Zövqünə və istedadına inandığım Hafiz Qaralar “sənə bir kitab vermək istəyirəm” deyərək üzərində bir xanəndə şəkli olan kitabı mənə təqdim edəndə təəccübləndim. “Mənim musiqi, ifaçılıq sənəti ilə nə əlaqəm!”- deyə düşündüm. Ancaq “Ustadi-əzəm” adlı kitabı vərəqlədikcə ilk təəssüratımın yanlış olduğunu başa düşdüm.
      
   Ağakərim Nafiz İsrafilbəylinin müəllifi olduğu kitabda XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış, fəqət nədənsə məzarı kimi əsərləri də itib-batmış Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani adlı xanəndə, bəstəçi və şairin həyatından söz açılır.
   Kitabın redaktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin qeyd etdiyi kimi, bu işiylə bir “qədirşünaslıq örnəyi” göstərən A.Nafiz böyük sənət adamı Mirzə Məhəmmədhəsən haqqında uzun illərdən bəri böyük zəhmətlə topladığı materialları sistemləşdirərək, kitab şəklində oxuculara təqdim edir.
   Müəllif ilk olaraq, Şirvan musiqi mühiti barədə ta orta əsrlərdən üzübəri qısa və dolğun məlumat verir. Şamaxılı Mahmud ağanın maddi və mənəvi köməyi sayəsində yetişmiş xanəndələrdən olan Mirzə Məhəmmədhəsənin öz dövründə səsi, oxu məharəti, klassik musiqiyə və poeziyaya bələdliyi, eləcə də şairlik qabiliyyəti ilə müasirlərindən daha çox seçildiyini faktlarla üzə çıxarır. Təbii və oxunaqlı bir dillə yazılmış bu kitabın səhifələrindən ümumən yeni dövr Qafqaz musiqi dünyası boy göstərir, Qarabağ, Şamaxı və Tiflis musiqi məktəblərinin qarşılıqlı təsirləri görünür. Kitabda o dövrün məşhur sənətkarları Hacı Hüsü, Xarrat Qulu, Cabbar Qaryağdıoğlu və başqalarının Mirzə Məhəmmədhəsənlə toylarda, yaxud müsabiqələrdə yarışmaları, Seyid Əzim Şirvaninin Mirzə haqqında çox yüksək fikirləri ilə tanış oluruq.
   Müəllif Mirzə Məhəmmədhəsənin uşaqlığı, gəncliyi, bir xanəndə və bəstəçi kimi şöhrətinin zirvəsinə çatdığı illəri, nəhayət, qocalığı, həbsxana həyatı, sonra görmə və eşitmə qabiliyyətini itirməsi barədə təsirli və özünəməxsus bir dillə danışır, başlıcası danışdıqlarına oxucunu inandırır. Mirzə Məhəmmədhəsənin türk və fars dillərində düzüb-qoşduğu mahnı və təsnifləri sadalayan müəllif bu bəxtsiz xanəndə-şairin bəzi qəzəl və bayatılarından da örnəklər verir. Hələ 1916-cı ildə Mirzənin nasir Kərbəlayi Əbdüləli Əliyev tərəfindən Bakıda ərəb əlifbası ilə nəşr olunmuş “Nalə” mənzuməsini də müəllif bütövlükdə kitaba daxil edib. Xatırladırıq ki, klassik məsnəvi üslubunda yazılmış bu əsəri avtobioqrafik xarakterli mərsiyə də adlandırmaq olar.
   Bu kiçikhəcmli məsnəvini və əldə olan bir neçə klassik şer örnəklərini oxuduqca, müəllifinin, doğrudan da, nə vaxtsa mükəmməl divanı olduğuna, itmiş əsərlərinin haçansa tapılacağına inanmaq istəyirsən.
   
   Səyyad oxunu kəmanə qoydu,
   İki gözümü nişanə qoydu.
   ....Bu qədər fələkdə naz olurmu?
   Bir başə iki qapaz olurmu?
   ...Bir dürri-yetimdir qanan kəs,
   Qanmaz həmişə söyləyir nəs.
   Mirzə Məhəmmədhəsənin
   
   “Gəl ey qoyan gözümü
    hər dəm intizar, ölürəm,
   Tökür sirişkini bu dideyi-xunbar, ölürəm”
   
   beytli qəzəli xan qızı Natəvanın oğlunun gənc ikən vəfat etməsi münasibətilə bağlı yazdığı
   
   “Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
   Fəda olum sənə, gəl eylə imtahan, ölürəm”.
   
   qəzəlinə necə də bənzəyir?!
   
   Eləcə də
   
   “Yetişdi naqeyi-Leyli, nə yatmısan, Məcnun?
   Bu çöl sədalənibən huy-hay ilən doludur!
   
   misralari Füzulinin
   
   “Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə,
   Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs”
   
   beytini xatırladır.
   Klassik poeziyamızla bu səsləşmələr də bir daha təsdiq edir ki, Mirzə Məhəmmədhəsən ümumən bütün klassik Şərq poeziyasına yaxından bələd, geniş mütaliə və erudisiyalı, ensiklopedik biliyə malik bir şəxsiyyət olmuşdur.
   Yeri gəlmişkən deyək ki, o, musiqiyə kiçik yaşlarından mədrəsədə “Quran” oxumaqla başlayıb. Yəni dövrünün bütün savadlı adamları kimi, “Qurani-Kərim”i, hədis və təfsirləri də yaxşı bilib, ərəb, fars və türk dillərində olan ədəbi-bədii örnəklərə də bələd olub. Bu, Mirzənin çox az sayda bizə gəlib çatan qəzəl və başqa şeir nümunələrindən də aydınca görünür. Məsələn, onun fars dilində özünün qoşub, oxuduğu təsnifləri, deyilənə görə, hələ də unudulmayıb, İran müğənniləri tərəfindən indi də həvəslə oxunmaqdadır.
   Mirzə Məhəmmədhəsənin kitabda yer alan bayatılarındakı qəmli misralar onun acı taleyinə, uğursuz ahıl həyatına işıq tutur:
   
   ..Mən fələyə neylədim.
   Fələk mənə baxdı kəm.
   
   Namərdlərin şərləyib tutdurduqları xanəndə-şair bir müddət Tiflisin Metex həbsxanasında dustaq olur. Onun həbsxanaya aparılarkən oxuduğu
   
   Ay doğdu peşman-peşman,
   Gün çıxdı ona düşman.
   Elə yerdən aparın,
   Nə dost görsün, nə düşman.
   
   bayatısında kimsəsiz ustadın ümidsiz vəziyyətini bütün varlığımızla hiss edirik.
   Təəssüf ki, bizdən çox da uzaq olmayan bir zaman kəsiyində yaşamış bu bədbəxt taleli ustad sənətkarın nə bir lent yazısı, nə də dürlü forma və janrlarda yazdığı kifayət qədər əsərləri qalıb. Ya hansısa bir namərd onun yazdıqlarının çoxunu bilərəkdən məhv edib, ya həbs edilərkən əsərləri it-bata düşüb, ya da sadəcə o illərdə baş vermiş Şamaxı zəlzələsi evini tar-mar etdiyi kimi, mənəvi sərvətini də əbədi olaraq torpaqlara gömüb.
   Nə yaxşı ki, belə kimsəsiz istedadları həmişə yada salan, yazılarını, dağılmış evini, itmiş məzarını arayıb-axtaran fədakar insanlar var. Bir nəticə və təsəlli olaraq, deməliyik ki, xanəndə-şair Ağakərim Nafizin “Ustadi-əzəm“ kitabı Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvaninin həyat və yaradıcılığı barədə mümkün qədər dolğun məlumat verən dəyərli bir kitabdır.
   
   Zəkulla Bayramlı,
   filologiya üzrə fəlsəfə doktoru






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar