4.3.3). Sənəddə vurğulanır ki, elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq, beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi milli təhlükəsizlik siyasətinin prioritetləri sırasına daxildir.

İqtisadi potensialı insan kapitalına çevirmək

“İnsan kapitalı inkişaf etmiş ölkələrin durumunu müəyyən edən başlıca amildir. Həmin ölkələr təbii resursların hesabına yox, məhz intellektual potensialına görə, yüksək təhsil səviyyəsinə görə daha da inkişaf edirlər. Biz də bu yolu keçməliyik”.
Prezident İlham Əliyevin bu sözləri də Milli Təhlükəsizlik Konsepsiyasının qəbul olunduğu 2007-ci ilə aiddir. Həmin il Bakı-Ceyhan kəməri tam gücü ilə işə düşmüş, ölkəyə iri həcmdə neft gəlirləri gəlməyə başlamışdı. Və dövlət başçısının ilk gündən insan kapitalı amilini önə çəkməsi dünya təcrübəsindən irəli gələn bir gerçək idi: ölkə, nə qədər təbii sərvətə malik olsa da, yüksək təhsilə, elimi-texniki yeniliklərə sahib olmadan davamlı inkişafa qovuşa bilməz. Bunun üçün təbii sərvətlərdən gəlirləri gələcək üçün sərmayəyə - insan kapitalına generasiya etmək lazımdır.
Qeyd edək ki, Azərbaycanda bu strateji xəttin əsası hələ ötən əsrin 70-ci illərində, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdu. O dövrdə Azərbaycanda texniki tərəqqinin son nailiyyətlərinə əsaslanan elmi-tədqiqat müəssisələri fəaliyyətə başlamış, təhsil sahəsində böyük işlər görülmüşdü. Həmin illərə yüzlərlə gəncin SSRİ-nin aparıcı təhsil ocaqlarında oxumağa göndərilməsi respublikanın gələcəyinə xidmət edən uzaqgörən addım idi. Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə də insan kapitalı amilinə hər zaman önəm verərək, onu sosial-iqtisadi siyasətin prioriteti kimi diqqətdə saxlamışdı. Təsadüfi deyil ki, 90-cı illərdə büdcədən təhsilə, elmə ayırmalar məhdud iqtisadi imkanlara rəğmən ilbəil artmışdı.
2000-ci illərin əvvəllərindən isə Azərbaycan artıq bu xərcləri qat-qat artırmaq imkanına sahib idi. Bu gün respublikada 5 mindən çox orta ümumtəhsil məktəbi var - onların yarıdan çoxunun binası son 10-12 ildə inşa edilib, yenidən qurulub və əsaslı təmir olunub. Müasir dövrdə təhsilin maddi-texniki bazasının mühüm elementi informasiya texnologiyaları ilə təminat, kompüterləşmədir. Prezident İlham Əliyevin təhsil sahəsində imzaladığı ilk proqram da ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı (2005) barədə idi.
Prezidentin bu sahədə mühüm addımlarından biri də təhsildə novatorluğun, müasir təlim texnologiyalarının tətbiqinin təşviqi ilə bağlıdır. Dövlət başçısının 2007-ci ildə imzaladığı sərəncama əsasən, hər il respublika üzrə ən yaxşı ümumtəhsil məktəbləri və ən yaxşı müəllimlər pul mükafatı (10 min və 5 min manat) ilə təltif edilir.
Ötən müddətdə ölkə başçısının təhsil sahəsində daha bir əhəmiyyətli qərarı bir müddət diqqətdən kənarda qalmış texniki-peşə təhsilinin dirçəldilməsi oldu. İnkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, texniki-peşə təhsilli kadr hazırlığı davamlı sosial-iqtisadi inkişafda həlledici amillərdəndir. 2007-2012-ci illər üzrə “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın bu baxımdan mühüm nəticələri oldu, müxtəlif sahələr üzrə peşə məktəbləri yenidən fəaliyyətə başladı. Həmin nəticələrdən biri də ölkəmizdə turizm sektoru üçün müasir peşə təhsili seqmentinin qurulmasıdır. 2007-ci ildə Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzinin açılması, 2012-ci ildə Bakı Turizm Peşə Məktəbinin yaradılması, 2013-cü ildən yenidən qurulan 5 saylı Bakı Peşə Liseyində turizm ixtisaslarına geniş yer ayrılması bu yöndə əhəmiyyətli addımlardır.

Rəqabətin yeni müstəvisi

Onu da qeyd edək ki, 2013-cü ildə qəbul olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin bütün mərhələ və sahələri üzrə yenilənmə prosesinə zəmin yaradıb. Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı deyir: “XXI əsr “bilik iqtisadiyyatı” əsri adlandırılır. Bu gün ölkələr arasında rəqabət təbii resurslara sahib olmaqdan tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, yeni məqsədlərə nail olmaq üçün səmərəli mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir”.
Nazirin sözlərinə görə, bu baxımdan orta məktəblərdə ixtisas təmayülünə, fənn müsabiqə və olimpiadalarına diqqət artırılır. Ölkə üzrə pilot olaraq seçilmiş 58 məktəbdə 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb. Hər il 20 mindən çox şagird respublika fənn olimpiadalarına qatılır. Bilik yarışının qalibləri beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edirlər. 2015-ci ildə məktəblilərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.
Ali məktəblərə qəbulda da göstəricilər yüksəlməkdədir. 2015-ci ildə abituriyentlərin orta balı 11 faiz artıb. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz idisə, 2015-də 7,6 faiz olub. 2014-2015-ci tədris ilindən ali təhsil sistemində yeni mühitin yaranmasına xidmət edən SABAH layihəsi həyata keçirilir. Hazırda SABAH (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarında 11 ali məktəbdən 1600-dən çox tələbə xüsusi proqramla təhsil alır.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” üzrə 3500-dən çox Azərbaycan gənci dünyanın aparıcı təhsil müəssisələrində oxumaq hüququ qazanıb. Onlardan 1000-ə yaxını artıq məzun olub və vətənə qayıdaraq özəl və dövlət sektorunda fəaliyyətə başlayıb. Növbəti mərhələ üçün hazırlanan yeni proqramda təhsillə bərabər elmi tədqiqat sahəsi daha geniş əhatə olunacaq, magistratura və doktorantura pillələri üzrə xaricdə təhsil, əcnəbi müəllimlərin Azərbaycanın ali məktəblərində tədrisə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması kimi məqsədlər əksini tapacaq. Bu isə təhsillə elmin daha sıx əlaqələndirilməsinə, dünya təcrübəsindən daha səmərəli bəhrələnməyə imkan verəcək.

Elmi araşdırmalar ölkənin gücünə güc qatmalıdır

Prezident İlham Əliyev ölkədə akademik, nəzəri və tətbiqi elm sahələrinin inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Təbii ki, bu sahəyə ayrılan vəsaitlərin ilbəil artması, maddi təminatın yaxşılaşdırılması müqabilində dövlətin də gözləntiləri var. “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” bu sahədə cari və perspektiv hədəfləri müəyyən edən proqram sənəd idi. Prezident İlham Əliyevin 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubiley yığıncağında çıxışı da dövrün yeni çağırışlarına, o cümlədən dünyada neftin kəskin ucuzlaşmasından sonra yaranan iqtisadi şəraitdə akademik elmin vəzifələrinə həsr olunmuşdu: “Bizim siyasətimiz ondan ibarətdir ki, neft-qaz amilindən asılılığı maksimum dərəcədə aşağı salaq, iqtisadiyyatın şaxələndirilməsinə nail olaq. Bu məqsədlə texnoparklar yaradılır. Alimlər bu işlərdə fəal iştirak etməlidirlər. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma tətbiq olunur. Mən çox istəyirəm ki, alimlər ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Elmi araşdırmalar ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”.
Beləliklə, elm qarşısında qeyri-neft sektorunun gücləndirilməsi, sənayedə və aqrar sahədə fundamental və tətbiqi elmin yaxından iştirakı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, bunun üçün hüquqi baza da yaradılır. Bugünlərdə (14 iyun 2016) Milli Məclisdə qəbul olunan “Elm haqqında” qanunda elmdə sahibkarlıq, elmi innovasiya fəaliyyətinin stimullaşdırılması, elm tutumlu istehsal sahələrinin yaradılması və xarici bazarlara çıxışının həvəsləndirilməsi kimi müddəalar əksini tapıb.
Elmin inkişafı, təhsildən elmə fasiləsiz keçidin təmin olunması və gənclərin elmi fəaliyyətə marağının artırılmasına xidmət edən daha bir addım bugünlərdə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə reallaşıb. Müharibə şəraitində olan ölkədə magistratura və doktoranturada təhsil alan gənclərə hərbi xidmətdən möhlət verilməsi dövlət başçısının elmə və təhsilə nə qədər böyük önəm verdiyini göstərir.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin fikrincə, bu, ölkəmizdə elmin gələcəyinə təkan verəcək bir qərardır. Bəllidir ki, bakalavr təhsilindən sonra magistraturada oxumaq, yaxud magistr pilləsindən sonra doktoranturaya daxil olmaq istəyən bir çox gənc oğlanlar hərbi xidmətə gedib qayıdandan sonra bu niyyətdən daşınırlar. Elmə üz tutanlar isə birillik fasilənin yerini doldurmaq üçün bir neçə il sərf etməli olurlar. Akademikin sözlərinə görə, bu qərar elmdə gəncləşdirmə kimi aktual problemin həlli baxımından da müstəsna əhəmiyyətə malikdir və qarşıdakı illərdə elmlər doktorlarının orta yaş həddini 40 yaşlarına endirməyə imkan verəcək.
Elmi fəaliyyətin stimullaşdırılması, o cümlədən gənc alimlərin tədqiqatlarının qiymətləndirilməsi baxımından mühüm təşəbbüslərdən biri də 2009-cu ildə yaradılan Prezident yanında Elmin İnkişafı Fondudur. Fondun icraçı direktoru Elçin Babayevin sözlərinə görə, təkcə 2015-ci ildə gənc alim və mütəxəssislərin qrant müsabiqəsində ümumi həcmi 500 min manat olmaqla 24 layihə qalib olub.
Sözsüz ki, bu layihələrin elmə töhfələri də maraq doğurur. Amma elmdə nəticə bir mövsümdə, bir ildə özünü göstərmir. Bu gün Azərbaycan alimləri dünyanın tanınmış elm ocaqlarında əcnəbi həmkarları ilə birgə tədqiqatlar aparırlar və məhdud elmi dairələr üçün dəyərli olan bu işlərdən geniş ictimaiyyətin xəbərsiz olması təbiidir. Məsələn, AMEA-nın Fizika İnstitutunun Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Rusiya) ilə əməkdaşlığı çərçivəsində gənc mütəxəssislərimiz müasir fundamental fizikanın ən vacib layihələrindən birinin - Cenevrədəki adron kollayderində atlas kompleksinin yaradılmasında iştirak edirlər. Nüvə fizikasından bixəbərlər üçün bunun nə demək olduğunu anlamaq çətindir. Amma orada azərbaycanlı alimlərin Nobel mükafatçıları ilə bərabər çalışdığını nəzərə alsaq, bu layihənin dəyərini təxmin edə bilərik. Nə bilmək olar, bəlkə günün birində o gəncləri Nobel mükafatına layiq kəşfin müəllifləri sırasında yaxından tanıyacağıq.

Vüqar Əliyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur