Multikulturalizm bir ölkədə yaşayan müxtəlif xalqların mədəniyyət hüquqlarını tanıyan siyasətdir. Azərbaycanda tarixən multikultural dəyərlərin yaşadılması mədəni həyatımıza rəngarənglik gətirib, ölkəmizdə yaşayan azsaylı xalqların öz irsini qoruyub saxlamasına şərait yaradıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Dövlət başçısının da dediyi kimi, Azərbaycanda multikulturalizm dövlət siyasəti, həyat tərzidir və bütün bunlar tariximizə, milli, siyasi və bədii irsimizə söykənən mənəvi keyfiyyətlərdir. Xalqımızın məişətində, həyata baxışlarında çoxmədəniyyətlilik təfəkkürü tarixən inkişaf edib. Dünyanın bir çox ölkələrində bu dəyərlər təbliğ olunsa da, Azərbaycan nümunəsi bu sırada önəmli yer tutur.
İrqçiliyin, dini dözümsüzlüyün artdığı cəmiyyətlərdə həmişə ciddi problemlər, faciələr yaşanıb. Təəssüf ki, bu cür hallar bəzi yerdə də hələ davam edir. Gərginliklərin, qarşıdurmaların artdığı bir zamanda müxtəlif dinlərə qarşı dözümsüzlük daha böyük fəlakətlərə səbəb olur.
Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlüklə üzləşməyiblər. Azərbaycan xalq yaradıcılığında, “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib və Şahsənəm”, “Şah İsmayıl və Gülzar” dastanlarında tolerantlıq dəyərləri əksini tapıb. Eyni zamanda dramaturq, yazıçı və şairlərimizin yaradıcılığında xalqlar arasında nifaqın aradan qaldırılmasına, mehribanlığın, humanizmin təbliğinə geniş yer verilib, birgəyaşayışın mümkünlüyü məsələləri önə çəkilib. Bu baxımdan Nizami Gəncəvinin, Nəsiminin, Sabirin, Abdulla Şaiqin yaradıcılığında, o cümlədən C.Cabbarlının “1905-ci ildə”, N.Nərimanovun “Bahadır və Sona”, S.Vurğunun “Fərhad və Şirin”, H.Cavidin “Şeyx Sənan”, Q.Səidin “Əli və Nino” və s. əsərlərdə tolerantlığın sülh və əmin-amanlığa xidmət etməsi vurğulanır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan multikulturalizminin təməlləri çox etibarlıdır. Bu gün Azərbaycanın dünyaya tolerantlıq örnəyi göstərməsi, ölkəmizin multikulturalizmin mərkəzi kimi tanınması təsadüfi xarakter daşımır. Ona görə də tolerantlıq, birgəyaşayış adına Bakıdan dünyaya mühüm mesajlar verilir, qlobal təşəbbüslər irəli sürülür.
Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada artan nüfuzunun və tolerantlığa verdiyi töhfələrin bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliği istiqamətində böyük layihələr həyata keçirilir. Parisdə Luvr Muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Heydər Əliyev Fondu yaxından iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də fəaliyyətə başladığı qısa vaxt ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin həyata keçirilməsinə nail olub. “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri respublikamızın və xarici ölkələrin universitetlərində tədris olunur.
Ölkəmizdə unikal tolerantlıq mühitinin inkişafında və təbliğində hər birimiz maraqlı olmalıyıq. Akademik Kamal Abdullanın təbirincə desək, mədəni müxtəlifliyin qorunmasında dövlətlə yanaşı, vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumlar da təşəbbüs göstərməlidir.

Savalan Fərəcov