Azərbaycan
   
   30 aprel 1880 - Milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.
   30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib.
   30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Əyyub oğlu Quliyev Ağdamda doğulub. Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının professorudur.
   30 aprel 1952 - Əməkdar artist Eldəniz Qeybulla oğlu Rəsulov anadan olub. “Sevinc buxtası” (Seyidov), “Babək” (Azin), “Anlamaq istəyirəm” (Zeynal), “Gümüşgöl əfsanəsi” (Fərid) və s. filmlərdə, teleseriallarda çəkilib. Filmlərin dublyaj və səsləndirilməsində fəal iştirak edir.
   
   1 may 1494 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) İraqın Kərbəla şəhərində doğulub. Şairin dəqiq təvəllüd tarixi bəlli deyil, bəzi mənbələrdə 1494-cü ilin mayı göstərilir. Türk bayat tayfasından olan Füzulinin ailəsi İraqa Azərbaycandan köçmüşdü. Şair Azərbaycan türkcəsi, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləri sırasına daxildir. Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
   1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-13.11.1976) anadan olub.
   1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Opera və Balet Teatrında Leyli, Gülnaz, Asya ("Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" - Üzeyir Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) və s. partiyalarda çıxış edib.
   1 may 1929 - Əməkdar jurnalist Sona Bağırova (1929-10.5.2001) anadan olub. Uzun illər “Azərbaycan gəncləri” qəzetində çalışıb.
   1 may 1934 - Yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5. 1995) Ağcabədi rayonunda anadan olub. “Həsrətin sonu”, “Özgə anası”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd” və s. kitabların, “Qatarda” pyesinin, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi” filmlərinin ssenari müəllifidir.
   1 may 1936 - Tanınmış dilçi və ədəbiyyatşünas, professor, AMEA-nın müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan türk ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. Türkiyə Cümhuriyyəti Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür.
   1 may 1938 - Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Əvəz oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Başkənd kəndində anadan olub. Milli Arxiv İdarəsinin rəisidir.
   1 may 1940 - Xalq artisti, tanınmış müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 1968-ci ildə respublika muğam festivalının qalibi olub. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir. “Gecə qatarında qətl” (1990) filmində epizodik rolda (mafiya üzvü) çəkilib.
   1 may 1941 - Xalq rəssamı Mayis Ağabəyov anadan olub. Əsasən kino və geyim rəssamlığı sahəsində tanınıb, 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt”, “Nəsimi (Məmməd Hüseynovla birgə), “Həyat bizi sınayır” (Fikrət Bağırovla birgə) və s.
   1 may 1946 - Bəstəkar Aydın Kərim oğlu Əzimov anadan olub. "Əmanət" musiqili komediyasının (libretto - V.Səmədoğlu), "Qətl günü", "Ümid" filmlərinə musiqinin müəllifidir.
   1 may 1950 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872-1950) vəfat edib. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   1 may 1959 - Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında (Gülnar - "Səni axtarıram", Mərcan - "Evləri köndələn yar"), filmlərdə (Sərvinaz - "Qaçaq Nəbi", Telli - "Bəyin oğurlanması", Sona - "İşarəni dənizdən gözləyin" və s.) yaddaqalan obrazlar yaradıb.
   
   2 may 1908 - İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistentidir.
   2 may 1920 - Əməkdar artist, görkəmli sənətkar Ətayə Qulam qızı Əliyeva (1920 - 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, 1956-cı ildən Akademik Dram Teatrında çıxış edib. Filmləri: “Onu bağışlamaq olarmı?” (leytenant Qarayeva - Sara xala), «Bizim küçə» (Bəyim xala), «Telefonçu qız» (Simuzər), «Uşaqlığın son gecəsi» (Mənsurə xala) və s.
   2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor Yusif Mirəhməd oğlu Seyidov Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
   
    Dünya
   
   30 aprel 1870 - Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qraf Lüksemburq”, “Qaraçı məhəbbəti”, “Eva”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.
   30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Pan Tenkratın əzabları”, “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.
   30 aprel 1926 - Amerika aktrisası Kloris Liçmen (Cloris Leachman) anadan olub. Filmləri: “Sonuncu kinoseans” (“Oskar”), “Gənc Frankenşteyn”, “Yüksəklik qorxusu”, “Dünya tarixi, birinci hissə”.
    30 aprel 1952 - Fransız rejissoru və ssenaristi Jak Odiar (Jacques Audiard) anadan olub. Filmləri: “Gör adamlar necə düşür”, “Dodaqlarından oxu” (9 “Sezar” mükafatı).
   
   1 may dünyanın bir çox ölkələrində “Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü” kimi qeyd olunur. Tarixi 1886-cı il mayın 1-də ABŞ-da (Çikaqo) keçirilən və gülləbaran edilən əməkçi nümayişləri ilə bağlıdır. 1889-cu ildə II İnternasionalın Paris konfransının qərarı ilə təsis edilib.
   1 may 1881 - Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
   1 may 1916 - Amerika kinoaktyoru Qlenn Ford (Glenn Ford - Gwyllyn Samuel Newton Ford; 1916-2006) anadan olub. Filmləri: “Apokalipsisin dörd atlısı”, “Supermen”, “Bir çəngə möcüzə”, “Çoban” və s.
   1 may 1924 - Rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
   1 may 1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.
   
   2 may 1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.
   2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
   2 may 1856 - Rus filosofu, ədəbiyyatşünas, yazıçı Vasili Rozanov (1856-1919) anadan olub. Kitabları: “Tərki-dünya”, “Fanilik”, “Tökülmüş yarpaqlar” və s.
   2 may 1902 - Avstraliya yazıçısı Alan Marşall (Marshall, 1902-1984) anadan olub. Avtobioqrafik trilogiyası (“Mən gölməçələr üzərindən tullana bilirəm” , “Bu, otdur”, “Mənim qəlbimdə”) ilə məşhurlaşıb. “Küləkdə pıçıltı”, “Biz də belə adamlarıq” romanlarının, uşaqlar üçün kitabların müəllifidir.
   2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, ssenarist, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
   2 may 1911 - Tacik şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunub.
   
   Hazırladı: Vüqar Orxan