O, Ağdamda ilk teatr truppası yaradanlardan olub

Ötən əsrin birinci yarısında bölgələrdə xalq teatrlarının yaradılmasında bir çox sənətkarlarımız böyük zəhmətlər çəkib. Ağdamda xalq teatrının yaradılmasında böyük xidmətlər göstərmiş sənətkarlarımızdan biri də Əməkdar artist Heydər Şəmsizadə olub.

Heydər Aslan oğlu Şəmsizadə 1905-ci ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa realnı məktəbində alıb. 15 yaşında ikən teatra maraq göstərir, Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” tamaşasında oynayır. Bununla da teatra qırılmaz tellərlə bağlanır...
1923-cü ildə Ağdamda Əməkdar incəsənət xadimi Əhməd Ağdamski, Əməkdar artist Qaflan Muradov və səhnədə ilk addımlarını atan Heydər Şəmsizadənin təşəbbüsü ilə Əbülhəsən Anaplı adına teatr truppası yaradılır. Bəzi çətinliklərə baxmayaraq, truppa fəaliyyətə başlayır. Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Süleyman Sani Axundovun “Laçın yuvası”, Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Hüseyn Cavidin “Şeyda” və Cəfər Cabbarlının “Aydın” əsərlərini uğurla tamaşaya qoyurlar. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur tədqiqatlarında qeyd edir ki, bu tamaşaların hazırlanmasında Heydər Şəmsizadə həm aktyor, həm də rejissor kimi çox böyük fəaliyyət göstərib...
Görkəmli səhnə ustaları Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Hüseynqulu Sarabski və Sidqi Ruhulla tez-tez Qarabağda qastrolda olurlar. Həmin vaxtlar Heydər Şəmsizadə bu sənətkarlarla yaxın münasibətlər qurur, tamaşalarda onlarla tərəf-müqabil olur. “Od gəlini”ndə Altunbay, “Oqtay Eloğlu”da Şəkinski və s. obrazları yaradır. O, unudulmaz sənətkar Bülbüllə “Arşın mal alan” tamaşasında səhnəyə çıxıb. Həmin günləri ömrünün ən xoş günləri hesab edib. Sonralar xatirələr kitabında bu haqda belə yazıb: “Bu hadisə 1923-cü ildə olub. O zaman Bülbül Əsgər, mən isə Süleyman bəy rolunda oynadıq. Bərk həyəcan keçirirdim... Ancaq tamaşadan sonra Bülbül əlimi sıxdı. Məni təbrik etdi və ən xoş arzularını bildirdi...”
1930-cu illərdə M.Kazımovskinin hazırladığı kiçik səhnəciklər çox məşhur idi. Heydər Şəmsizadə də bu görkəmli sənətkarın “Molla Cəbi”, Ə.Haqverdiyevin “Ağac kölgəsində” və s. tamaşalarda aktyor kimi çıxış edir, həm də ilk rejissorluq addımlarını atır. 1937-ci ildə Ağdam xalq teatrı dövlət teatrı statusu alır. Heydər Şəmsizadə teatrın bədii rəhbəri təyin edilir. O, teatrın repertuarına xüsusi diqqət ayırır, aktyorlara qayğı ilə yanaşır. “Vaqif”, “Fərhad və Şirin”, “Həyat”, “Od gəlini”, “Qaçaq Nəbi”, “Qatır Məmməd” və s. romantik-qəhrəmanlıq pafoslu tamaşalar hazırlayır.
Beləliklə, Heydər Şəmsizadə teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə 1943-cü ildə Əməkdar artist adına layiq görülür. Tədqiqatçı Maarif Teymur yazır ki, Ağdam teatrında onlarca tamaşaya rejissorluq edən H.Şəmsizadə həm də öz fərdi keyfiyyətləri ilə daima ön sıralarda olur, ümumittifaq festivallarında iştirak edir...
Heydər Şəmsizadə 1948-49-cu illərdə Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda rejissorluq üzrə təkmilləşdirmə kursu keçir. Sonra Aşqabadda işləmək üçün dəvət alır. Bir müddət orada rejissor kimi çalışır, yerli teatr kollektivinin və tamaşaçıların rəğbətini qazanır. 1960-cı ildə Azərbaycana qayıdaraq fəaliyyətini Ağdan Dövlət Dram Teatrında davam etdirir. Yaddaqalan tamaşalar yaradır. Bəxtiyar Vahabzadənin “Vicdan”, Səməd Vurğunun “Vaqif”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərlərinə səhnə həyatı verir. Sonrakı illərdə Anarın “Şəhərin yay günləri”, Altay Məmmədovun “Həmyerlilər” və s. əsərlərə quruluş verir, maraqlı tamaşalar hazırlayır.
Araşdırmalarda o da göstərilir ki, o, çox səliqəli və diqqətcil bir sənətkar olub. Tamaşa hazırlanarkən ən xırda təfərrüata belə diqqət yetirib. O, deyərmiş: “Səhnə həm də aktyorun evidir. Səhnəsiz həyatımı təsəvvür edə bilmirəm. Aktyor həyatda, həm də səhnədə zövqlü olmalıdır...”
Görkəmli sənətkar 1978-ci ildə 73 yaşında dünyasını dəyişib.

Savalan Fərəcov