Azərbaycan

5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacıbəylinin xalası oğludur. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
5 yanvar 1887 - Tanınmış tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb. Məşhur tarzən Bəhram Mənsurovun əmisidir.
5 yanvar 1910 - Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə”dən şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.
5 yanvar 1927 - Yazıçı Əlfi Səhlik oğlu Qasımov (1927-12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. «Odlu ürək», «Ulduz karvanı», "Şagird briqadaları", "Dnepr qəhrəmanı" kitabları, “Toy gecəsi”, “Adilənin taleyi” romanları, "Qızburunda tək məzar" povesti və s. əsərlərin müəllifidir.
5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.
5 yanvar 1949 - Əməkdar artist Kübra Əliyeva anadan olub. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.
5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm”, “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. "Yuğ" teatrında çalışır.

6 yanvar 1907 - Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundov), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.
6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb.
6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.

7 yanvar 1907 - Görkəmli geoloq, akademik Mirəli Seyidəli oğlu Qaşqay (1907 - 23.4.1977) Gəncədə anadan olub. "Azərbaycan mineral suları”, "Daşkəsənin petrologiyası və metallogeniyası” və s. qiymətli tədqiqat əsərlərinin müəllifidir.
7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair kitabların müəllifidir.

8 yanvar 1920 - Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920 - 23.11.1999) Bakıda anadan olub. “Səbuhi” (Tubu), “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatına layiq görülüb.

9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-12.1.1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. Batumidə teatr tamaşalarında, 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Milli Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub.
9 yanvar 1930 - Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.
9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında çalışıb. «İlham» Miniatür Teatrını yaradıb. “Qayınana”, “Bəyin oğurlanması”, “Qızıl qaz” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. 2005-ci ildən Musiqili Komediya Teatrında aktyor-rejissor işləyir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
9 yanvar 1991 - “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (16.12.1961 - 1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dünya

5 yanvar 1921 - İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” psixoloji detektiv romanları, “Yaşlı xanımın gəlişi” pyesi və s.
5 yanvar 1931 - Amerika aktyoru Robert Selden Düval (Robert Selden Duvall) anadan olub. Filmləri: “İncə mərhəmət” (“Oskar”, 1983), “Xaç atası”, “Apokalipsis bu gün” və s.
5 yanvar 1932 - İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü”, “Açıq əsər” elmi tədqiqatları və s.

6 yanvar 1822 - Tanınmış alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann, 1822 - 1890) anadan olub.
6 yanvar 1872 - Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemalarının, simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.
6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 - 1933) anadan olub.
6 yanvar 1911 - SSRİ Xalq artisti, aktyor Nikolay Afanasyeviç Kryuçkov (1911 - 1994) anadan olub. “Bakının işıqları” (1950) filmində (Paramonov) çəkilib.
6 yanvar 1938 - Məşhur italyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentano (Adriano Celentano) anadan olub. Filmləri: “Serafino”, “Milanda superoğurluq”, “İnadkarın ram edilməsi”, “Dəlicəsinə vurulmuş” və s.

7 yanvar 1906 - Litva şairi və yazıçısı Antanas Venclova (1906 -1971) anadan olub.
7 yanvar 1911 - SSRİ Xalq artisti, aktrisa Mariya Vladimirovna Mironova (1911-1997) anadan olub. Filmləri: “Volqa-Volqa”, “Biz sizinlə haradasa görüşmüşük” və s.
7 yanvar 1925 - İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Heyvanlardan bəhs edən 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.
7 yanvar 1964 - Amerika aktyoru, rejissor və prodüser Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Məşhur kinorejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda özünü təsdiqləmək üçün soyadından imtina edib. Filmləri: “Sifətsiz”, “Mələklər şəhəri”, “Ölüm öpüşü”, “Las-Veqası tərk edərkən” (“Oskar”, 1996) və s.

8 yanvar 1824 - İngilis yazıçısı Uliki Kollinz (William Wilkie Collins, 1824 - 1889) anadan olub. “Aylı daş”, “Ağpaltarlı qadın”, “Qanun və qadın” romanlarının müəllifidir.
8 yanvar 1910 - Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.
8 yanvar 1935 - Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub. “Rok-n-roll”un kralı, XX əsr musiqisinin ən məşhur nümayəndələrindən biri kimi dünya musiqisi tarixinə düşüb. Ümumi tirajı 1 milyard olan 150-dən çox albomu işıq üzü görüb.
8 yanvar 1941 - Britaniya aktyoru, ssenarist, prodüser, bəstəkar Qrehem Çepmen (Graham Arthur Chapma, 1941 - 1989) anadan olub.

9 yanvar 1590 - Fransız monumentalist rəssamı Simon Vue (Simon Vouet, 1590 - 1649) anadan olub.
9 yanvar 1890 - Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 - 1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.
9 yanvar 1908 - Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s. Məşhur filosof Jan-Pol Sartrın həyat yoldaşı olub.

Hazırladı: Vüqar Orxan