Prezident İlham Əliyev oktyabrın 5-də tanınmış ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Abbas Zamanov zəngin elmi fəaliyyəti ilə milli ədəbiyyatşünaslığın məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərib.
   Sərəncamda Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə “Abbas Fəttah oğlu Zamanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli qərarının icrasını təmin etmək tapşırılıb.