İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna səfər edib.
   Dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezidentə parkda görülmüş abadlıq və quruculuq işləri barədə məlumat verilib. Parkda yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, bayraq meydanı yaradılıb. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.
   Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, bina ilə tanış olub.
   Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılmış, ulu öndərin büstü qoyulmuşdur. Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqlar var. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılıb.
   Mərkəzin kitabxanasında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər var.