Bakıda müsəlman qızlar üçün ilk məktəbin açılmasından 115 il ötür

Xalqın mədəni inkişafına, elmi tərəqqisinə qoyulan sərmayə savadlı və geniş dünyagörüşlü nəsillərin yetişməsinə zəmin yaratmaq deməkdir. Ötən əsrin əvvəllərində Azərbaycanda qızların təhsilə cəlb olunması və onlar üçün xüsusi məktəblərin açılması da xalqımızın işıqlı gələcəyinə hesablanmışdı.

Xeyriyyəçi kimi tanınan, sevilən və müqəddəs əməllərinin səsi-sorağı ölkəmizin hüdudlarını aşan Hacı Zeynalabdin Tağıyev ciddi maneələrə baxmayaraq Azərbaycanda maarif və mədəniyyətin inkişafına çalışan hər bir təşəbbüsə maddi və mənəvi dəstək göstərirdi. Nəticədə Bakıda maarifi, milli mədəniyyəti təbliğ edən yeni-yeni cəmiyyətlər, xeyriyyəçi təşkilat və ittifaqlar yaranırdı. Onlarla azərbaycanlı gənc Rusiya və digər Avropa ölkələrinin tanınmış universitetlərində təhsil alırdılar.
Bütün bunlara rəğmən ölkəmizdə qadınların bu imkanlardan yararlanmasına mane olan qüvvələr də vardı. Azərbaycanlı qızlar təhsildən və mədəni mühitdən kənarda qalırdılar. Xaricdə təhsil alan bir çox gənclər öz millətinin qızları ilə deyil, təhsilli əcnəbilərlə ailə qururdular.
Bunları müşahidə edən böyük xeyriyyəçi müsəlman qızlar üçün məktəb yaratmağın artıq zərurətə çevrildiyini görürdü. Bir tərəfdən hökumət məmurlarının süründürməçiliyi, digər tərəfdən qaragüruhçu dindarların qızların təhsili məsələsinə həqarətlə baxması milli mesenatın əl-qolunu bağlayırdı. Millətin gələcək tərəqqisində qadının rolunu dərk edən Tağıyev xalqa müraciətində deyirdi: “Camaat, qızlarımızın oxuması vacibdir. Onlar təhsilli olsa dünyaya açıq gözlə baxar və ailəsi ilə rəftarları xoş olar. İngiltərədə, Almaniyada, Fransada gedib oxuyan cavanlarımız hərəsi qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla xasiyyətləri tutmur və dolana bilmirlər. Əcnəbi qızların dünyaya gətirdiyi uşaqlar sonra bütün varidatımıza varis çıxırlar. İş belə getsə, ata-baba ocağı Quransız, namazsız, şəriətsiz qalacaq”.
Qərarında qəti olan Tağıyev Bakıda Qızlar məktəbi açmaq üçün imperator III Aleksandrdan icazə istəsə də, müsbət cavab almır. III Aleksandrın ölümündən sonra II Nikolay taxta çıxır və 1895-ci ildə tacqoyma mərasimi keçirilir. Bu tədbirə Hacı Zeynalabdin də dəvət olunur. O, bu mərasimdə çarın xanımı Aleksandra Fyodorovnadan Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Beləliklə, 1898-ci ildə rəsmi olaraq məktəbin açılmasına icazə verilir.
Bakıda indiki AMEA-nın Rəyasət Heyətinin binasının (1913-cü ildə Musa Nağıyevin tikdirdiyi “İsmailiyyə sarayı”) yanında məktəb üçün müvafiq yer seçilir. İnşaat işlərinə başlama ərəfəsində qaragüruhçular etiraz səslərini ucaldır, mane olmağa çalışırlar. Problemin həlli üçün öncə sadə camaatı bu prosesə hazırlamaq lazım idi. Əlacsız qalan Tağıyev Məkkə, Mədinə, Kərbəla, Xorasan, Tehran və İstanbul şəhərlərinin rəsmi din xadimlərinin imzası ilə möhürlü sənəd gətizdirir. Beləliklə kütləni müəyyən qədər sakitləşdirmək mümkün olur.
Təhsil ocağının layihəsi memar İ.Qoslavskiyə tapşırılır. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü bəyənir və yardımçı olur. Sona Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar da bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər. Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra isə müdiri olur.
Nəhayət, binanın inşası başa çatır. Açılış günü 115 il bundan əvvəl, 1901-ci ilin oktyabr ayının 7-nə təyin olunur. Şəhər əhalisinin böyük hissəsi açılış mərasiminə toplaşır. O dövrdə “Kaspi” qəzeti bu haqda yazırdı: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin tanınmış şəxsləri ilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa, Hacı!”
Mənbələrdə göstərilir ki, əsasnaməyə əsasən, qızlar onlar üçün məktəbin nəzdində yaradılmış otaqlarda qalır, tədris kursları ailələrin tələbləri nəzərə alınmaqla keçilirdi. Burada əl və evdarlıq işləri üzrə siniflər rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlayır və 4 il oxuyurdular. Dərslər rus dilində keçilir, eyni zamanda Azərbaycan dili və din dərsləri də tədris olunurdu. Məktəbə birinci il 50 şagirdin qəbulu nəzərdə tutulsa da, ancaq ərizə ilə müraciət edən ailələrin sayı çox idi. Onların 20-si Tağıyevin ianəsi hesabına təhsil alır və pansionda qalırdı.
Müsəlman Şərqində yaradılan ilk qız məktəbində islam ənənələri Avropa modernizmi ilə birləşirdi. Bununla da Azərbaycanda dünyəvi qadın təhsilinin əsası qoyulur. Tədrisin keyfiyyətini yüksəltmək üçün Rusiyanın bir çox şəhərlərindən müəllimlər dəvət olunur. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı uniforma geyinirlər. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır... Şəhərdə məktəbin nüfuzu gündən-günə artır. Valideynlər qızlarının yeddi yaşı olan kimi əlindən tutub Hacının məktəbinə gətirirlər. Bir neçə ildən sonra məktəb gimnaziya statusu alır və orta təhsil 6 illik olur.
Maarifçilik tariximizdə Qızlar gimnaziyasının böyük rolu olub. Bu məktəbdə təhsil alan Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, sonralar Naxçıvanda Qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova və başqaları eyni zamanda 1918-ci ildə qurulan Xalq Cümhuriyyətinin fəallarından idilər. Bunun məntiqi davamı kimi müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ da məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verildi.

Savalan Fərəcov