Azərbaycan
   
   12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906-10.6.1989) anadan olub. Böyük Vətən müharibəsi, Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məşhurluq qazanıb. Akademik Dram Teatrın direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olub.
   12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933-12.12.2002) anadan olub. Əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
   
   13 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899-12.4.1969) Bakının Fatmayı kəndində doğulub. “Görüş” filmində (Çayçı) çəkilib.
   13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında çalışıb. «Azərbaycanfilm», «Mosfilm» və s. kinostudiyalarda işləyib. “Uzaq sahillərdə” (1958) filmində Mixaylo rolu ilə böyük şöhrət qazanıb. “Əsl dost” (1959), “Bizim küçə” (1961), “Telefonçu qız” (1962) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 2003-cü ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.
   13 mart 1928 - Tanınmış skripkaçı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928-17.8.1994) anadan olub.
   13 mart 1994 - Görkəmli aktyor və rejissor Həsən Abbasqulu oğlu Əbluc (22.4. 1942, Təbriz - 1994) vəfat edib. Teatr, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maralı obrazlar yaradıb.
   
   14 mart 1919 - Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880, Naxçıvan - 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış yazarlarından olub.
   14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin (“Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin (“Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü” və s.), şeir, tərcümə, publisistik məqalələrin müəllifidir. Bir neçə filmə ("Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”) quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. “İstiqlal” ordeni, Heydər Əliyev Mükafatı ilə təltif olunub.
   14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı kəndində anadan olub.
   14 mart 1992 - Məşhur şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.
   
   15 mart 1878 - Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878-24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Şeir və poemalar yazıb, Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.
   15 mart 1893 - Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub. Görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın oğludur.
   15 mart 1893 - Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893-7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
   15 mart 1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   15 mart 1923 - Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub.
   15 mart 1923 - Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) anadan olub. Naxçıvan teatrında çalışıb.
   15 mart 1941 - Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
   15 mart 1941 - Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı) Quba rayonunun Cimi kəndində anadan olub.
   
   16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12. 1979) anadan olub. "Qafqaz" caz üçlüyü, "Leyli" və "Sevil" vokal qızlar ansamblları, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
   
   17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   17 mart 1919 - Görkəmli aktyor, rejissor, Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyəti, "Nicat" teatr cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolunu oynayıb.
   17 mart 1932 - Fəlsəfə elmləri doktoru Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Hürufilik, Nizami, Nəsimi, Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.
   
   Dünya
   
   12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
   12 mart 1737 - Məşhur arxitektor, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
   12 mart 1946 - Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub.
   
   13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
   13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
   13 mart 1906 - Rus kinorejissoru, ssenarist İsidor Annenski (1906-1977) anadan olub. "Azərbaycanfim"də çəkilən “Telefonçu qız” filminin (1962) ssenari müəllifidir (Həsən Seyidbəyli ilə müştərək).
   13 mart 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.
   
   14 mart 1681 - Alman bəstəkarı, musiqişünas Georg Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
   14 mart 1804 - Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
   
   14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.
   
   15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse, 1830-1914) anadan olub. Roman (“Əsrin uşaqları”, “Cənnətdə” və s.), novella, pyes və poetik topluların müəllifidir.
   15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanflim”in istehsalı olan “İyirmi altı komissar” (Şaumyan), “Ulduzlar sönmür” (Nərimanov) filmlərində çəkilib.
   15 mart 1932 - Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.
   15 mart 1937 - Tanınmış rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. “Mariya üçün pullar”, “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.
   
   16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
   16 mart 1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Romanoviç Belyayev (1884-1942) anadan olub. “Amfibiya-adam”, “Ariel” və s. əsərlərin müəllifidir.
   16 mart 1935 - Rusiyanın Xalq artisti, aktyor Sergey Yuryeviç Yurski anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) filmlərində çəkilib.
   16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s.
   
   17 mart 1856 - Polyak əsilli Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.
   17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjemançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” mükafatı laureatı olub.
   17 mart 1926 - Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. “Çörək və tamaşa”, “Alman dili dərsi” və s. əsərlərin müəllifidir.
   17 mart 1938 - Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.
   
   Hazırladı: Vüqar Orxan