«Xocalı - arxadan atılan güllə,
   Xocalı - xalqımın faciəsidir.
   Xocalı - günahsız soydaşlarımın,
   Qisas çağırışı, fəryad səsidir».
   
   Varlığımı yox etməyə çalışan, köksümü eşim-eşim eşən, içi şeytan ordusunun sərxoş kafirləri ilə dolu tankların nəriltisinə, gurultusuna necə dözüm, Xocalım? Yaralarım çoxaldı - çağaların qundaqda öldürülüb, körpələrin oda atılanda. Qolu bağlı, qəlbi dağlı qız-gəlinin əsir aparılanda arxalarınca yana-yana baxıb qan ağladım, Xocalım!
   Səkkiz milyon övladlı anan Azərbaycandan imdad dilədin, ancaq səsinə, harayına səksənən olmadı - beş-on qeyrətlidən savayı. Qan gölündə çırpına-çırpına, dərddən udquna-udquna, tüstülənə-tüstülənə qaldın. Qoca tarix belə dəhşət, belə qəddarlıq, belə qırğın görməmişdi. Dost, qardaş deyib, süfrə başında oturtduğumuz düşmənlərimizin qəlbində bizə qarşı nə qədər nifrət, kin-küdurət varmış, ilahi? O müdhiş gündə qeyrətsizlərə qeyrət dərsi verib, mərdanəliyinlə heyrətə saldın, məəttəl qoydun məlunları, unudulmaz tarix, yeni salnamə yazdın Azərbaycana. Qan yaddaşımıza daha bir qanlı-qadalı gün yazıldı o gün. Dağda-daşda, qapqaranlıq meşələrdə, soyuq-sazaq düzəngahlarda nicat yolu axtardı günahsız kimsənələr. Sızım-sızım sızlayan, göyüm-göyüm göynəyən, çaşqın elin yaralarına məlhəm qoyub sarıdıqca odsuz-alovsuz yandım, Xocalım.
   «Xilaskar səhra qatarı»mıza dağlardan, daşlardan, meşə cığırlarından tapılıb gətirilən anasız, atasız qan ləkəli qundaqlardakı süd qoxulu körpələrə yardım edəndə əllərim əsir, dizlərim bükülürdü. Bu nə çovğun, nə boran, nə fəlakət idi, Xocalım, insan ürəyi necə tab gətirirdi bunlara?! Ağbirçəyini saç yolan, dərddən xəyala dalmış ağsaqqalını beli bükülən, arvad-uşağını şüvən qoparıb ağlayan gördüm. Bu bəla, bu soyqırımı yerdənmi gəlib tapdı səni, göydənmi yağdı başına? Torpağa toxum əvəzi ölüm əkən qəlpələrdən torpağını xilas edə bilmədik. Neçə-neçə igid oğlun düşmənlə vuruşub şəhid oldu. Eşim-eşim eşildin öz tarixi yurdunda. Oyum-oyum oylandın - dədə-baba oylağında. Yana-yana boylandın dərd - ələmlər içində, Xocalım! Hər cür ağrıya, hər cür yaraya tuş qəlbin. Bir şəhər, bir el-elat kimi Şəhid oldu. Əlidolu düşmən qarşısında əliyalın qaldın. Azdan-çoxdan eşitdiyinə görə, sakinlərin düşmən qarşısında polad kimi oldular: əyilmədilər, sındılar - yəni kişilərin «Qarabağ bizimdir!»- deyə öldürüldülər, qadınların namuslarını huşdan və candan olana qədər qorudular. Bu qeyrət, bu səbr, bu təmkin sənin bugünkü sakinlərinə ulu babalarımızdan miras qalıb, Xocalım! Səmasının durna səfi pozulan, dərdinə dərman tapılmayıb hələ də min yerə yozulan, bəşər tarixində misli görünməyən bir faciə şəhəri kimi tanınan şəhid Xocalım! Azərbaycanın əsir gəlini, səndən bir xahişim var: sıxılma, darılma, itirmə özünü düşmən önündə. Dözün, el qızları, zaman gələr xilas edər Azərbaycan əsgəri sizləri.
   Bəlkə də sənin başına gələn bu faciə bizi imtahana çəkir. Bizi daha dəyanətli, daha mətin, daha mübariz olmağa səsləyir.
   Ünvanı bəlli, qaçqın elli Xocalım! Sənin tarixi yaddaşın ilə qovuşub, o qanlı günlərinin ağrı-acısı, qovğası ilə yaşadım. Xəyalınla dərdləşdiyim üçün daxilən özümdə bir yüngüllük hiss edir və deyirəm:
   Ulu Tanrım! Xalqımızın dizinə təpər, yaddaşına qayım-qaltanlıq ver. «İbrət dərsi» imtahanlarına yaxşı hazırlaşmaq üçün bəsirət gözümüzə nur ver!..   

   Səbinə KƏRİMLİ