Oktyabrın 15-dən 29-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Festival müddətində dünyanın tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaqlar. Oktyabrın 15-də Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə festivalın açılış mərasimi keçiriləcək. Caz musiqisi bayramı çərçivəsində konsert proqramları Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində keçiriləcək.
   Festivalda dünyanın məşhur cazmenləri, musiqi qrupları ilə yanaşı, tanınmış azərbaycanlı caz musiqiçiləri - Cəmil Əmirov və “Savab” qrupu, Salman Qəmbərov, Şahin Növrəsli, İsfar Sarabski, Amerikada yaşayan soydaşımız Amina Fiqarova və başqaları çıxış edəcəklər. Festival çərçivəsində “Yeni adlar” layihəsində gənc cazmenlərin çıxışı, görkəmli musiqiçi, bəstəkar Rafiq Babayevin 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.